bce284c9-95b1-48aa-84f4-b899c7653991..jpg

Ankaradan İrəvana yeni mesajlar: Ermənistan öz taleyini düşünməlidir – ŞƏRH + FOTO

Baxış sayı: 753 dəfə baxılıb.

Ankaradan İrəvana yeni mesajlar: Ermənistan öz taleyini düşünməlidir – ŞƏRH +
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Cənubi Qafqaz regionunda baş verən müxtəlif hadisələrdə Azərbaycanın
yanında olmağa, proseslərə adekvat reaksiya verməyə davam edir.

Aprelin 25-də Türkiyə Böyük Millət Məclisi (TBMM) Xarici əlaqələr komitəsinin
sədri, ölkənin keçmiş vitse-prezidenti Fuat Oktayın Bakıda keçirilən Türk
Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci
iclasında səsləndirdiyi fikirlər də bu baxımdan xüsusi əhəmiyyətə malikdir. O,
bəzi məsələlərlə bağlı Ankaranın mövqeyini aydın formada ortaya qoyub. Komitə
sədri söyləyib ki, Ankara Ermənistanın Qazaxın işğal altındakı dörd kəndi
diplomatik yolla Azərbaycana qaytarmasını alqışlayır.

Xatırladaq ki, 2024-cü il aprelin 19-da Azərbaycan və Ermənistan arasında
sərhəddə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan baş
nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Bakı və İrəvan arasında dövlət
sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın
səkkizinci görüşü keçirilib. Görüşdə Qazax rayonunun dörd kəndinin Azərbaycana
qaytarılması barədə Ermənistanla razılıq əldə olunub. Dünya ictimaiyyəti bu
prosesi alqışlayıb və bunu sülhə töhfə kimi qiymətləndirib.

Ümumiyyətlə, rəsmi Ankara bir çox Qərb dövlətlərindən və vasitəçilik
iddiasında olan aktorlardan fərqli olaraq İrəvanla Bakı arasında münasibətlərin
normallaşmasında və yekun sülh sazişinin imzalanması məsələsində tam səmimidir.
Çünki regional sülh və sabitliyin təmin olunması Türkiyənin özü üçün də
əhəmiyyətlidir. Üstəgəl, unutmaq olmaz ki, Bakı və Ankara strateji müttəfiqdir
və İrəvanla Ankara arasında münasibətlərin normallaşması birbaşa
Ermənistan-Azərbaycan münasibətlərinin inkişaf perspektivindən asılıdır.

Hazırkı proseslər onu deməyə əsas verir ki, Ermənistan və Azərbaycan arasında
ikitərəfli razılıqların davamı gələcək. Bu da sülh sazişinin imzalanmasını daha
da yaxınlaşdırır.

F.Oktayın sözlərinə görə, Zəngəzur dəhlizinin də qısa zaman ərzində açılması
vacib və əhəmiyyətlidir:

“Bu xəttin açılması ilə Türkiyə tarixi türk coğrafiyasına bağlanacaq. Bu da
türk dünyasının daha da güclənməsi və inkişafına şərait yaradacaq. Bu dəhlizin
açılması eyni zamanda Ermənistan üçün də son dərəcə vacibdir. Bununla də
bölgədə sülhün əldə olunması təmin oluna bilər”.

İstisna deyil ki, növbəti razılıqlardan biri məhz Zəngəzur dəhlizi ilə bağlı
olacaq. Doğrudur, bunu istəməyən və Ermənistana təzyiq göstərən oyunçular heç
də az deyil. Amma İrəvan unutmamalıdır ki, onun regiondakı mövcudluğu qonşu
ölkələrlə iqtisadi əlaqələrdən xeyli dərəcədə asılıdır. Bu baxımdan Zəngəzur
dəhlizinin açılması müstəsna dəyərə malikdir.

Ermənistanın iqtisadi imkanlarının Azərbaycanın mövcud potensialından qat-qat
az olduğunu nəzərə alsaq, deməliyik ki, kommunikasiya xətlərinin açılması,
doğrudan da, İrəvan üçün həyati əhəmiyyətlidir. Sadəcə olaraq indiki halda
Ermənistan baş naziri Nikol Paşinyan və onun komandası siyasi iradə
göstərməlidir. Çünki Zəngəzur dəhlizinin açılması ilə Ermənistanın Azərbaycan
və Türkiyə ilə əlaqələri daha da inkişaf edə bilər. Bu isə İrəvanın xüsusilə
Rusiya və Qərbin timsalında xarici güclərin təsirindən qorunması deməkdir.

