2dcaadbd-5f4b-4d6c-aabd-bc695e64c5b8..jpg

Aprel şəhidinin qardaşı: “Onun ən böyük arzusu şəhidlik idi” – MÜSAHİBƏ + FOTO

Baxış sayı: 972 dəfə baxılıb.

Aprel şəhidinin qardaşı: “Onun ən böyük arzusu şəhidlik idi” – MÜSAHİBƏ + FOTO

Aprel döyüşlərindən 7 il ötür. Azərbaycan Ordusu 2016-cı il aprelin 1-dən 2-nə
keçən gecə Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab verərək sürətli
əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradıb. Aprel döyüşləri
nəticəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl
rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan
kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan kəndi
istiqamətində yollar düşməndən azad olunub. Torpaqlarımızın azadlığı,
suverenliyi uğrunda canından keçən igidlərimizdən biri dəEmin Bağırovdur.

Emin İmran oğlu Bağırov 1996-cı il iyulun 15-də Bakı şəhərində anadan olub.
Emin Bağırov idmanın 7 növü ilə (kikboks, cüdo, sambo, sərbəst və klassik
güləş, uşu-sando, boks) məşğul olub, nailiyyətlər əldə edib. Diplomlarla
mükafalandırılıb. “Zenit” İdman Klubunda, “Gilan” İdman Klubunda, Binəqədidə
uşu-sando üzrə mükafatlar alıb. 2014-cü ildə Emin Bağırov uşu-sando idman növü
üzrə Azərbaycan birinciliyini qazanıb.

O, 2014-cü ildə Bakıdakı 182 nömrəli məktəbi bitirib və həmin ilin oktyabrın
8-də hərbi xidmətə yola düşüb. İlk olaraq Lənkəran şəhərində xidmət edib. Daha
sonra xidmətini Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə davam
etdirib. Xüsusi Təyinatlı Qüvvələrin təlimlərindən uğurla keçən Bağırov
xidmətini burada davam etdirib.

Əsgər Emin Bağırov, 2016-cı ilin 2-5 apreldə baş verən Aprel döyüşləri zamanı
aprelin 4-də şəhid olub. Aprelin 6-da isə doğulduğu Bakı şəhərinin Binəqədi
rayonunda dəfn edilib.

Şəhid Emin İmran oğlu Bağırov ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə
görə” III dərəcəli medalı ilə təltif edilib.

Cixisyolu.com-ın əməkdaşı şəhidin qardaşı Yaqub Bağırovla danışıb.

– Yaqub bəy, qardaşınızla bağlı xatirələrinizdən danışmağınızı istərdim.

– Emin uşaqlıqdan qeyri-adi idi. İdmanla məşğul olurdu. Uşaq yaşlarından
hərbiyə marağı var idi. Hər zaman birinci olmağa can atırdı. Dövlət Bədən
Tərbiyəsi və İdman Akademiyasına balı çatmadığından əsgərliyə getməli oldu.
İdmanla çox məşğul olduğundan dərslərə yaxşı hazırlaşa bilmədi. Əsgərlikdə olan
zaman bir dəfə evə gəldi, boks əlcəklərini özü ilə apardı ki, orda əsgər
yoldaşlarına da öyrətsin. Əsgər yoldaşları deyirdilər ki, Emin 5, 10 il hərbidə
olan əsgərlər kimi döyüşürdü. Halbuki, Emin orta məktəbi bitirib, xidmətə
yollanmışdı. Xidmətdə olan zaman hərbiyə marağı daha da artdı. Məktəbdə də
yaxşı oxuyub. Müəllimlər onu danlayırdılar ki, hər dəfə əlini sən qaldırma
dərsə, qoy, başqa uşaqlar da danışsınlar. Uşaqlıqdan üzünə bayraq şəkli
çəkirdi, hislə qaraldırdı. Deyirdi, “mən Xocalının qisasını düşməndən alaram”.
Xocalı hadisəsi baş verəndə, o, heç anadan olmamışdı.

– Eminin hərbçi olmaq istəməsindən necə xəbər tutdunuz?

– Emin bir gün atama zəng vurub dedi ki, “ata, mənə halallıq ver, hərbçi olmaq
istəyirəm”. Atam onun bu istəyinə etiraz etdi. Çünki düşünürdü ki, on doqquz
yaşında birinin xüsusi təyinatlılarla birgə döyüşə girməsi asan məsələ deyil.
Lakin qardaşım istəyinə nail oldu. O, Xüsusi Təyinatlı Qüvvələrdə xidmət
edirdi. Döyüşlərə könüllü qatılıb. Onun komandiri gəlmişdi bizə, deyirdi ki,
Eminin atdığı güllənin heç biri boşa getmədi. Öz qisasını özü alırdı.

– Qardaşınızla mütəmadi olaraq əlaqə saxlaya bilirdinizmi?

– XTQ-də olduğu üçün görüşə bilməsək də, mütəmadi olaraq əlaqə saxlamağa
çalışırdı. Sonuncu dəfə Emin 2016-cı il aprel ayının 2-də evə zəng vurdu.
Atamla danışanda deyib ki, “ata, narahat olmayın, uğur bizim tərəfdədir.
Düşməni darmadağın etmişik”. Ondan sonra Eminin səsi gəlməyib. Həmin gündən
sonra qardaşımla əlaqə yaratmaq mümkün olmadı. Həmin danışıq elə son oldu.

Aprel ayın 4-də Emin səhər saatlarında Talış kəndində şəhadətə qovuşub.
Deyilənə görə, yaxın dostu Təbrizin həlak olduğunu görən Emin onu götürmək üçün
özünü qabağa atıb. Elə bu vaxt atılan digər mərmi Eminin həyatına son qoyub.

Biz aprelin 5-də axşam xəbər tutduq. Lakin kənd camaatı bizdən bir neçə saat
öncə xəbərdar imiş. Qardaşımı aprelin 6-da dəfn etdik. Biz ailədə üç qardaşıq.
Ən kiçiyimiz Emin idi. Ən balacamızı çiynimizdə apardıq. O, aprel ayının 1-də
xidmətini başa vurub öz ayaqları ilə evə gələcəkdi. Lakin qismət olmadı.

– Emin sonuncu dəfə evə nə vaxt gəlmişdi?

– Mart ayının əvvəli idi. Sətəlcəm olmuşdu. Evə gəldi, bircə gün müalicə
olundu. Ertəsi günü getdi. Biz onu müalicəsi üçün saxlamaq istəyirdik. Lakin
razı olmadı. O sonuncu görüşümüz imiş.

– Qardaşınızın ən böyük arzusu nə idi?

– Düşünürəm ki, qardaşım ən böyük arzusuna çatdı. Onun ən böyük arzusu Vətən
uğrunda şəhid olmaq idi. Bununla bağlı bir neçə ay öncə şəxsi sosial şəbəkə
hesabında paylaşım da etmişdi. Ən böyük istəyinə nail oldu.

– 2020-ci il 10 noyabr torpaqlarımızın düşmən tapdağından azad olunması
xəbərini necə qarşıladınız?

– Həm sevinc, həm də kədər hissi ilə qarşıladıq. Sevinc o idi ki,
torpaqlarımız azad olundu. Kədər isə əvəz olunmaz oğullarımızın şəhid olmasına
görə idi. Şükür ki, torpaq uğrunda canından keçən qardaşlarımızın qisası alındı.

Nəzrin Vahid

Source link