67b6627f-a863-4c48-b2db-7b3549b503f2..jpg

Anası ilə birlikdə tarix yazan azərbaycanlı Ancelina: “Evdə ancaq idman barədə danışırıq” – MÜSAHİBƏ

Baxış sayı: 513 dəfə baxılıb.

Anası ilə birlikdə tarix yazan azərbaycanlı Ancelina: “Evdə ancaq idman barədə
danışırıq” – MÜSAHİBƏ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qadınlardan ibarət Azərbaycan millisi AVRO-2025-in seçmə mərhələsində Litva və
Belçikaya məğlub olsa da, həmin görüşlərdə tarixi hadisə baş verib.

Belə ki, yığmamızın heyətində meydançaya çıxanlar arasında Tatyana Deniskina
və onun qızı Ancelina İsmayılova da olub. Ana və övladın komanda yoldaşı kimi
çiyin-çiyinə mübarizə aparması dünya idmanı tarixində nadir baş verən
hadisələrdəndir.

Azərbaycanın U-16 millisinin heyətində qızlar arasında Avropa çempionatının C
divizionunun qalibi olan Ancelina İsmayılova “Report”a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik?

– Basketbola gəlişiniz necə baş verib?

– İdmançı ailəsində doğulduğum üçün idman uşaqlıqdan həyatımda olub. Atam cüdo
məşqçisidir. Mən də ilk olaraq məhz cüdoya getmişəm. Hətta Azərbaycan
çempionatının medalçısı da olmuşam. Anam uşaqlara məşq keçməyə başladıqdan
sonra isə bəzən onun yanına məşqə gedirdim. Bu idman növünü bəyəndim və anamla
basketbol oynamağa başladım. Hobbim tədricən peşəkar fəaliyyətə çevrildi.

– Özünüz sevdiyiniz üçün, yoxsa ananızın təkidi ilə basketbola keçdiniz?

– Anam peşəkar basketbolçu olsa da, məni buna heç vaxt məcbur etmədi. O,
istənilən qərarımda mənə dəstək olmağa hazır idi. Yəni öz istəyimlə basketbola
başladım.

– Azərbaycanda basketbol elə də populyar deyil. Bu idman növünü seçməyin hansı
çətinlikləri var?

– Əslində, hesab edirəm ki, basketbol ən yaxşı idman növlərindən biridir və
digər ölkələrdə çox populyardır. Azərbaycanda uşaqlar və onların valideynləri
arasında yeni populyarlıq qazanmağa başlayır. Düşünürəm ki, zaman keçdikcə
Azərbaycanda çoxları bu idman növünü seçəcək.

– Dediniz ki, idmançı ailəsində doğulmusunuz. Maraqlıdır, evdə atmosfer necə
olur, yalnız idman barədə danışırsınız?

– Bəli, təbii olaraq evdə basketbol, ümumiyyətlə, idman barədə çox danışırıq.
İdmançı ailəsindənik, hətta kiçik qardaşım da basketbol oynayır. Buna görə
idman həyatımızda mühüm yer tutur.

– AVRO-2025-in seçmə mərhələsində, Litva və Belçika ilə oyunlarda ananızla
birgə çıxış etməklə Azərbaycan basketbolunun tarixinə düşdünüz. Bu necə hissdir?

– Bildiyim qədərilə, bu, həm də Avropa çempionatı tarixində bir ilkdir.
Əslində, bu səviyyədə bir yerdə oynamaq bizim arzumuz idi. Anamla komanda
yoldaşı olmaq çox maraqlı idi. O, təcrübəli basketbolçudur. Bu da mənim üçün
böyük təcrübədir.

– Oyunlar zamanı ananız sizə çox irad bildirir?

– Anam həmişə mənə dəstək olur və faydalı məsləhətlər verir.

– Uşaqlıqda hansı basketbolçunu özünüzə örnək götürmüsünüz?

– Tamika Ketçinqsi çox bəyənirdim. Onun adı 2020-ci ildə “Şöhrət zalı”na əlavə
olundu. Basketbola başladığım akademiya da onun adını daşıyır.

– WNBA-nı izləyirsiniz? Azarkeşi olduğunuz basketbolçu və komanda var?

– WNBA-da çıxış edən “Nyu-York Liberti” klubunu bəyənirəm. Sevimli oyunçularım
isə Sabrina İonesku və Brianna Stüartdır.

– Azərbaycanda kişi basketbolu daha sürətlə inkişaf edir. Qadın basketboluna
münasibətdən razısınız?

– Düşünürəm ki, qadın basketbolunun inkişafının başlanğıcındayıq. Artıq yaxşı
nəticələrimiz var. Bu il U-16 yığmamız Avropa çempionu olub. Azərbaycanda
kişilər arasında çempionat ikinci mövsümdür keçirilir. Bu üzdən kişi basketbolu
sürətlə inkişaf edir. Biz də qadın basketbolunun ölkədə daha da populyarlaşması
və güclənməsi üçün qadınlar arasında Azərbaycan çempionatını səbirsizliklə
gözləyirik.

– Gələcəklə bağlı ən böyük hədəfiniz nədir?

– Gələcəklə bağlı hədəfim Avropada oynamaq və WNBA-ya düşməkdir. Bilirəm ki,
yol çox çətin və uzundur. Öz üzərimdə çox çalışmalıyam. Ancaq məqsədimə çatmaq
üçün çox şey etməyə hazıram.

Source link