Araz Abdullayev: “Milliyə dəvətlə bağlı həmişə gözləntim və inamım olub” –
MÜSAHİBƏ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Kosova mənim üçün bu durumda heç də pis seçim deyil. Komandamızı bəyənirəm.
Burada uğur qazanacağıma inanıram. Hər şey qarşıdadır”.
Bu sözləri Futbolinfo.az saytına müsahibəsi zamanı Azərbaycan millisinin
yarımmüdafiəçisi, hazırda Kosovanın “Lapi” klubunda çıxış edən Araz Abdullayev
deyib.
Həmin müsahibəni təqdim edirik:
– Kosovoda işlərin necə gedir?
– Pis deyil. Sadəcə, zədə mənə bir az çətinlik yaradır. Formaya düşməyimi bir
qədər gecikdirir. Sağalandan sonra daha yaxşı oynamağa, bura tam uyğunlaşmağa
və yaxşı səviyyədə çıxış etməyə çalışacağam.
– Bir müddət futbolsuz qaldın və sonra yenə legioner həyatını seçdin. Hər şey
necə baş verdi?
– Futbolsuz qaldıqda belə fərdi məşqlərimi edirdim. Sadəcə komanda ilə məşqlər
tamamilə başqadır. Almaniyadan da bəzi təkliflər var idi, hətta bilet də
alınmışdı. Son anda müəyyən problemlər ortaya çıxdı və bu keçid baş tutmadı.
Mən də buranı seçdim. Həm də zamanım az idi. “Sumqayıt”dan ayrılanda “Səbail”
məni heyətində görmək istəyirdi. Ölkə kənarına çıxmaq istəyimə görə bu təklifə
çox isti yanaşmadım. Kosova mənim üçün bu durumda heç də pis seçim deyil.
Komandamızı bəyənirəm. Burada uğur qazanacağıma inanıram. Hər şey qarşıdadır.
Baxaq, görək hadisələr necə cərəyan edəcək? Hər halda pozitivəm və mənə inanan
insanların etimadını doğrultmağa, ölkəmizi burada yaxşı təmsil etməyə çalışıram.
– Kosovo çempionatı necədir? Azərbaycanla müqayisədə daha yaxşı, ya pisdir?
– Bizim çempionat stadion və səviyyə baxımından daha üstündür.
– Bir neçə dəfə legioner həyatı yaşasan da, hamısı qısa sürüb. Bu dəfə
uzunömürlü olacağına və daha güclü çempionatlara gedəcəyinə inanırsan?
– Əlbəttə, hər zaman daha yaxşısına fokuslanmalısan. Maksimumu istəməlisən ki,
ən azından minumuma yiyələnəsən. Əsas odur ki, futbolu sevirəm və meydanda
olduğum zaman özümü çox xoşbəxt hiss edirəm. Başqa heç bir şey düşünmürəm və
gücüm bitənə qədər futbol oynayacağam.
– “Lapi”yə keçdikdən sonra başqa təkliflər aldınmı?
– Buraya gəldiyimdə formaya düşmək üçün zaman lazım idi. Dediyim kimi zədə bir
az gecikdirir. Tam istədiyim fərqi göstərməyim üçün zaman lazımdır.
– Azərbaycan futbolu haqqında orada hansı fikirlər var?
– “Qarabağ”, “Neftçi” kimi komandaları tanıyırlar.
– Hansısa azərbaycanlı futbolçunu komandaya təklif eləmisən?
– Maraqlansalar, niyə də yox? Əlbəttə, bizim oyunçuların yaxşı klublarda çıxış
etməsini istəyirəm. Milli komandaya döndükdə onların legioner həyatı
yaşamasının fərqi hiss olunur. Bu da, təbii ki, ölkəmiz üçün yaxşı olacaq.
– Azərbaycan çempionatını izləyirsən? Diqqətini hansı komandaların çıxışı cəlb
edir?
– Bəli, izləyirəm, “Neftçi” ilə “Qarabağ”ın oyunlarına daha çox baxıram.
“Sabah”ın çox yaxşı kollektivi var, onların da yuxarı pillələrə qalxacağına
inanıram.
– “Qarabağ” 11 turda artıq üç dəfə uduzub…
– “Qarabağ”da bir sistem var. Ola bilər, bəzən çətin duruma düşürlər, ancaq
soyuqqanlılıq və Qurban Qurbanovun təcrübəsi sayəsində bunun öhdəsindən
gələcəklər.
– “Neftçi” də çətin durumdadır. Qeyri-sabit çıxış edirlər…
– “Neftçi”nin hər zaman yaxşı olmasını arzulamışam. Fərqi yoxdur, nə
olur-olsun bu komandaya sevgim böyükdür, çünki ən yaxşı zamanlarımı orada
keçirmişəm, özümü orada daha yaxşı hiss etmişəm.
– Kosovoda çıxış edib milli komandaya qayıda biləcəyinə inanırsan?
– Kosovo çempionatı struktur, səviyyə baxımından bizim liqadan aşağıdır. Yəni
məşqçi orada klublara görə daha üstün seçimlər edə bilir. Mənim milliyə dəvətlə
bağlı həmişə gözləntim və inamım olub. İndiki durumda isə zədəmi sağaldıb
futboldan zövq almaq istəyirəm. Digər qərarları məşqçilər verirlər. Milli
komandada artım var və gələcək oyunlarda onlara uğurlar arzu edirəm.