Aprel döyüşləri qazisi: “Erməni hərbçilər “052 gəldi” deyib qaçırdılar”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Düşmənin ön xəttini cəmi 45 dəqiqə ərzində yardıq. Düşmən duyuq düşəndən
sonra üzbəüz döyüşlər başladı. Şok atəşlər erməni əsgərləri qorxuya saldı”.
Bunu AZƏRTAC-a müsahibəsində Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan
zabiti, Aprel döyüşlərinin qazisi, “Böyük Qayıdış” Gənclər Təşkilatı İctimai
Birliyinin sədr müavini Əhliyət Mehdiyev deyib.
Qazi bildirib ki, Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan
arasında atəşkəs elan olunandan – 1994-cü ilin mayından 2016-cı ilin aprelinə
qədər, demək olar ki, hər gün cəbhədə düşmən təxribat törədirdi:
“Həmin təxribatlara hər dəfə layiqli cavab verilsə də, düşmən bundan nəticə
çıxarmırdı. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə düşmən təxribatı pik həddə
çatdı. Ermənistan ordusunun cəbhə xəttinə yaxın yerləşən yaşayış məntəqələrini
ağır silahlardan atəşə tutması, artilleriya mərmilər atması nəticəsində
sakinlər arasında yaralananlar və həyatını itirənlər oldu. Buna qarşılıq olaraq
Ali Baş Komandan, Prezidentİlham Əliyevin əmri ilə Azərbaycan Ordusu əks-hücum
əməliyyatına başladı.
Təbii ki, 22 il ərzində Azərbaycan Ordusunun arsenalı ən müasir silah, texnika
ilə təchiz edilməklə yanaşı, hərbi qulluqçuların peşəkarlıqlarının artırılması,
dünyanın müxtəlif ölkələrində hərbi kurslarda, təlimlərdə iştirak etməsi, öz
bilik və bacarıqlarını inkişaf etdirməsi diqqət mərkəzində olmuşdu. Bunun
nəticəsidir ki, hərb yarışlarında Azərbaycan xüsusi təyinatlıları dəfələrlə
dünya xüsusi təyinatlıları arasında birinci olub, tankçılarımız,
artilleriyaçılarımız, istehkamçılarımız ilk üçlükdə qərarlaşmışdılar. Bütün
bunlar Azərbaycan Ordusunun nə qədər inkişaf etdiyinin göstəricisi idi. Aprel
döyüşləri 22 il ərzində Azərbaycan Ordusunun yığdığı bilik, bacarıq və döyüş
təcrübəsini məhz real döyüş şəraitində tətbiq etməyə, eyni zamanda, Ermənistan
ordusunun zəif nöqtələrini aşkarlamağa şərait yaratdı”.
Ə.Mehdiyev Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun, demək olar ki, çox
kiçik bölmələrinin – kəşfiyyat xüsusi təyinatlı hərbi hissələrinin döyüş
əməliyyatlarına cəlb olunduğunu bildirib. Onun sözlərinə görə, istər cəbhənin
Füzuli-Cəbrayıl istiqamətində Lələtəpə, istərsə də Goranboy-Tərtər-Ağdərə
istiqamətində Talış yüksəkliklərinin azad olunması Azərbaycan Ordusunun böyük
uğuru oldu. Aprel döyüşləri nəticəsində Azərbaycan Ordusu 2 min hektar ərazini
tam azad etdi, eyni zamanda, minlərlə hektar strateji ərazi silahlı
qüvvələrimizin bölmələrinin nəzarəti altına keçdi. Aprel döyüşləri nəticəsində
Azərbaycan Ordusu Ermənistanın 20 ildən artıq formalaşdırmış olduğu keçilməz
“Ohanyan səddi”ni darmadağın etdi. Ən əsası – dördgünlük müharibədə əldə edilən
Zəfər xalqın Azərbaycan Ordusuna inamını özünə qaytardı.
Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan zabiti Aprel döyüşlərində iştirakı
haqqında da məlumat verərək deyib:
“Düşmən təxribatının qarşısının alınması üçün yuxarı komandanlıqdan qarşımıza
döyüş tapşırığı qoyuldu. Xüsusi təyinatlı tabor tərkibində bölmə ilə birlikdə
hərbi hissənin xüsusi əməliyyat briqadası düşmən təxribatının qarşısını almaq
üçün Talış yüksəklikləri uğrunda döyüşə qatıldı. Qısa müddət – 40-45 dəqiqə
ərzində düşmənin ön xəttini yardıq. Biz ön xətti yaranda onlar bir neçə dəfə
pusqu qurdular. Elə hesab edirdilər ki, açdıqları atəş nəticəsində bizim
bölmədə olan şəxsi heyətin bir qismi ya şəhid olub, ya da yaralanıb. Ancaq biz
relyefdən düzgün istifadə edərək irəliləməyə davam elədik və düşmən
səngərlərinə daxil olduq. Düşmən duyuq düşəndən sonra isə üzbəüz döyüşlər
başladı. Şok atəşlər erməni əsgərləri qorxuya saldı. Demək olar ki, postlardakı
10-a qədər əsgərdən 2-3-ü döyüşçülərimiz tərəfindən məhv edilən kimi digər
erməni əsgərlər “052 xüsusi təyinatlılar gəldilər” deyib öz yaralılarını,
ölülərini, silah-sursatlarını, mühafizə və müdafiə təşkil etdikləri mövqeləri
atıb qaçmağa başladılar. Qısa müddətdə biz o postlarda, yüksəkliklərdə
möhkəmləndik. Ermənilər bizimlə üzbəüz döyüşə tab gətirə bilmədikləri üçün
qarşı tərəfdə dağların ətəyində yerləşən mövqelərindən olduğumuz mövqelərə
minaatan, özüyeriyən artilleriya, tanklarla atəş açmağa başladılar. Növbəti iki
gün ərzində dəfələrlə əks-hücum əməliyyatları həyata keçirsələr də, Azərbaycan
Ordusu, artilleriya qoşunları dəqiq zərbələrlə onları geri oturtdu.
