ca5b2404-6ca6-4e55-8c9c-b06ac5d392d2..jpg

AQTA bayram günləri ilə bağlı vətəndaşlara çağırış edib

Baxış sayı: 709 dəfə baxılıb.

AQTA bayram günləri ilə bağlı vətəndaşlara çağırış edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yeni illə əlaqədar spirtli içkilərin kütləvi istehlakını nəzərə alaraq,
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) vətəndaşları diqqətli olmağa
çağırıb.

Agentlikdən verilən məlumata görə, ölkədə bayram ərəfəsində qanunsuz yollarla
saxta spirtli içki hazırlayıb insanların sağlamlığı və həyatı bahasına qazanc
əldə etməyə çalışan “işbaz”lara rast gəlinir.

Bu kimi qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində AQTA və
hüquq-mühafizə orqanları tərəfindən mütəmadi qaydada yoxlama-nəzarət
tədbirləri, reydlər keçirilir və aşkar olunan qanunazidd faktlarla bağlı ən
sərt tədbirlər görülür. Bununla yanaşı, əhalinin də bu məsələyə ciddi yanaşması
və diqqətli olması vacibdir.

Mütəxəssislərin rəyinə görə, kustar üsullarla saxta spirtli içkilərin
hazırlanmasında metil (metanol) spirtindən istifadə edilir. İstehlakçıların
zəhərlənməsinə səbəb olan metil texniki, sənaye spirtidir və onun qida kimi
istifadə edilməsi yolverilməzdir. Metil spirtinin az miqdarda qəbulu belə,
orqanizmdə çox ciddi fəsadlara səbəb olur. Nəticədə mərkəzi sinir və
mədə-bağırsaq sistemi, xüsusilə gözün torlu qişasını zədələməklə görmə ilə
əlaqədar olan ağır fəsadlar yaradır.

Qida üçün nəzərdə tutulmayan, insan sağlamlığına təhlükə yaradan maddələrin
spirtli içki məhsullarının hazırlanmasında istifadə olunması qəti şəkildə
yolverilməzdir. Həmçinin vətəndaşların həyat və sağlamlığına qəsd törətdiyi
üçün cinayət məsuliyyəti yaradır. Adətən, dələduzlar gizli və qapalı məkanlarda
bu cür qanunsuz fəaliyyətlə məşğul olduğundan onların aşkarlanması və ifşa
olunmasında vətəndaşların dəstəyinə və bu istiqamətdə ictimai nəzarətin
gücləndirilməsinə ehtiyac var.

Vətəndaşlardan belə qanunsuz hallarla bağlı aidiyyəti dövlət orqanlarına, o
cümlədən agentliyin “1003” Çağrı Mərkəzinə məlumat vermələri xahiş olunur. Eyni
zamanda ictimai iaşə, satış və digər məkanlardan qida məhsulları alarkən
məhsulun qablaşdırmasına, etiket məlumatlarına diqqət yetirsinlər, qida
təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun sənədləri tələb
etsinlər.

Source link