“Qarabağ” transfer pəncərəsinin son günündə Yunanıstanın “Panionios” klubundan Araz Abdullayevi iki illik icarə əsasında heyətinə qatmışdı.
ÇıxışYolu.Com xəbər verir ki, Abdullayev keçidi ilə bağlı öz fikirlərini klubun rəsmi saytına bildirib:
“Qarabağ” Azərbaycan və Avropada ən yaxşı çıxış edən komandamızdır. Fəxr edirəm ki, bu komandaya gəldim. Çalışacağam ki, komandaya xeyir verim və baş məşqçinin etimadını doğruldum. Komandada çıxış etdiyim mövqedə rəqabət var, kim güclüdürsə, o da oynayacaq.
Buraya gəlmişəm ki, meydanda olum və öz oyunumla komandaya kömək edim. Qarşıda çətin oyunlar var, ancaq komanda şəklində bir olub yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Avropa Liqasında çətin qrupda yer almışıq, amma “Qarabağ”ın öz sözünü deyəcəyinə inanıram”.
Abdullayev 9 nömrəli forma seçiminə də toxunub.
“Adətən geyindiyim həm 7, həm də 77 nömrə boş deyildi. Hücumda oynamağı xoşladığım üçün 9 nömrəni seçdim. Ümid edirəm ki, bu nömrə mənim üçün düşərli olacaq və meydanda olduğum müddətdə həm qol, həm də məhsuldar ötürmələrlə komandama kömək edəcəyəm”.
Araz sonda azarkeşlərə də səslənib:
“Qarabağ”ın azarkeş ordusu çoxdur, Avropa oyunlarında isə stadionda iki dəfə çox azarkeş olur və nəticə gözləyir. Biz də komanda olaraq onları sevindirmək üçün meydana çıxırıq. Azarkeşlərə deyirəm ki, çalışacağam öz oyunumla onları da sevindirim. Bizi sona qədər dəstəkləsinlər”.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com