AQTA bazar rəhbərlərinə xəbərdarlıq etdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ərzaq və
heyvan satışı bazarlarında nəzarət tədbirlərini genişləndirib.
Qurumdan verilən məlumata görə, Agentlik hazırda davam etdirilən monitorinq və
yoxlamalar zamanı aşkarlanan nöqsanlarla əlaqədar ölkə ərazisində fəaliyyət
göstərən bazar rəhbərlərinə xəbərdarlıq edib.
Belə ki, yalnız 2023-cü il ərzində ölkə ərazisində fəaliyyət göstərən
bazarların daxilində yerləşən ət satışı obyektlərini qiymətləndirmək üçün
Agentlik tərəfindən monitorinq həyata keçirilən 63 bazarda 400 nöqsan aşkar
olunub. Həmçinin 68 bazarda aparılan yoxlamalar zamanı uyğunsuzluqlar müəyyən
edilib. Bununla əlaqədar olaraq, müvafiq tədbirlər görülüb.
Cari ilin ötən dövründə isə ümumilikdə 17 bazarda yoxlama aparılıb. Yoxlamalar
zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulması
ilə bağlı bir sıra uyğunsuzluqlar aşkar edilib ki, bununla əlaqədar bazarlardan
4-ündə işlərin görülməsinin, xidmətlərin göstərilməsinin dayandırılması, 8-ində
iş personalının üzvünün (üzvlərinin) kənarlaşdırılması, 6-sında məhsul
satışının dayandırılması, birində məhsul satışının qadağan olunması, birində
isə məhsul istehsalının (quş kəsimi) dayandırılması barədə məhdudlaşdırıcı
tədbirlərin tətbiqinə dair qərarlar qəbul edilib. Eyni zamanda 17 sahibkarlıq
subyekti barəsində AQTA tərəfindən inzibati məsuliyyət tədbirləri görülüb və
bazar rəhbərlərinə aşkarlanmış nöqsanların müəyyən edilən müddət ərzində aradan
qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Yoxlamalar
çərçivəsində 1 bazarda saxta spirtli içkilər aşkar olunaraq, toplanmış
materiallar aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilib.
Monitorinq və yoxlamaların aparılması ilə yanaşı, ötən müddətdə Agentlikdə
bazar tipli ticarət mərkəzlərinin rəhbərləri ilə görüş keçirilib və “Qida
təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn
tələblər onların diqqətinə çatdırılıb. Eləcə də bazar rəhbərlərinə mövcud
tələblər barədə məktubla məlumat verilib, habelə fəaliyyətlərinin həmin
tələblərə uyğunlaşdırılması üçün zəruri tədbirlərin görülməsinin təmin edilməsi
və nəticəsi barədə AQTA-ya məlumat verilməsi istənilib. Buna baxmayaraq, bəzi
bazarlarda qida təhlükəsizliyi tələblərinə hələ də əməl olunmur.
Agentlik bir daha bazar rəhbərlərinin nəzərinə çatdırır ki, qida obyekti
(subyekti) qeydiyyata alınmalı və Qida Təhlükəsizliyi Reyestrinə daxil
edilməli, bazarlarda sanitariya-gigiyena qaydalarına, mal qonşuluğu
prinsiplərinə ciddi riayət olunmalı, tez xarab olan məhsulların (ət və süd
məhsulları) satışı üçün sahələr soyuducu dolab və ya vitrin, həmçinin
dondurucularla təchiz edilməli, yararlılıq müddəti göstərilməmiş, istifadə
müddəti ötmüş, habelə markalanması, qablaşdırılması, etiketlənməsi, əmtəə
görünüşü pozulmuş məhsullar satılmamalıdır. İstifadəyə yararsız və təhlükəli
qida məhsullarının zərərsizləşdirilərək məhv edilməsi üçün bazarlarda
utilizasiya sobası təşkil edilməlidir. Həmçinin qida ilə təmasda olan işçilər
ilkin və dövri tibbi müayinədən keçməli, xüsusi geyimlə təmin edilməli və digər
tələblər yerinə yetirilməlidir.
Agentlik bildirib ki, qida təhlükəsizliyi tələblərinə riayət etməyən
sahibkarlar barəsində ən sərt tədbirlər görüləcək.