e25f367f-90d0-4e36-a28b-72857737dfe6..jpg

Anton Bredixin: “Ermənistanı Rusiyanın müttəfiqi hesab etmək çətindir” – MÜSAHİBƏ

Baxış sayı: 895 dəfə baxılıb.

Anton Bredixin: “Ermənistanı Rusiyanın müttəfiqi hesab etmək çətindir” –
MÜSAHİBƏ

2023-cü ilin əvvəlində Rusiya Müdafiə Nazirliyi Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin sülhməramlı kontingentlərinin
Ermənistanda “Sarsılmaz qardaşlıq-2023” birgə təlimlərinin keçiriləcəyi ilə
bağlı anons verdi.

Lakin yanvarın 10-da Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransı
zamanı bəyan edib ki, İrəvan KTMT-nin Ermənistan ərazisində təlim keçirməsini
məqsədəuyğun hesab etmir.

Eyni zamanda Ermənistan Qərb qüvvələrini regiona cəlb etmək istəyini açıq
şəkildə bəyan edir. Sentyabrın 9-da Ermənistanın xarici işlər naziri Ararat
Mirzoyan Avropa İttifaqının nümayəndələri ilə Azərbaycanla sərhəddə Aİ-nin yeni
missiyasının yerləşdirilməsi imkanlarını müzakirə edib. Ermənistanın baş naziri
isə yuxarıda qeyd etdiyimiz mətbuat konfransında bildirib ki, əgər Rusiya BMT
Təhlükəsizlik Şurasının daimi üzvü kimi üzərinə götürdüyü öhdəlikləri yerinə
yetirə bilmirsə, o zaman BMT Təhlükəsizlik Şurasına müraciət etməlidir ki, ya
onun sülhməramlı qüvvələrinə beynəlxalq mandat verilsin və yaxud Qarabağa yeni
çoxmillətli sülhməramlı missiya göndərilsin.

Məlumdur ki, KTMT-nin təlimlərindən imtina Ermənistan rəhbərliyi tərəfindən
atılmış nümayişkaranə addımdır. Bunun mənası nədir? Ermənistan KTMT-dən çıxır?

Rusiya Etnik və Beynəlxalq Araşdırmalar Mərkəzinin elmi direktoru, tarix
elmləri namizədiAnton Bredixin Cixisyolu.com-a müsahibəsində mövcud vəziyyəti
dəyərləndirib:

– Bu, təkcə Ermənistanın KTMT-dən çıxmasına deyil, həm də bütün təşkilatın
dağılmasına yönəlmiş açıq sabotaj və hərəkətlərdir ki, Paşinyan və onun
Vaşinqtonda, Parisdə oturan başçılarının arzularıdır. Ermənistan NATO
təlimlərində iştirak edir, həmçinin Şimali Atlantika Alyansına üzv ölkələrin
kontingentinin Azərbaycanla sərhəddə olmasını təkid edir. Rusiya qoşunlarının
Ermənistan ərazisindən, o cümlədən Gümrüdəki bazadan, Ermənistan sərhədlərindən
çıxarılması barədə çox danışılır. Bütün bunlar onu deməyə əsas verir ki, Nikol
Paşinyan bu addımın ölkəsi üçün doğuracağı bütün nəticələri anlamır. Rusiya
qoşunlarının çıxarılması və Ermənistanın KTMT-ni tərk etməsindən sonra tamamilə
mümkündür ki, Ermənistanla Azərbaycan arasında yeni hərbi eskalasiya olsun və
bunun da nəticəsində suveren Ermənistan ərazilərindən ümumiyyətlə heç nə
qalmasın.

Nikol Paşinyan Ermənistanda NATO bazası yaratmaq, öz ərazisinə, misal üçün,
Fransa qoşunlarını gətirmək istəyir. Bu açıq təxribat (KTMT-nin təlimlərinin
ləğvi ilə bağlı – red.) onu göstərir ki, Ermənistanı Rusiyanın müttəfiqi hesab
etmək çətindir. Amma Bakı Moskva üçün strateji müttəfiq olaraq qalır.

– Yeri gəlmişkən, Ermənistanın baş naziri Nikol Paşinyan Yeni il müraciətində
KTMT-ni fəaliyyətsizlikdə ittiham etdi. Amma maraqlısı odur ki, Yeni il
ərəfəsində İrəvanda dərc edilən “Hraparak” nəşri Qərbin Paşinyanı KTMT-dən
çıxmamağa çağırdığını yazıb. Nəşrin məlumatına görə, Fransa Prezidenti Emmanuel
Makron Paşinyana deyib ki, Qərb Ermənistan Respublikasının təhlükəsizliyinin
təminatçısı rolunu öz üzərinə götürə bilməz. Bu, təbii ki, qeyri-rəsmi
məlumatdır, amma siz bu barədə nə düşünürsünüz?

– Mən hesab edirəm ki, bu, doğrudur. Üstəlik, Makron daha əvvəl Mərkəzi
Kəşfiyyat İdarəsinin paylaşdığı məlumatları səsləndirib. Nə Fransa, nə də ABŞ
Ermənistanın təhlükəsizliyini təmin edə bilərlər.

Nair Əliyev

Source link