Antoni Blinkenin Yaxın Şərqə səfəri: Gərginliyi azaltmaq, birgə fəaliyyət
cəhdləri – ŞƏRH
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
ABŞ-nin dövlət katibi Antoni Blinkenin yanvarın 4-də Yaxın Şərq ölkələrinə
səfəri başlayır. Səfər çərçivəsində onun Türkiyə və İsraildə rəsmilərlə
görüşəcəyi gözlənilir.
Dövlət katibinin ziyarət proqramı açıqlanmasa da, regiondakı vəziyyəti
müzakirə edəcəyi istisna olunmur. Onun bu səfəri əvvəlkilərdən fərqlənir.
Son günlər Yaxın Şərqdə bir-birinin ardınca regionda vəziyyətin
gərginləşməsini artıran bir sıra hadisələr baş verib. HƏMAS-İsrail müharibəsi
çərçivəsində hadisələr daha çox Qəzza zolağında cərəyan edirdi. Qruplaşmanı
müdafiə edib dəstəkləyənlərin yardımı ilə Yəmən sahillərində Qırmızı dənizdə də
qarşıdurma yaranıb. ABŞ-nin və İranın regionda hərbi gəmilər yerləşdirməsi,
husi qiyamçılarının gəmilərə hücumu bunu təsdiqləyir. Oxşar hadisələr
İsrail-Livan sərhədində də müşahidə olunur. “Hizbullah”ın fəallaşması qarşı
tərəfin cavab tədbiri görməsinə səbəb olub. Yeri gəlmişkən, İsrail Müdafiə
Ordusunun gecə hücumları nəticəsində qruplaşmanın Nakura rayonu üzrə lideri
Xasin Yazbek zərərsizləşdirilib. Bildirilib ki, HƏMAS-İsrail müharibəsi
başlayandan qruplaşma 150-yə yaxın döyüşçüsünü itirib.
Yanvarın 2-də isə HƏMAS Siyasi Bürosu sədrinin müavini Saleh əl-Aruri Livanın
paytaxtı Beyrutun cənubunda Daniye şəhərində təşkilatın ofisində partlayış
nəticəsində ölüb. Onun daha çox hərbi fəaliyyətə başçılıq etdiyi də bildirilib.
Partlayış nəticəsində HƏMAS-ın hərbi qanadı “Briqada əl-Kassam”ın Samir Fendi
və Azzam əl-Akra adlı iki komandiri və başqa təşkilatın 4 üzvü də ölüb.
İsrailin baş nazirinin müşaviri Mark Reqev partlayışda əlləri olmadığını
bildirib. Livanın baş naziri Nəcib Mikatinin sözlərinə görə, bu partlayış
Livanı İsraillə qarşıdurmanın yeni mərhələsinə sürükləyən cinayətdir.
İsrail Müdafiə Ordusunun sözçüsü kontr-admiral Daniel Xaqari isə istənilən
ssenariyə hazır olduqlarını vurğulayıb.
“Hizbullah”ın baş katibi Həsən Nəsrullah isə bildirib ki, Saleh əl-Arurinin
qətli cavabsız qalmayacaq.
Əl-Aruri və qruplaşmanın hərbi qanadının komandirlərinin ölümü ilə bağlı
xəbərlər səngiməmiş İranın Kirman şəhərində baş verən bombalı hücum Tehran
hakimiyyəti, HƏMAS, “Hizbullah”, husi qiyamçılarının fəaliyyət göstərdiyi Yaxın
Şərqdə vəziyyətin daha da gərginləşməsi səbəb olub.
Antoni Blinkenin Yaxın Şərqi ziyarəti ilə yanaşı, ABŞ Prezidenti Cozef
Baydenin enerji təhlükəsizliyi məsələləri üzrə xüsusi müşaviri Amos Hoxşteyn də
Livana yollanıb.
