01f492cb-1f07-4e40-9702-b92da78e1973..jpg

Anti-Rusiya sanksiyaları: Ermənistan Qərbin məhdudiyyətlərini necə sabotaj edir?

Baxış sayı: 664 dəfə baxılıb.

Anti-Rusiya sanksiyaları: Ermənistan Qərbin məhdudiyyətlərini necə sabotaj
edir?

Ötən ilin fevralında Ukraynaya qarşı başlatdığı müharibəyə cavab olaraq Rusiya
artıq 17 aydır sərt iqtisadi məhdudiyyətlər altındadır. Ötən dövr ərzində bu
ölkə sanksiyalardan dolayı yüksək yarımkeçiricilərin, telekommunikasiya
avadanlıqlarının, elektron hissələrin və digər vacib texnoloji elementlərin
tədarükünə birbaşa çıxışı itirib. Bu cür sərt məhdudiyyətlərin tətbiqinin əsas
məqsədi Rusiyanı texnoloji cəhətdən geri salmaqla yüksək texnoloji silah
istehsal etmək və nəticə etibarı ilə də müharibəni davam etdirmək imkanlarını
heçə endirməkdir. Bəs ABŞ və onun qərb müttəfiqləri bu məqsədə nə dərəcədə nail
ola biliblər?

Rusiya növbəti dəfə “Bulanıq suda balıq tutmaq”la məşğuldur

Əvvəldən də bəlli idi ki, Rusiya mövcud məhdudiyyətlərlə barışmaq niyyətində
deyil. Ona görə də şimal qonşumuz tez bir zamanda “boz idxal” və ya
sanksiyalardan yayınma sxemini işə saldı. Sanksiyaların təsiri altında olan
məhsulların ölkəyə gətirilmə kanallarını gizlətmək və həmin ölkələri ikinci
dərəcəli sanksiyalardan qorumaq üçün isə ötən ilin aprelindən xarici ticarətlə
bağlı statistika məxfiləşdirildi.

Müharibə aparan Rusiya üçün müdafiə sənayesini funksionallığını qoruyub
saxlamaq əsas prioritetə çevrildi. Avropa İttifaqı, ABŞ və “Böyük yeddiliyin”
digər ölkələri tərəfindən Rusiyaya ən müasir yarımkeçiricilərin və ikili
təyinatlı (mülki məqsədlər üçün istifadə edilsə də, eyni zamanda kütləvi qırğın
silahları və onların çatdırılma (daşınma) vasitələrinin, digər silah
növlərinin, hərbi texnikanın, sursatın yaradılmasında və hazırlanmasında
istifadə oluna bilən) digər malların ixracına sərt məhdudiyyətlər tətbiq etməsi
müdafiə sənayesi üçün ciddi zərbə ola bilərdi. Bunu gözə alan Rusiya Ukraynaya
hücum ərəfəsində aktiv şəkildə çip ehtiyatını artırmaqla məşğul idi. Lakin
hərbi əməliyyatların miqyasından dolayı həmin ehtiyatlar qısa zaman sonra
tükənməyə başladı. Yarımkeçiricilərə, yüksək texnoloji maşın və mexanizmlərə
olan tələbatı ödəmək üçün Rusiya Ermənistan üzərindən “boz idxal” həyata
keçirməyə başladı.

Ermənistan Rusiyanın “boz idxal”ının lokomotivinə çevrilib

Ermənistan sözün həqiqi mənasında Rusiyaya ixracı qadağan olunan malların
həmin ölkəyə aşırılması sayəsində vahid liderə çevrilib. “Yaxın xarici” ölkələr
arasında Rusiyaya məhsul ixracını ən çox artıran məhz Ermənistan olub. Bu ilin
ilk yarısında bu ölkədən Rusiyaya ixrac 3 dəfə artaraq 1,7 milyard ABŞ
dollarına çatıb. Bu, müasir Ermənistan tarixində ilk 6 ay üzrə rekord həddir.
Ermənistan statistikasında Rusiyaya hansı məhsulların ixrac olunduğu
göstərilməsə də ixracın məhsullar üzrə təsnifatı söhbətin hansı təyinatlı
məhsullardan getdiyini deməyə əsas verir.

