ARAF-ın baş katibi: “Bütün dünya polonun məhz çövkəndən yarandığını qəbul
edir” – MÜSAHİBƏ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Noyabrın əvvəllərində Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF)
təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr
olunan Milli Atçılıq Festivalı və çövkən üzrə ilk dünya çempionatı keçirilib.
Binə Atçılıq Mərkəzində baş tutan mundialla yanaşı, milli cins atların –
Qarabağ və Dilbaz atlarının iştirakı ilə cıdır yarışları və yorğa qaçışları da
təşkil olunub.
Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Polşa və Mərakeş millilərinin
iştirakı ilə keçirilən çövkən üzrə dünya çempionatının qalibi Azərbaycan
yığması olub. Komandamız Türkiyəni 7:1, Qazaxıstanı 6:0, Mərakeşi isə 4:0
hesabı ilə məğlub edərək, qızıl medalları qazanıb.
Mötəbər yarışla bağlı “Report”un suallarını cavablandıran ARAF-ın baş katibi
Bəhruz Nəbiyev qonaqların təşkilatçılıqdan məmnun qaldıqlarını bildirib,
gələcək hədəflərdən bəhs edib.
Həmin müsahibəni təqdim edirik:
– Başa çatan dünya çempionatı ilə bağlı təəssüratlarınız necədir?
– Dünya çempionatı ilk dəfə keçirilirdi. Milli atçılıq bizim üçün çox önəmli
olduğundan, bunu həm ölkə daxilində, həm də Azərbaycanın hüdudlarından kənarda
təbliğ etməyə çalışırıq. Budəfəki dünya çempionatında iştirakçı sayı 6 idi.
Birinci dəfə təşkil olunduğundan, komanda sayını minimumda tənzimlədik. Amma
getdikcə daha çox ölkənin bu idman növünə cəlb olunmasını planlaşdırırıq. Artıq
bütün dünya polonun məhz çövkəndən yarandığını qəbul edir. Yəni çövkən polonun
əsl adıdır. Bu da bizə polo ilə məşğul olan dünya yığmalarını çövkənə cəlb
etmək imkanı verir. İştirakçılar özləri də deyirdilər ki, çövkən yaranmasaydı,
polo da olmazdı.
– Azərbaycan millisinin yarışın qalibi olması yəqin ki, təəccüblü olmadı…
– Çox maraqlı üç oyun günü keçirdik. Gözlədiyimiz kimi, Azərbaycan yığması
çempion oldu. Çünki bu idman növü digər ölkələrlə müqayisədə Azərbaycanda daha
geniş yayılıb. Rəqiblərin müqavimətinə baxmayaraq, Azərbaycanın çempionluğunu
gözləyirdik. Digər komandalardan isə Mərakeşin çıxışını vurğulamaq olar.
Finalda məhz bu komandaya qalib gəldik.
– İştirakçı komandalar buranı hansı təəssüratlarla tərk etdilər?
– Bütün iştirakçı komandalar Azərbaycandan xoş fikirlərlə ayrıldılar. Hətta
çoxu ilk dəfə ölkəmizə gəlmişdi. Burada yüksək qonaqpərvərliklə
qarşılandıqlarını vurğuladılar. Yarış bitəndən sonra bizə təşəkkür məktubları
ünvanlayanda da bu məqam xüsusi vurğulanırdı. Komandaları təxminən 8 gün Bakıda
qonaq etdik. Onların məskunlaşdıqları məkan, gündəlik qidalanmaları, nəqliyyatı
tərəfimizdən qarşılanmışdı. Hətta qonaqlar üçün şəhər turu da təşkil etmişdik.
Çünki beynəlxalq turnirə evsahibliyi etdiyimiz zaman iştirakçıların Bakı,
Azərbaycan, millətimiz, milli dəyərlərimiz ilə tanış olmalarını da istəyirik.
Qonaqları ölkəmiz, Bakının gözəlliyi ilə tanış etmək üçün bu yarışlar səbəb
olur. Azərbaycanın necə tolerant ölkə olduğunu hər kəsə nümayiş etdirdik. Çünki
gələnlər arasında müxtəlif dini inancları olan insanlar var idi. Onların heç
biri ayrı-seçkilik hiss etmədi. Ümumilikdə bütün qonaqlarımız Azərbaycandan
yüksək təəssüratlarla ayrıldılar.
– Dünya çempionatı üçün 6 komanda az deyildi?
– Tamamilə doğrudur, dünya çempionatı üçün 6 komanda azdır. Sadəcə, bu,
başlanğıc idi. Çövkənin beynəlxalq arenalarda keçirilməsinə məhz dünya
çempionatı ilə start vermişik. Bu, həm də bizim üçün test idi. Polo çövkəndən
yaransa da, aralarında müəyyən fərqlər var. Poloçuları çövkənə hansı formada
uyğunlaşdıra biləcəyimizi yoxladıq. Bu sınaq müsbət nəticə verdi. Rəqib
komandalarda peşəkar poloçular olduğundan, çövkəni tez qavradılar. Çox az sayda
qayda pozuntuları ilə üzləşdik. Oyunlar zamanı bütün künclərə kameralar
yerləşdirilmişdi. Hər hansı qayda pozuntusu zamanı hakim qərarını verdikdən
sonra belə, epizodun təkrar izlənilməsi mümkün idi. Finalda bir epizodla bağlı
məhz videotəkrara baxdıqdan sonra qərar verildi.
Düşünürəm ki, gələcəkdə qitə çempionatları, eləcə də final mərhələsinə
yüksəlmək üçün təsnifat mərhələləri təşkil etmək olar. Ən böyük istəyimiz bu
idman növünü mümkün qədər çox ölkədə tanıtmaq və onların yarışlara cəlb
edilməsinə nail olmaqdır.
– Qonaqlar daha çox nədən razı və ya narazı qaldılar?
– İştirakçı komandaların nümayəndələri ilə tez-tez həm fərdi, həm də kollektiv
şəkildə görüşlər keçirdik. Çövkənin onlara nə dərəcədə maraqlı gəldiyini
öyrənməyə çalışırdıq. Qonaqlar tərəfindən iki məsələ yüksək qiymətləndirildi.
İlk növbədə oyunların çox maraqlı keçdiyini dedilər. Məsələn, poloda o qədər
çox qayda pozuntusu olur ki, görüşün tempi aşağı düşür. Çövkəndə isə qaydalar
sərt deyil. Hər hissəsi 15 dəqiqədən ibarət olan iki hissəlik oyun yüksək
tempdə keçir. Digər məqam isə atlar idi. Bu çempionatda yalnız milli
atlarımızdan istifadə edirdik. Dünya çempionatını da Milli Atçılıq Festivalı
çərçivəsində təşkil etmişdik. Milli cins atların dözümlülüyü, dayanıqlılığı
idmançıları təəccübləndirmişdi. Bu cür beynəlxalq tədbirlər vasitəsilə milli
cins atlarımızın şöhrətinin bütün dünyaya yayılmasına nail olacağıq.
– Növbəti dünya çempionatı harada keçiriləcək?
– İkinci dünya çempionatını daha çox komandanın iştirakı ilə məhz Bakıda
keçirməyi planlaşdırırıq. 2024-cü ilin sentyabrında, çox güman ki, daha çox
yığmanın iştirakı ilə mundial Bakıda təşkil olunacaq. Çövkən bizim üçün qədim,
ənənəvi idman növü olsa da, bir çox ölkə üçün yenidir. İlk mərhələdə bu idman
növünü tanıtmalı, ətrafımıza mümkün qədər çox komanda toplamalıyıq.