Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aprelin 3-də dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək.
Komitədən ÇıxışYolu.Com -a verilən məlumata görə, budəfəki hərracda müxtəlif çeşidli 184 dövlət əmlakı öz sahibini axtarır.
Bunlardan 18-i səhmdar cəmiyyətləri, 93-ü kiçik dövlət müəssisə və obyekti, 67-si isə istifadəsiz qeyri-yaşayış sahəsi, 6-sı nəqliyyat vasitəsidir.
Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Zaqatala Fındıq”, “Anar”, “Salyan Kəndkimya“, “Xəzər Avtonəqliyyat”, “Lənkəran Mebel“ və digər bu kimi səhmdar cəmiyyətləri aiddir.
Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.
Prosesə çıxarılan səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir. Bu kateqoriyaya aid edilənlər arasında səhmləri özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak “Zaqatala Fındıq” ASC-dir.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrə aiddir. Bu əmlaklar paytaxtla yanaşı, Balakən, Şəmkir, Cəlilabad, Mingəçevir, Şəki və digər şəhər və rayonlarda yerləşir. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 20 kvadratmetr ilə 3 813 kvadratmetr arasında dəyişir.
Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Şamaxı, Qusar, Ağcabədi və digər şəhər və rayonlarında yerləşir. Prosesə çıxarılan müəssisələr sırasında Qusar Tədarük Satış Bazası, Şamaxı ərazi Yun tədarükü və qəbulu idarəsi, Şəmkir yun tədarükü məntəqəsi kimi iri dövlət əmlakları var.
Sənaye sahəsində fəaliyyətini genişləndirməyə imkan verən kifayət qədər müəssisələr özəlləşməyə çıxarılıb. Şəmkir yun tədarükü məntəqəsi belə əmlaklardandır. Adıçəkilən əmlakın ümumi faydalı sahəsi 3 min 500 kvadratmetrə yaxın, torpaq sahəsi isə 6 mindən çoxdur.
Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında Bakının Xəzər rayonunda yerləşən Mərdəkan restoranını misal göstərmək olar. Əmlakın ümumi faydalı sahəsi 2 min kvadratmetrə yaxındır.
Bundan başqa, Şəki istirahət zonası da sahibi üçün iaşə sahəsində gəlirli hesab olunur. Adıçəkilən əmlak torpaq sahəsi ilə birgə özəlləşdiriləcək. Həmin obyektin ümumi faydalı sahəsi 372 kvadratmetr, torpaq sahəsi isə 10 min kvadratmetr təşkil edir.
Özəlləşdirilməyə çıxarılan istifadəsiz qeyri-yaşayış sahəsindən isə 49-u paytaxtda, qalanları isə Gəncə, Sumqayıt, Xızı, Tovuz, Lənkəran və digər rayon və şəhərlərdə yerləşir. Belə əmlakların sahəsi 13 kvadratmetrlə 1 621 kvadratmetr arasında dəyişir.
Hərraca müxtəlif markalı nəqliyyat vasitələri də çıxarılıb. Özəlləşdiriləcək avtomobillər arasında Avropa istehsalı olan maşınlar üstünlük təşkil edir. Nəqliyyat vasitələrinin buraxılış tarixi 2002-2007-ci illəri əhatə edir.