Antiterror tədbirlərində şəhid olan hərbçilərin ailə üzvlərinə Prezidentin
aylıq təqaüdü təyin edilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 19-20-də Qarabağda həyata keçirdiyi
antiterror tədbirləri zamanı şəhid olan hərbi qulluqçuların ailə üzvlərindən
ibarət 549 şəxsə Prezidentin aylıq təqaüdü təyin olunub.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyindən bildirilib.
Qeyd olunub ki, nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu artıq
bununla bağlı qərar qəbul edib.
Məlumata görə, habelə şəhidlərin 234 vərəsəsinə, eləcə də antiterror
tədbirləri zamanı xəsarət alan hərbçilərdən 38 nəfərə dövlət icbari şəxsi
sığorta ödənişi təyin edilib və bu istiqamətdə işlər davam edir.
“Şəhid ailələrinə pensiya və müavinətlərin də təyin olunması üçün aidiyyəti
qurumlardan məlumatlar toplanmaqla işlər aparılır. Sosial ödənişlər şəhid
ailələrinə müraciət olunmadan, e-sistemlər üzərindən proaktiv qaydada təyin
olunur və onların adlarına kartlar sifariş edilir”, – nazirlikdən bildirilib.
Xatırladaq ki, lokal antiterror tədbirləri zamanı Azərbaycan Silahlı
Qüvvələrinin 192 hərbi qulluqçusu şəhid olub. Şəhid hərbçilərdən 180 nəfər
Müdafiə Nazirliyinin, 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi
qulluqçularıdır. Şəhid olanlardan bir nəfər də mülki şəxsdir. Eyni zamanda, 511
hərbi qulluqçu və bir mülki şəxs yaralanıb.