Ankaradakı terror aktının baiskarı məlum oldu – YENİLƏNİB + FOTO/VİDEO
Kürd terror təşkilatı PKK Ankarada Daxili İşlər Nazirliyinin binası
yaxınlığında törədilən terror aktına görə məsuliyyəti üzərinə götürüb.
Hadisənin bəzi yeni təfərrüatı məlum olub. Bildirilir ki, terrorçular əraziyə
gəldikləri avtomobili qaçırıb, sahibini isə öldürüblər.
12:46
Türkiyə Baş Prokurorluğu Daxili İşlər Nazirliyinin binası yaxınlığında
törədilən terror aktı ilə bağlı araşdırmalara başlayıb.
Bu barədə prokurorluğun açıqlamasında bildirilib.
Bundan əlavə, Ankaranın cinayət məhkəməsi mediaya yayım qadağası tətbiq etmək
qərarına gəlib. Qadağa istintaqa xələl gətirə biləcək və ya ictimai iğtişaşlara
səbəb ola biləcək məlumatların mediada dərcinə şamil edilir.
Qeyd edək ki, bu gün səhər saatlarında iki terrorçu Daxili İşlər Nazirliyinin
binası yaxınlığında partlayıcını işə salıb. Qısamüddətli atışmadan sonra
terrorçulardan biri zərərsizləşdirilib. Hadisə nəticəsində iki polis əməkdaşı
xəsarət alıb.
12:18
Ankarada Türkiyə Daxili İşlər Nazirliyinin binası yaxınlığında terror aktı
törədilib, iki polis yaralanıb.
Bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya bildirib.
O qeyd edib ki, terrorçulardan biri özünü partladıb, digəri isə
zərərsizləşdirilib.
11:31
Türkiyənin paytaxtı Ankarada Daxili İşlər Nazirliyinin binası yaxınlığında
partlayış baş verib, yaralı var.
Bu barədə “CNN Türk” məlumat yayıb.
Qeyd olunub ki, hadisə yerinə çoxlu sayda polis və həkim briqadası gəlib.
Partlayışdan əvvəl atışma olduğu barədə də məlumat yayılıb.
Ərazidə avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya mediaya açıqlamasında bildirib
ki, bu gün səhər saatlarında Daxili İşlər Nazirliyinin Mühafizə Baş İdarəsinin
giriş qapısının qarşısında iki terrorçu bombalı hücum həyata keçirib.
Onun sözlərinə görə, hadisə zamanı 2 polis xəsarət alıb.
telegram.org