“Araz”ın dörd oyunçusunun Belçikaya buraxılmamasına münasibət: Bu, çox üzücüdür

Baxış sayı: 4. 336 dəfə baxılıb.

“Araz”ın dörd oyunçusunun Belçikaya buraxılmamasına münasibət: Bu, çox üzücüdür

Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində Azərbaycan çempionu “Araz” ilk oyununu keçirəcək. 

ÇıxışYolu.Com xəbər verir ki, Naxçıvan təmsilçisi Belçika çempionu “Hale-Qooik”lə qarşılaşacaq. 

Oyunöncəsi “Araz”ın baş məşqçisi Joze Alesio Da Silva azfutzal.az saytına açıqlama verib:

“Bu turnirə tam fərqli hazırlaşmışdıq. Ancaq səfərə çıxan zaman fərqli, xoş olmayan “sürpriz”lə qarşılaşdıq. Dörd futzalçımıza viza verilmədi. Söhbət iranlı oyunçular – Hadi Əhmədi, Hadi Rizvan, Vahid Şəfi və Əmir Şücayidən gedir. Səfirliyə yarışla bağlı məktubu təqdim etsək də, qərar dəyişmədi.

Baş verənləri nəzərə alıb, digər planımızı reallaşdırmağa çalışacağıq. Əlbəttə, çətin olacaq, amma bacaracağımıza inanıram. Məşqdən əvvəl də uşaqlara dedim ki, əsas iki oyunu düşünməliyik və bu görüşlər üçün gücümüz var. Bu gün komandamızın üzərində təzyiq yoxdur ki, bu da rahat oynamağımıza imkan verəcək”.

Baş məşqçi futzalçılara vizanın verilməməsinin isə üzücü olduğunu, azarkeşlərə hörmətsizlik edildiyini vurğulayıb:

“Dörd oyunçumuzun bizə qoşula bilməməsi çox üzücüdür. Onlar UEFA bayrağı altında keçirilən yarışda iştirak etməyi çox istəyirdilər. Əlbəttə, bu, Çempionlar Liqasının adına yaraşmadır. Təbii ki, bundan itirən futzal olacaq. Azarkeşlər ən azı maraqlı oyunlar izləmək şansından məhrum edildilər”.

Qeyd edək ki, sözügedən oyun bu gün Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Görüşü Xorvatiyadan Nikola Yeliç, Polşadan Damian Yaruçeviç və Moldovadan Viktor Buqenkodan ibarət hakimlər briqadası idarə edəcək.

2-ci qrupun ilk görüşündə saat 19:30-da isə Portuqaliyanın “Benfika” klubu Ukraynanın “Xerson” komandası ilə üz-üzə gələcək.

Səbuhi Musayev