“Araz-Naxçıvan”ın legioneri: “Azərbaycan çempionatı Portuqaliya ilə eyni
dərəcədə cəlbedici liqadır”
“Azərbaycan çempionatı Portuqaliyada öyrəşdiyimdən fərqli, amma eyni dərəcədə
rəqabətli və cəlbedici liqadır”.
Bu sözləri “Araz-Naxçıvan”ın futbolçusu Nuno Rodriges klubun mətbuat xidmətinə
müsahibəsində deyib.
Yay fasiləsində ölkəsinin “Kovilya” klubundan transfer edilən portuqaliyalı
vinger Azərbaycan Premyer Liqası barədə müsbət fikirlər səsləndirib:
“Premyer Liqanın öz özəlliyi var. Portuqaliya ilə müqayisədə əsas fərq burada
komandaların oyun üslubunun başqa olmasıdır”.
“Araz-Naxçıvan” Premyer Liqanın VIII turunda “Zirə”ni məhz Rodrigesin yeganə
qolu sayəsində məğlub edib. Həmin qarşılaşmanı dəyərləndirən 28 yaşlı oyunçu
mübarizənin gərgin alınacağını öncədən gözlədiklərini söyləyib:
“Çünki qarşımızdakı komanda turnir cədvəlinin zirvəsində yer alırdı. Hazırlığı
buna uyğun görmüşdük. “Zirə”nin oyun üslubu da fərqli idi. Bizə isə yaxşı
oynamağımıza rəğmən, yenildiyimiz “Səbail”lə matçdan sonra mütləq qələbə
qazanmaq lazım idi. Səbirlə oynadıq, az səhv etdik və lazım olan qolu vurduq”.
Komandasına qələbə qazandıran hücumameyilli futbolçu özünü qəhrəman hesab
etmir:
“Futbol komanda oyunudur və biz kollektiv olaraq bu qələbəni qazandıq. Qolu
mən vurdum, amma ona qədər neçə futbolçumuz əziyyət çəkdi. Abdulla Rzayev
cinahı təkbaşına yardı və topu mən olan nöqtəyə qədər daşıdı. Qəhrəman yox,
xoşbəxtəm, çünki qələbəyə kömək edə bildim, liqada ilk qolumu vurdum. Ən yaxşı
oyunlarımızdan birini keçirdik. Kiminsə əməyini itirmək, qiymətləndirməmək
olmaz”.
O, komandasının cari mövsümdəki çıxışını yüksək qiymətləndirib:
“Mövsümün əvvəlindəki vəziyyətimizi hər kəs bilir, yenidən onları sadalamaq
istəmirəm. Bu günə qədər baş verənləri təhlil etsək, müsbət dinamika və inkişaf
edən “Araz-Naxçıvan” görərik. Ancaq bununla kifayətlənmək olmaz. İnkişaf daimi
və davamlı olmalıdır”.
Nuno Rodriges IX turda “Sabah”la keçiriləcək səfər görüşündə qələbəni
hədəflədiklərini əlavə edib:
“İndiyə qədər keçirdiyimiz oyunların hamısı çətin keçib. Bu görüş də istisna
deyil. Ancaq baş məşqçimiz heç vaxt bizə heç-heçə etmək tapşırığı verməyib.
Digər oyunlara qələbə istəyi ilə çıxdığımız kimi, bu dəfə də 3 xal qazanmaq
üçün səfərə yollanacağıq. İstəyirik dövrəni major notlarla yekunlaşdıraq və
millilərin oyunları ilə bağlı yaranacaq fasiləyə müsbət əhvalda yollanaq”.
Qeyd edək ki, “Araz-Naxçıvan” hazırda 13 xalla turnir cədvəlinin dördüncü
pilləsində qərarlaşıb. Bu komandanın “Sabah”la matçı oktyabrın 7-də keçiriləcək.