Ehtimal etmək olar ki, dövlət katibinin Yaxın Şərqə səfərində məqsədi Qəzza
zolağında vəziyyəti İsrail və regionun başqa dövlət rəsmiləri ilə müzakirə
etməkdir. Çünki siyasi-hərbi qruplaşma sıradan çıxarıldıqdan sonra Fələstinin,
o cümlədən Qəzza zolağının gələcəyi, qaçqınların taleyi maraqlı tərəfləri
narahat edən məsələlərdəndir. Bundan başqa, son günlər Qırmızı dənizdə
husilərin fəallığının artması da regionda vəziyyətin gərginləşməsini artırıb.
ABŞ İrana himayə etdiyi husilərlə bağlı xəbərdarlıq edib.
Rəsmi Vaşinqton bununla bağlı BMT Təhlükəsizlik Şurasını təcili münasibət
göstərməyə çağırıb. ABŞ-nin BMT-nin İslahat və İdarəetmə üzrə məsul nümayəndəsi
səfir Kristofer Lu Şuran bildirib ki, ABŞ İranla münaqişəyə can atmır, ancaq
Tehranın iki yolu var: “Ya hazırkı mövqeyini saxlamalı, ya da husilərin
hücumlarına dəstəyini geri çəkməlidir”.
Bu baxımdan, Antoni Blinkenin region ölkələri ilə Qırımızı dənizdəki vəziyyəti
də müzakirə edəcəyi istisna edilmir.
Amos Hoxşteynin isə səfər zamanı Livan hakimiyyətinə İranla bağlı xəbərdarlıq
edəcəyini ehtimal etmək olar. Müşavir “Hizbullah”ın İsrailə hücumunu
dayandırmağı rəsmi Beyrutdan tələb edə bilər. Çünki İranın himayədarlıq etdiyi
bu hərbi-siyasi qruplaşmanı qonşu dövlətə qarşı hərbi əməliyyatları Livanın
təhlükəsizliyinə təsirsiz ötüşməyəcək. Bu da ölkədə sabitliyin pozulmasına,
hətta ölkədən köçün başlamasına səbəb olar.
Blinken və Hoxşteyn region ölkələrindən İrana, onun “proksi” qruplarına qarşı
birgə mübarizə aparmağı, bu olmasa, həmin istiqamətdə ABŞ-nin dəstəyini istəyə
bilər. Səfər fonunda İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei isə ABŞ və
İsrailə qarşı hərbi qarşıdurmanı zəiflətməyə, birbaşa toqquşmaya getməməyə
çağırıb.
Ağ ev rəsmilərinin regiona səfəri həm də müharibənin başqa ölkələrin ərazisini
əhatə etməsi üçün atılan növbəti addımlardandır. Çünki Tehran hakimiyyətinin
əsas taktikası HƏMAS-İsrail savaşının alovlarını qonşu ərəb ölkələrinə, habelə
bütövlükdə regiona köçürməklə miqyası genişləndirməkdir. O, buna nail ola
bilmir. ABŞ-nin hərbi bazalarına hücumlar, toqquşmalar İranın aktiv olduğu
ölkələrdə – Suriya, İraq, Yəmən və Livanda baş verir. Döyüşlər intensiv və
şiddətli xarakter almadığından bu, hələ ki müharibənin miqyasının genişlənməsi
anlamına gəlmir.
ABŞ rəsmilərinin region ölkələri ilə İran hakimiyyəti, onun “proksi”
təşkilatları ilə bağlı məsələləri, eləcə də Qırmızı dənizdən neft və başqa
karbohidrogenin təhlükəsiz tədarükünə dair məsələləri müzakirə edəcəyi
gözlənilir. Bu istiqamətdə elan edilməmiş koalisiyanın da qurulaması mümkündür.
Odur ki, qarşıdan gələn aylarda atılacaq addımların əsası da bu səfərlər zamanı
qoyula bilər.
“Report” İnformasiya Agentliyi