Qrup mərhələsinə xalla başlamaq yaxşı olardı. Sabah ilk xalımızı qazanmağa çalışacağıq. Nə etməli olduğumuzu çox gözəl bilirik. Sabah tək taktiki cəhətdən yox, həm də ürəklə oynamalıyıq. Komandam işini bilir. Sabahkı oyuna hazırdır.
ÇıxışYolu.Com xəbər verir ki, bunu Kiprin APOEL klubunun baş məşqçisi Tomas Doll deyib.
“Qarabağ” sabah UEFA Avropa Liqası çərçivəsində artıq cari mövsüm iki dəfə qarşılaşdığı APOEL ilə üz-üzə gələcək.
Alman məşqçi Bakıdakı görüş barədə fikirlərini bildirib: “Hər bir futbolçu bu oyunun əhəmiyyətini anlayır. Hamı iki ay əvvəlki kimi bu stadionda yaxşı oyun nümayiş etdirməlidir. O vaxt lazımi anda lazımi qolları vura bilmişdik. Biz uzun yol gəlmişik. Bu üzdən yorğun görünürəm. Amma narahat olmayın. Sabahkı oyundan sonra gülən tərəf mən olacağam. Əgər neqativ olsan, yaxşı da heç nə baş verməyəcək. Ona görə də hər şeyə pozitiv yanaşıram. Biz sabahkı oyunda yaxşı nəticə qazanacağımızı düşünürük. Ona görə də qrupda qalacağımızla bağlı deyiləni qəbul etmirəm”.
Qeyd edək ki, “Qarabağ” – APOEL görüşü sabah saat 20:55-də başlayacaq. Qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
Səbuhi MUSAYEV