6684d03a-73fb-4dde-8c3f-df334554da62..jpg

Antiterror tədbirlərinin QƏHRƏMANLARI: Onlara veteran statusu, xüsusi medallar veriləcək? – ARAŞDIRMA + FOTO

Baxış sayı: 677 dəfə baxılıb.

Antiterror tədbirlərinin QƏHRƏMANLARI: Onlara veteran statusu, xüsusi medallar
veriləcək? – ARAŞDIRMA + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycanın Konstitusiya quruluşunun
bütün ölkə ərzisində bərpa edilməsi məqsədilə bölgədə aparılan antiterror
tədbirləri nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 204 hərbi qulluqçusu və
bir mülki şəxs şəhid olub. Hərbi qulluqçuların 203-ü antiterror tədbirləri
zamanı şəhadətə ucalıb, biri isə döyüşlərdən sonra müalicə aldığı hospitalda
həyatını itirib.

Bildirilir ki, antiterror tədbirlərində demək olar ki, bütün qoşun növlərində
xidmət edən hərbçilər qatılıblar. Şəhidlərə və onların ailələrinə müvafiq
statusun verilməsi təmin edilsə də, antiterror tədbirlərinin iştirakçılarının
hansı status alacağı, onlara hansı imtiyazların və mükafatların, o cümlədən
orden və medalların veriləcəyi haqqında hələlik suallar mövcuddur.

Cəmiyyətdə səsləndirilən fikir və təkliflərə əsasən, antiterror tədbirlərinin
iştirakçıları da veteran statusu ala bilərlər. Həmçinin, müvafiq olaraq,
Xankəndinin, Ağdərənin və Xocalının azad olunmasına görə müvafiq medalların
təsis edilməsi də təklif olunan müvafiq addımlar siyahısındadır.

Bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Cixisyolu.com-ın
sorğusuna cavab olaraq, bildirilib ki, “Müharibə veteranı” adı və statusu
şəxsin xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya
buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi) yerdən
asılı olaraq, aidiyyəti qurumlar tərəfindən verilir.

Maraqlıdır, bəs bununla bağlı qanunverici orqan olan Milli Məclisdə hansısa
müzakirələr aparılırmı və təkliflər verilibmi?

Cixisyolu.com-a açıqlama verən parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə
mübarizə komitəsinin üzvü, təhlükəsizlik orqanlarının ehtiyatda olan zabiti və
Qarabağ müharibəsi veteranıArzu Nağıyev lokal antiterror tədbirlərində iştirak
edən hərbçilərlə bağlı təmsil etdikləri qurumun müvafiq raportları,
təqdimatları, sənədləri əsasında qərar verilə bilər. Beləliklə, hərbçilərə
istər “veteran”, istər “iştirakçı” adının verilməsi Azərbaycanın müvafiq
qanununa uyğun həyata keçirilə bilər:

“Məsələn, Müdafiə Nazirliyinin tərkibində olan hansısa briqadalar hərbçilər
haqqında məlumatları nazirliyə təqdim etməli, Müdafiə Nazirliyi isə Nazirlər
Kabinetinə bildirməlidir ki, qərarlar qəbul olunarkən bu nəzərə alınsın. Allah
şəhidlərimizə rəhmət etsin! Onlara şəhid statusu verilib, ailələri şəhid ailəsi
kimi rəsmiləşib. Antiterror tədbirlərində qazilərimiz, qəhrəmanlıq göstərən
hərbçilərimiz də var. Hesab edirəm ki, bizim bütün şəhid ailələrinin və
qazilərin imtiyazları antiterror tədbirlərinin iştirakçılarına da şamil
ediləcək. Veteran və digər statusların verilməsinə isə qeyd etdiyim kimi,
müvafiq təhlillərdən, təqdimatlardan sonra baxıla bilər”.

Xankəndinin, Ağdərənin və Xocalının azad olunmasına görə müvafiq medalların
təsis edilməsi təkliflərinə gəlincə, deputat vurğulayıb ki, bunun üçün
“Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”
Qanuna dəyişiklik edilməlidir:

“Bilirsiniz ki, Azərbaycanda qanunvericilik təşəbbüsü hüququ Azərbaycan
Respublikası Prezidentinə, Azərbaycan Respublikası Milli Məclisinin
deputatlarına, Azərbaycan Respublikası Ali Məhkəməsinə, Azərbaycan
Respublikasının seçki hüququ olan 40 min vətəndaşına, Azərbaycan Respublikası
Prokurorluğuna, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə məxsusdur. Onların
təqdimatı əsasında qanuna dəyişiklik edilməsi, yeni orden və medalların təsis
olunması müzakirəyə çıxarıla bilər. Milli Məclisə belə bir sənədin daxil
olub-olmadığı haqqında məlumatım yoxdur”.

