Anastasiyanın ərinin vəkilindən ittihamlara cavab: “Arvadı da bir neçə dəfə
ona əl qaldırıb” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirdiyini iddia edən
Anastasiya Bektimirovanın yaydığı videomüraciət ötən gün gündəm yaradıb.
Bektimirova sosial şəbəkə hesabı üzərindən paylaşdığı müraciətdə gözünü
itirməsinə səbəb olan əri Yalçın Bektimirova 2 il həbs cəzası verilməsindən,
həmçinin cəza müddəti bitdikdən sonra yenidən bir evdə yaşaya biləcəklərindən
şikayətlənib.
Media.Az xəbər verir ki, Yalçın Bektimirovun vəkili Siyasət Sultanlı
müvəkkilinə qarşı ittihamlara aydınlıq gətirib.
O, açıqlamasında Daxili İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunanları
bir daha təsdiq edib. Vəkil A.Bektimirovanın gözünü xəsarət səbəbindən deyil,
xəstəlikdən itirdiyini bildirib. Onun sözlərinə görə, bu, ibtidai və məhkəmə
istintaqı dövründə ekspert rəyləri ilə sübuta yetirilib.
“Mütəxəssislərin rəyinə görə, Anastasiyanın sol gözünün sklerasının
yırtılmasına səbəb onun aldığı xəsarətə görə deyil, göz toxumalarının
qidalanmaması və orqanının tam funksiyasını itirməsi olub. Amputasiya və
protezin yerləşdirilməsi ərinin yetirdiyi xəsarətə görə deyil, uşaqlıqdan
əziyyət çəkdiyi xroniki xəstəlik və sonradan xəstəliyin qlaukoma ilə
nəticələnən ağırlaşmasına görə həyata keçirilib. Onun gözü artıq çoxdan işığa
reaksiya vermir.
Ona görə də müvəkkilimə cəmi iki il həbs cəzası verilib. Təbii ki, bu ona haqq
qazandırmır, mən hər hansı zorakılığın əleyhinəyəm. Bizdə bu cür hadisələr
kifayət qədər çoxdur: ərlər arvadlarını, bəzən isə qadınlar ərlərini döyürlər.
Sadəcə olaraq mentalitetimizə görə güclü cinsin nümayəndələri onlara qarşı
şikayət ərizəsi yazmırlar. Arvadı da bir neçə dəfə ona əl qaldırıb, hətta bu
faktı təsdiqləyən fotoşəkillər də var”.
Vəkilin sözlərinə görə, Bektimirovanın hazırda əsas məqsədi paytaxtın Yasamal
rayonunda yerləşən mənzilin yeganə qanuni sahibi olmaqdır. Lakin mənzilin
ipotekası Bektimirovun adına verilib.
“Yalçın neft şirkətində yüksək vəzifədə işləyib və çox yaxşı maaşı var idi.
Buna görə də uzun müddətdir ki, ipotekanı məhz o ödəyib. Anastasiyanın pul
verdiyinə dair ifadəsi doğru deyil. Bektimirov xarici dilləri bilir, parlaq
karyerası olub, amma indi hər şeyi itirib”, – deyə S.Sultanlı yekunlaşdırıb.