Ankaradakı beynəlxalq xeyriyyə tədbirində ən çox üstünlük Azərbaycan plovuna
verilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu gün Türkiyənin paytaxtı Ankarada Türkiyə Xarici İşlər Tərəfdaşları
Xanımlarının Həmrəylik Dərnəyinin (DMEDD) rəhbərliyi ilə beynəlxalq tədbir
keçirilib.
“Report”un xəbərinə görə, beynəlxalq xeyriyyə bazarında Ankarada fəaliyyət
göstərən 40-dan çox ölkənin diplomatik nümayəndələri, onların həyat yoldaşları
iştirak edib, o cümlədən mətbuat nümayəndələri, paytaxt sakinləri qatılıblar.
Tədbirdə Azərbaycanın Türkiyədəki Səfirliyinin təşkilatçılığı ilə iki stenddə
ölkəmizə məxsus məhsullar nümayiş etdirilib. Səfir Rəşad Məmmədovun xanımı
Günel Məmmədovanın rəhbərliyi ilə təşkil olunan stendlərdən birində
Azərbaycanın çeşidli milli yeməkləri, digərində ölkəmizə məxsus müxtəlif
konservləşdirilmiş məhsullar, şərab növləri, kiçik xalça nümunələri və digər
suvenirlər nümayiş olunub.
Sərgidə əsasən Asiya ölkələrinə məxsus çeşidli plovlar olsa da, ən çox
üstünlük Azərbaycan plovuna verilib. Bundan başqa Azərbaycan şərabları da
ziyarətçilərin marağına səbəb olub.
Tədbirin bədii hissəsində Azərbaycan, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti,
Tailand, Çin, Filippin, Banqladeşə məxsus rəqs və şou nümunələri təqdim edilib.
Azərbaycan milli rəqsləri rəğbətlə alqışlanıb.
Türkiyə Xarici İşlər Tərəfdaşları Xanımlarının Həmrəylik Dərnəyinin (DMEDD)
rəhbəri Şəbnəm Akçapar bildirib ki, tədbirin ərsəyə gəlməsində rəhbərlik etdiyi
təşkilatın, o cümlədən xaricdə və Ankarada fəaliyyət göstərən diplomatik
nümayəndəliklərin mənsublarının və həyat yoldaşlarının səkkiz aylıq əməyi var.
Ankarada fəaliyyət göstərən Azərbaycan, Küveyt, İraq, Makedoniya, Özbəkistan,
Şimali Kipr Türk Cümhuriyyəti, Niderland, Dominikan, Filippin, İran stendində
təmsil olunan diplomatik nümayəndələr açıqlamalarında xeyriyyə tədbirini yüksək
dəyərləndiriblər.
Qeyd edək ki, DMEDD 24 sentyabr 1981-ci ildə Türkiyənin xaricdəki
nümayəndəliklərində xidməti vəzifələrini yerinə yetirərkən şəhid olan
diplomatların və digər nazirlik işçilərinin həyat yoldaşlarının, övladlarının
çətin anlarında yanında olmaq məqsədi ilə yaradılıb.
Dərnək illər ərzində öz fəaliyyət sahələrini inkişaf etdirərək, xüsusilə
təhsil və səhiyyə sahələrində bir çox yardım fəaliyyətləri həyata keçirib və bu
fəaliyyətləri davam etdirir.