b77a43cf-dbef-492e-bc80-5dfc3bee4c85..jpg

Aqrar sahədə lizinq fəaliyyəti, kredit və faizlərlə ilə bağlı bəzi məsələlərə dəyişiklik edildi

Baxış sayı: 613 dəfə baxılıb.

Aqrar sahədə lizinq fəaliyyəti, kredit və faizlərlə ilə bağlı bəzi məsələlərə
dəyişiklik edildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyev “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə
lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanında dəyişiklik
edilməsi və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar
Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə ilə bağlı bəzi məsələlərin
tənzimlənməsi barədə Fərman imzalayıb.

Bu barədə President.az xəbər
verir.

Fərmanda deyilir:

“1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413
nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, №
12 (I kitab), maddə 2570; 2020, № 4, maddə 402; 2022, № 2, maddə 95, № 8, maddə
846; 2023, № 8 (I kitab), maddə 1148) aşağıdakı dəyişikliklər edilsin:

1.1. aşağıdakı məzmunda 2-1-ci hissə əlavə edilsin:

“2-1. Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Qaydaya uyğun olaraq verilən
dövlət zəmanəti və faiz subsidiyası 2028-ci il yanvarın 1-dək dövlət zəmanəti
verilərək bağlanılmış bütün kredit müqavilələrinə şamil edilir.”;

1.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd
Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən
istifadə Qaydası”na aşağıdakı məzmunda 6.1-1 – 6.1-4-cü bəndlər əlavə edilsin:

“6.1-1. “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair
bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il
19 iyul tarixli 1754 nömrəli Fərmanına əsasən, ərzaqlıq buğda istehsalı ilə
bağlı öhdəlik götürərək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
ilə müqavilə bağlamış sahibkarlıq subyektlərinə, müasir suvarma sistemlərinin
alınması üçün kredit təşkilatlarının öz vəsaitləri hesabına verilən və
aşağıdakı tələblərə cavab verən kreditlərə bu Qaydanın 6.1-2-ci bəndinə uyğun
olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada
dövlət zəmanəti və Azərbaycan Respublikasının dövlət büdcəsindən bunun üçün
Agentliyə ayrılmış vəsait hesabına faiz subsidiyası verilir:

6.1-1.1. hər bir layihə üzrə kreditin məbləği 3 000 000 (üç milyon) manatdan
çox olmamalı;

6.1-1.2. müasir suvarma sistemlərinin alıcıları tərəfindən həmin sistemlərin
qiymətləndirmə nəticəsində müəyyən olunan satış dəyərinin minimum 20 faizi
həcmində ilkin ödəniş edilməli;

6.1-1.3. kreditin illik faiz dərəcəsi 15 faizdən yuxarı olmamalı;

6.1-1.4. kreditin müddəti 5 (beş) ildən çox olmamalı;

6.1-1.5. kredit üzrə güzəşt müddəti müasir suvarma sistemlərinin alınması,
quraşdırılması, ərzaqlıq buğda əkini, yığımı və satışı üçün bazarda tələb
olunan müddətlərə uyğun olmalı, lakin 12 (on iki) aydan çox olmamalıdır.

6.1-2. Bu Qaydanın 6.1-1-ci bəndinə uyğun olaraq verilmiş kreditlərə ümumi
kredit məbləğinin aşağıda müəyyən olunmuş həddində dövlət zəmanəti verilir:

6.1-2.1. illik faiz dərəcəsi 14,01 faizdən 15 faizədək olduqda – 30 faiz;

6.1-2.2. illik faiz dərəcəsi 13,01 faizdən 14 faizədək olduqda – 40 faiz;

6.1-2.3. illik faiz dərəcəsi 12,01 faizdən 13 faizədək olduqda – 50 faiz;

6.1-2.4. illik faiz dərəcəsi 12 faizədək olduqda – 60 faiz.

6.1-3. Bu Qaydanın 6.1-2.1 – 6.1-2.4-cü yarımbəndlərinə uyğun olaraq verilən
kreditlər üzrə sahibkarlıq subyektləri illik 5 faiz dərəcəsi ödəyir, qalıq faiz
dərəcəsi isə bu Qaydanın 6.1-1.3-cü yarımbəndi nəzərə alınmaqla dövlət
büdcəsindən Agentliyə ayrılmış vəsait hesabına ödənilir.

6.1-4. Bu Qaydanın 6.1-1-ci və 6.1-2-ci bəndlərinə uyğun olaraq verilmiş
kreditin illik faiz dərəcəsinin subsidiyalaşdırılan hissəsi dövlət büdcəsindən
bu məqsədlərlə ayrılmış vəsait hesabına agentlik tərəfindən rübdə 1 (bir)
dəfədən az olmamaqla kredit təşkilatına ödənilir. Kreditin əsas məbləğinin
ödəniş qrafiki mövsümilik amili əsasında sahibkarlıq subyektinin dövriyyəsi və
ərzaqlıq buğda istehsalı nəticəsində satışdan daxilolmalar nəzərə alınmaqla
müəyyən olunur.”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. üç ay müddətində:

2.1.1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan
Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Dövlət Su Ehtiyatları
Agentliyinin təklifləri əsasında yerli istehsal məhsulu olan müasir suvarma
sistemlərinin satışı zamanı tətbiq edilən dövlət güzəştlərinin artırılması ilə
bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.1.2. bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq, sahibkarlıq subyektlərinə
veriləcək kreditlər üzrə dövlət zəmanətinin verilməsi qaydasını təsdiq edib
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yerli istehsal məhsulu
olan müasir suvarma sistemlərinin yerli istehsala aid olmasına dair meyarları
altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin”.

Source link