Bir il əvvəlki göstəricilər ilə müqayisədə Ermənistanda bu ilin altı ayında
kompüter, elektron və optik avadanlıq istehsalı dəyər ifadəsində 11%, elektrik
avadanlıqlar istehsalı 18%, maşın və avadanlıq istehsalı 24% azalaraq toplam
olaraq 53,9 milyon ABŞ dolları təşkil edib. Bunun müqabilində ölkə xaricə
maşın, avadanlıq və mexanizmlərin ixracını hesabat dövründə 8,4 dəfə artıraraq
567 milyon ABŞ dollarına çatdırıb. Ermənistan hətta tarixində ilk dəfə olaraq
çip ixracı üzrə dünya liderlərinin ilk 5-liyinə daxil olaraq 4-cü yerdə
qərarlaşıb. Sonuncu hal qlobal mediasının diqqətindən kənarda qalmayıb və
araşdırmalar nəticəsində bir çox qaranlıq məqamlar üzə çıxıb. Belə ki,
Rusiyanın Müdafiə Nazirliyi və Federal Təhlükəsizlik Xidməti ilə sıx əlaqələri
olan yerli elektronika istehsalçısı və mikroprosessorlar işləyib hazırlayan
“Milandr” şirkəti müharibədən iki ay sonra Ermənistanda “Milur Electronics LLC”
adlı uydurma korporasiya yaradır. Bundan sonra “Milandr” müharibəyə kimi əsas
tədarükçüsü olan qlobal çip nəhəngi TCMS-ə (Semiconductor Manufacturing Co.)
çip sifarişini “Sharp Edge Engineering” adlı saxta Tayvan şirkəti vasitəsilə
yerləşdirməyə başlayır. Həmin çiplərin Rusiyaya çatdırılması isə Ermənistandakı
həmin “Milur Electronics LLC” vasitəsilə həyata keçirilib. Bu həcmdə çipin
ölkəyə gətirilib daha sonra Rusiyaya ötürülməsinin Ermənistan rəsmilərinin
diqqətindən kənarda qalması mümkünsüzdür. Yəni proses ən yüksək səviyyədə
himayə olunub.

Ermənistanın “ABŞ-Gürcüstan-Ermənistan-Gürcüstan-Rusiya” sxemi ifşa edildi

Ermənistan tək çiplərin təkrar ixracı ilə kifayətlənməyib. O, “asta qaçan
namərddir” deyib əli çatan hər imkandan yararlanıb. Söhbət sanksiyalar altında
olan yerüstü, hava və su nəqliyyatı vasitələrinin Rusiyaya ixracından gedir.
Rusiya-Ukrayna müharibəsi başlayandan dərhal sonra dünya avtomobil nəhəngləri
Rusiya bazarından getmək qərarı verdi. ABŞ bahalı avtomobillərin, Avropa
İttifaqı isə 50 min avrodan bahalı avtomobillərin Rusiyaya ixracına qadağa
qoydu. Fürsətcil Ermənistan bu vəziyyətdən də maksimal xeyir çıxarmağa çalışdı.

Son 11 ildə Ermənistanın yerüstü, hava və su nəqliyyatı vasitələrinin ixracı
üzrə illik ən yüksək göstəricisi 40 milyon ABŞ dolları olduğu halda 2023-cü
ilin cəmi 6 ayı ərzində ölkə birdən-birə 351 milyon ABŞ dolları dəyərində
analoji məhsul ixrac edib. Rusiyaya sanksiyalar altında olan avtomobillərin
ixracı üçün Ermənistan özünün “ABŞ-Gürcüstan-Ermənistan-Gürcüstan-Rusiya”
sxemini işə salıb. Belə ki, həmin avtomobillər ABŞ-dən əsasən Gürcüstanın Poti
limanına gətirilir. Rusiya ilə eyni gömrük-iqtisadi zonasında olduğu üçün həmin
avtomobillər gömrük rəsmiləşdirməsindən keçmək üçün Ermənistana göndərilir.
Ermənistanda “aparıcı hab” rolunu Gümrü şəhəri oynayıb. Nəqliyyat vasitələri
məhz buradan daha sonra elə həmin Gürcüstanın “Yuxarı Lars” sərhəd-keçid
məntəqəsindən Rusiyaya göndərilib. Sxemin miqyasını görmək üçün iki ölkə
arasında avtomobil mübadiləsinin statistikasına baxmaq yetərlidir. Belə ki, bu
ilin ilk altı ayında Gürcüstandan Ermənistana avtomobil ixracı 12,5 dəfə artıb.
Lakin bu sxemin “bazarı bağlanıb” desək yanılmarıq. Belə ki, ABŞ-nin təzyiqləri
altında bu ayın əvvəlində Gürcüstan ABŞ-dən gətirilən avtomobillərin
Ermənistandan öz ərazisi vasitəsilə Rusiyaya ixracına qadağa qoyub.

Göründüyü kimi sadəcə sanksiyaları tətbiq etməklə iş bitmir. Onlardan yayınma
kanallarının müəyyən olunaraq qarşısının alınması az əhəmiyyətli deyil. ABŞ və
onun müttəfiqləri bu istiqamətdə qətiyyətli addımlar atmağa başlayıb. Ağ Ev
Administrasiyası son olaraq Rusiyaya sanksiyalardan yayınmağa kömək etdiyi üçün
71 şirkəti qara siyahıya salıb. Onlardan biri isə “Kinematika AG” (İsveçrə),
“ATAGO” (Yaponiya), “Hanna instruments” (Almaniya), “Citizen” (ABŞ) və digər
laboratoriya avadanlıqları istehsalçılarının Ermənistandakı rəsmi nümayəndəsi
olan yerli şirkət “Medisar LLC”dir.

Xankəndidə erməniəsilli Azərbaycan vətəndaşlarının blokadada olduğuna dair
sayaqlamaları ilə bütün dünyanın son 254 gündür ürəyini bulandıran Ermənistan,
əlinin son olaraq Çerniqovda Rusiyanın ballistik raketlə qətl etdiyi mülki
əhalinin qanına bulaşdığını unutmamalıdır. Çünki həmin raketlər Ermənistanın
Rusiyaya satdığı çiplər hesabına hədəfə çatır.

“Report” İnformasiya Agentliyi

Source link