Arda Turan Messi ilə heç vaxt danışmadığı xatirəsini paylaşdı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Futbol üzrə Türkiyə milli komandasının və İstanbulun “Qalatasaray” klubunun
sabiq futbolçusu, hazırda Türkiyə 1-ci Liqasında çıxış edən “Eyüpspor”un baş
məşqçisi Arda Turan İtaliyanın məşhur “La Gazzetta dello Sport” nəşrinə
müsahibə verib.
O, müsahibəsində xüsusən İspaniyadakı karyerasından söz açıb,
“Atletiko”(Madrid) və “Barselona”da çıxış etdiyi vaxtları xatırlayıb.
37 yaşlı A.Turan “Atletiko”nun baş məşqçisi Dieqo Simeone haqqında yüksək
fikirdə olduğunu bildirib:
“Dieqo Simeone işgüzar, futbolçularına qarşı çox tələbkar, lakin çəkəcəyin
zəhmətin qarşılığını sənə qaytarmağı bacara bilən lider şəxsiyyətdir. O, mənə
oyunu bütövlükdə görməyi aşıladı və uğurun yalnız mübarizə və əziyyətlə əldə
oluna biləcəyini öyrətdi”.
Arda Turan “Atletiko”(Madrid) ilə necə müqavilə imzalamasından söz açıb.
“Müqaviləni çox gizli, maşında, sanki bir polis filmində olduğu kimi
imzaladım. Unudulmaz illərim oldu. “Atletiko”da göstərdiyimiz oyunla yeni bir
futbol mədəniyyəti yaratdıq. Tarixin ən güclü komandaları olan “Real Madrid” və
“Barselona”ya qarşı çempionluq mübarizəsi verdik”, – deyə Arda Turan xatırlayıb.
A.Turan müsahibəsində “Barselona”da eyni formanı geyindiyi Lionel Messi ilə
münasibətlərindən də söz açıb.
“Deyəcək o qədər söz var ki… Messi sanki yadplanetli idi. Mənim onunla bağlı
xüsusi xatirələrim var. Super Kubokun finalında iki qol vurdum və bir məhsuldar
ötürmə etdim. “Sevilya” ilə kubokun finalında məni matçın adamı elan edəndə
Messiyə baxdım, o, sadəcə başını tərpətdikdə, mükafatı almağa getdim. Sonra
güldük və Messi mənə – “sən buna layiqsən”, – söylədi”, – deyə keçmiş futbolçu
xatirələrini bölüşüb.