F.Oktay, həmçinin əlavə edib ki, türk dövlətlərinin bir-biri ilə əlaqələrinin
gücləndirilməsi və bunun gələcək nəsillərə ötürülməsi əsas hədəflər arasındadır:

“Türk dövlətlərinin sevinci və kədəri hər zaman ortaqdır”.

Azərbaycanın da mövqeyi bu istiqamətdədir. Rəsmi Bakı bunu dəfələrlə bəyan
edib. Məsələn, Prezidentİlham Əliyev fevralın 14-də keçirilən andiçmə
mərasimindəki nitqində qeyd etmişdi:

“Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində səylərimizi davam etdirəcəyik.
Bu, bizim üçün prioritetdir. Bizim başqa ailəmiz yoxdur”.

Mövcud geosiyasi mənzərə və baş verən proseslər onu deməyə əsas verir ki, həm
Bakı, həm də Ankara üçün ən etibarlı qurum məhz TDT-dir. TDT üzvləri arasında
müxtəlif sahələrdə, o cümlədən siyasi, hərbi və iqtisadi sahədə əməkdaşlıq da
belə düşünməyə əsas verir.

F.Oktayın toxunduğu başqa bir məsələ Azərbaycan-Ermənistan münasibətləri ilə
bağlıdır. O qeyd edib ki, Türkiyənin Ermənistanla münasibətləri barədə mütəmadi
şəkildə Azərbaycanla məsləhətləşmələr aparılır:

“Türkiyə-Ermənistan sərhədlərinin açılmasının başlıca şərti Qarabağ
məsələsinin tamamilə həll olunması və Azərbaycanla sərhədlərin
dəqiqləşdirilməsidir. Dolayısı ilə baş verən hadisələr fonunda və sülh
sazişinin imzalanması nəticəsində digər məsələlər müzakirə oluna bilər.
Ümumilikdə isə Azərbaycan və Ermənistan arasındakı münasibətlər Türkiyə ilə
rəsmi İrəvan münasibətlərinə də təsir edir”.

Bu, Ermənistan üçün ciddi ismarışdır. Belə ki, Ankara ilə münasibətlərin
inkişafında maraqlı olan Ermənistan hakimiyyəti bilməlidir ki, bu, Azərbaycanın
maraqları nəzərə alınmadan mümkün deyil. Odur ki, İrəvan əvvəlcə Bakı ilə
münasibətlərin normallaşmasına çalışmalıdır.

İkincisi, F.Oktay dolayısı ilə bir daha diqqətə çatdırıb ki, Ermənistanın
havadarlarının dəstəyinə bənd olmasına dəyməz, çünki Türkiyə də Azərbaycanın
yanındadır.

“Qarabağ probleminin həll olunması Türkiyə və Azərbaycanı sevindirsə də, digər
tərəfdən Fransanı, Avropa İttifaqındakı bəzi ölkələri, ABŞ-ni narahat edir”, –
deyən F.Oktay bildirib ki, Ermənistan bundan sonra enerjisini iqtisadi inkişafa
yönəltməlidir.

Hazırda Ermənistana sponsorluq və havadarlıq etmək istəyən iki əsas güc var –
ABŞ və Fransa. Bu ölkələr ATƏT-in keçmiş Minsk qrupunun iki həmsədri kimi 30 il
ərzində Qarabağ münaqişəsinin həllinə heç bir töhfə verməyiblər. Hətta İkinci
Qarabağ müharibəsindən sonrakı dövrdə də adıçəkilən oyunçuların müsbət
addımlarını görməmişik. Bunu N.Paşinyan və komandası da yaxşı bilir.

Beləliklə, F.Oktay Ermənistana və onun havadarlarına bir daha aydın mesajlar
verib, Türkiyənin mövqeyini ortaya qoyub. İrəvan bütün bunlardan dərs
çıxarmalıdır.

“Report” İnformasiya Agentliyi

Source link