Ara qarışdıran USAID direktoru: Samanta Pauer ermənilərin çaldığı havaya
oynayır – ŞƏRH + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanın birbaşa danışıqlar barədə təklifinə Ermənistan hazır olduğunu
bildirib. Ötən gün ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller də
tərəflər arasında birbaşa dialoqa tərəfdar olduqlarına dair açıqlama verib.
Bununla da Bakı ilə İrəvan arasında bir neçə aydır kəsilmiş təmasın bərpa
ehtimalı artıb.
Belə bir həssas şəraitdə araqarışdıranlar da tapılır. Məsələn, ABŞ senatoru
Marko Rubio sosial şəbəkədəki səhifəsində Azərbaycana yardımın edilməməsinə
münasibət bildirərək yazıb ki, ABŞ-nin vergi ödəyicilərinin pulu ilə onlara
yardım edilməməlidir.
Çox təəccübləndirici və təəssüfləndirici açıqlamadır. Azərbaycan torpaqlarını
işğal altında saxlayanda Birləşmiş Ştatların Ermənistana etdiyi yardımlar da
vergi ödəyicilərinin pulu idi. Yoxsa belə yardımlarla bağlı senatorların “qara
xəzinəsi” var? Odur ki, senatorun bu açıqlaması yersiz və məntiqsizdir.Marko
Rubio ilə yanaşı duranlardan biri də ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin
(USAID) direktoru Samanta Pauerdir. O, son iki ayda Qarabağı (o, “Dağlıq
Qarabağ” deyib) “100 mindən çox sakinin tərk etdiyini” iddia edərək yazıb: “ABŞ
Qarabağın etnik ermənilərini dəstəkləməyə davam edəcək”.
O, həmin erməni sakinlərə Vaşinqtonun dörd milyon dollar əlavə yardım etdiyini
bildirib. S.Pauerin sözlərinə görə, ABŞ 2020-ci ildən indiyədək erməni
sakinlərə 28 milyon dollar humanitar yardım ayırıb.
Qeyd edək ki, Beynəlxalq İnkişaf Agentliyi, əsasən, mülki xarici yardım və
inkişafın idarə edilməsinə cavabdehdir. USAID 27 milyard dollardan çox büdcə
ilə dünyanın ən böyük rəsmi yardım agentliklərindəndir. Bu, ABŞ-nin bütün
xarici yardımının yarısından çoxunu təşkil edir. Agentlik 1961-ci ilin
sentyabrında prezident Con Kennedinin sərəncamı ilə yaradılıb. Yeri gəlmişkən,
noyabrın 22-də onun qətlə yetirilməsinin 60-cı ildönümüdür.
Samanta Pauer adi, sıradan bir vətəndaş cəmiyyətinin lideri deyil. O, vaxtı
ilə ABŞ-nin BMT-də səfiri olub. Hətta 2016-cı ilin aprelində onun kortejindəki
avtomobillərdən biri Kamerundan olan azyaşlı uşağın ölümü ilə nəticələnmiş
yol-nəqliyyat hadisəsi törəmişdi.
S.Pauer beynəlxalq hüquq və münasibətlərdən də məlumatsız deyil. Bu baxımdan
Azərbaycan daxilindəki ərazinin adını təhrif etməklə beynəlxalq normaları
pozub. O, Qarabağ bölgəsini könüllü olaraq tərk etmiş erməni sakinlərin
vəziyyətini də təhrif edib. Agentlik direktoru rəsmi Bakının həmin sakinlərə
Azərbaycana inteqrasiya ilə bağlı açıqlamalarını heç yada da salmayıb.
USAID rəhbəri bu ilin sentyabrında Bakıda səfərdə olub. O, Ermənistandan silah
və güc yolu ilə evlərindən, tarixi torpaqlarından qovulmuş 300 minə yaxın Qərbi
azərbaycanlının heç biri ilə görüşməyib. USAID 35 ildə onlara bir sent yardım
etmədiyi halda, bu gün könüllü olaraq Azərbaycanı tərk etmiş erməni sakinlərin
halına acıyır. Qərbi azərbaycanlılara qarşı analoji münasibət heç vaxt olmayıb.
S.Pauerin Ermənistanın, ermənilərin çaldığı havaya oynadığı da görünən
qədərdir. Direktor yazıb ki, Azərbaycanı tərk etmiş könüllü ermənilərin sayı
100 mindən çoxdur. Oxşar rəqəmi erməni və havadarlarının mənbəyi də iddia edir.
USAID kimi nüfuzlu bir təşkilatın başçısı humanizm prinsipini erməni
təəssübkeşliyinə qurban verib. O, Bakıya səfəri zamanı Ermənistanda istehsal
olunan və ermənilər tərəfdən basdırılan minaların qurbanları ilə bağlı məsələyə
də diqqət yetirmək istəməyib.
Qeyd edək ki, 2020-ci il noyabrın 10-dan indiyədək Azərbaycanın işğaldan azad
edilmiş ərazilərində baş vermiş mina hadisələri nəticəsində 337 nəfər minadan
zərər çəkib. 2023-cü ilin 19-20 sentyabrında keçirilən antiterror tədbiri
nəticəsində nəzarətə götürülmüş ərazilərdə daha 500 mindən artıq mina və
partlamamış sursat olduğu üzə çıxıb.
Azərbaycanla Ermənistan arasında olduqca həssas bir dövrdür. İndiki şəraitdə
istənilən qərəzli açıqlama, fəaliyyət, yersiz çıxış və istənilən şəkildə
birtərəfli yardım qıcıq yaradır, gərginliyin artmasına təsir göstərir. Belə
fəaliyyət rəsmi Bakı və İrəvan arasında normallaşma, sərhəd, sülh müqaviləsi
ilə bağlı prosesə maneədir.
Samanta Pauerin fəaliyyəti və açıqlaması aranı qarışdırıb. Ermənistanda
səfərdə olanda Azərbaycanı könüllü tərk etmiş ermənilərlə görüşdə sakinlər ona
etiraz edərək qışqırıblar: “Rədd olun, gedin ölkənizə!”, “Bəsdir yalan
danışdınız!”
Deyəsən, ermənilərlə təkbətək danışıqlar üçün əsaslar yaranır. Çünki Samanta
Pauer kimi direktora oxşar şəkildə etirazı Bakıda da bildirə bilərlər.
“Report” İnformasiya Agentliyi