Biz xüsusi təyinatlılar döyüşdə qruplar və “badi”lər şəklində hərəkət edirik.
“Badi”lər iki nəfərdən ibarət olur. Hər iki şəxs bir-birini qoruyur və
bir-birinə cavabdehlik daşıyır. Aprelin 3-ü gecə düşmən tərəfi əks-hücum
əməliyyatı həyata keçirməyə cəhd etdi. Həmin vaxt onlarla döyüşə-döyüşə
mövqeləri qoruyub-saxladıq. Uğursuz həmlənin ardınca artilleriya mərmilərindən,
“Qrad”lardan atəş açmağa başladılar. Dəfələrlə minaatan mərmiləri yaxınlığımıza
düşsə də, relyefdən düzgün istifadə edərək mərmilərin partlayışından yayına
bilirdik.
Hücumlarının nəticəsiz olduğunu görüb bizi tanklarla vurmağa başladılar. Artıq
aprelin 3-ü səhər 5 radələrində Suqovuşan istiqamətindən “Qrad” mərmilərinin
atəşinə məruz qaldıq. Reaktiv yaylım mərmilərinin bir neçəsi bizim
yaxınlığımıza düşdü. Mən “badi”m Şəhriyar Eyvazovla idim, mərmi bizim bir neçə
metrliyimizə düşdü. Xoşbəxtlikdən, təpənin üstündə idik, mərmi isə təpənin
altına düşmüşdü. Güclü partlayış dalğası məni və Şəhriyarı 5-6 metr kənara
ataraq yerə möhkəm çırpdı. Nəticədə hər ikimiz ağır kəllə-beyin travması aldıq,
onurğa beynimiz zədələndi. Ayaqlarımızdan qəlpə yaraları alsaq da,
xoşbəxtlikdən, qəlpələrin çox hissəsi bizi tutmamışdı. Digər silahdaşlarımız
bizi döyüş meydanından təxliyə etdilər. Silahlı Qüvvələrin Baş Klinik
Hospitalında bir ilə qədər müalicə olundum və hərbi həkim komissiyasının qərarı
ilə 2017-ci ilin iyununda səhhətimdə yaranan problemə görə ehtiyata buraxıldım.
Hazırda ikinci qrup Qarabağ qazisiyəm”.
XTQ-nin ehtiyatda olan zabiti Aprel döyüşləri nəticəsində bütün dünyanın
ordumuzun gücünü gördüyünü, eyni zamanda, Azərbaycanın heç vaxt işğal faktı ilə
barışmayacağını, nəyin bahasına olursa-olsun öz tarixi torpaqlarını azad
edəcəyinin şahidi olduğunu diqqətə çatdırıb. Bildirib ki, Aprel döyüşlərindən
sonra Ermənistanın yüksəkrütbəli hərbi qulluqçuları, generalları ordudan
qovuldular, siyasi hakimiyyət dəyişikliyi baş verdi.
Həmin dövrlərdə Azərbaycan gənclərinin Müdafiə Nazirliyinə, Səfərbərlik və
Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edərək döyüşmək
istədiklərini bildirməsini xüsusi qeyd etmək lazımdır. Məhz həmin dörd gün
ərzində hər kəsin qəlbi Qarabağla döyünürdü. Azərbaycandan fərqli olaraq isə
Ermənistan ordusunda həm əsgərlər, həm də yüksəkrütbəli zabitlər arasında çoxlu
sayda fərarilik hallarının olduğunun şahidlik etdik. Ən əsası – Aprel döyüşləri
44 günlük Vətən müharibəsində əldə etdiyimiz Qələbə üçün bir başlanğıc, mayak
oldu. Təsadüfi deyil ki, dördgünlük müharibədə əldə edilən Zəfərdən ruhlanan
Azərbaycan Ordusu uğurlarını davam etdirdi. İstər Günnüt əməliyyatı, istər
Tovuz hadisələri, istər 44 günlük Vətən müharibəsi, istərsə də son antiterror
tədbirləri Azərbaycan Ordusunun hərbi qulluqçularının yüksək peşəkarlığının,
orduda olan vətənpərvərlik ruhunun, qarşıya qoyulan bütün tapşırıqları
layiqincə və dəqiq yerinə yetirmək əzmində və gücündə olduğunun göstəricisidir.
Aprel döyüşlərindən başlanan yollar bizi Xankəndiyə qədər gətirib çıxardı.
Vaxtilə işğalda olan bütün ərazilərimizdə hazırda üçrəngli bayrağımız qürurla
dalğalanır.