Antiterror tədbirlərinin tarixə qızıl hərflərlə yazılası bir addım olduğunu
vurğulayan komitənin digər üzvü, Xocalıdan olan deputatElman Məmmədov da
antiterror tədbirlərində qəhrəmanlıq göstərən hərbçilərimizin
mükafatlandırılmasının tərəfdarıdır:

“Antiterror tədirlərində iştirak edənlərin hər birinin yüksək səviyyədə
qəhrəmanlıq, igidlik, cəsarət nümayiş etdirdiyinə əminəm. Allah şəhidlərimizə
rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Hər bir hərbi qulluqçumuzun
xidməti xalqımız və Ali Baş Komandanımız tərəfindən yüksək qiymətləndirilir,
dəyərləndirilir. Ona görə, qeyd etdiyimiz məsələ ilə bağlı da addımların
atılacağını, müvafiq qərarların qəbul olunacağını düşünürəm. Biz növbəti dəfə
hərbçilərimizin yüksək dəyərləndirildiyinə, ali təltiflərə layiq görüldüyünə
şahid olacağıq”.

Ehtiyatda olan polkovnik Şair Ramaldanov isə sözügedən məsələ haqqında hələlik
konkret addım və qərar olmadığını söyləyib:

“Antiterror tədbirlərində iştirak edən hərbçilərə hansı imtiyazların,
statusların, orden və medalların veriləcəyi haqqında dəqiq informasiya yoxdur.
“Müharibə veteranı” statusunun verilməsi bununla bağlı müvafiq əsasnamədə qeyd
edilib. Orden və medalların təsis edilməsi isə adətən, Ali Baş Komandanın
müvafiq təqdimatı əsasında qanuna dəyişikliklərin müzakirəsi ilə həyata
keçirilir. Orden və medalların kimlərə veriləcəyi də ölkə başçısının müvafiq
fərman və sərəncamı olarsa, həyata keçirilir. Ona görə də bu məsələ haqqında
hələlik dəqiq məlumat yoxdur”.

Hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov isə
antiterror tədbirlərində iştirak edən hərbçilərin status məsələsinin artıq həll
edilməli olduğunu düşünür. Ü.Cəfərovun fikrincə, şəhid ailələri və qazilərlə
bağlı məsələlərin həlli, onlara müvafiq statusların və imtiyazların verilməsi
ilə bərabər, antiterror tədbirlərində iştirak edən hərbi qulluqçuların təltif
edilməsi də aparıla bilər:

“Hərbçilərə veteran statusunun verilməsi, onların təltif olunması, orden və
medallara layiq görülməsi ilə əlaqədar məqamlar həll edilməyib. Düzdür, Zəfər
Günü ilə əlaqədar Azərbaycan Prezidenti tərəfindən çox sayda hərbi qulluqçumuz
mükafatlandırıldı. Amma bununla bağlı proseslərin davam etdirilməsi, antiterror
tədbirlərində qəhrəmanlıq göstərən hərbçilərimizin ayrıca təltif edilməsi
vacibdir.

Xankəndinin, Xocalının, Ağdərənin azad olunmasına görə medalların təsis
edilməsi də önəmli məsələdir. Nəzərə almalıyıq ki, bütün bu ərazilərin azad
edilməsi Azərbaycanın ərazi bütövlüyünün tam təmin edilməsinə, bütün
torpaqlarımızda Konstitusiyamızın bərqərar olunmasına gətirib çıxardı. Bu
məsələlərlə bağlı təklif və müraciətlər Milli Məclisdə dəyərləndirilməli,
qərarlar verilməli idi. Düşünürəm ki, hazırda hər kəsin gözü və qulağı bu
istiqamətdə veriləcək qərarlara, atılacaq addımlara fokuslanıb. Xalqın istəyinə
Ali Baş Komandanın da müsbət yanaşacağına, hərbçilərimizin müvafiq şəkildə
dəyərləndiriləcəyinə inanıram”.

Aysel Aslan

Source link