Azərbaycan Minifutbol Federasiyasının (AMF) bayrağı altında, “Bakcell” şirkətinin baş sponsorluğu ilə keçiriləcək mini futbol üzrə çempionat – Alfa Liqa üçün komandaların qeydiyyatı prosesi davam edir.
Əvvəlcədən xəbər verdiyimiz kimi, Alfa Liqaya qeydiyyata alınan komandalar arasında Bərdənin “Aristokrat” komandası da var.
ÇıxışYolu.Com olaraq ilk dəfə Bakıda keçiriləcək mini futbol üzrə çempionatda bir bölgə komandasının iştirak etdiyini nəzərə alıb, komandanın kapitanı Vüqar Rəcəbovdan müsahibə götürdük.
– Necə oldu ki, Alfa Liqada iştirak etmək qərarına gəldiniz?
– Bərdənin “Aristokrat” komandası ilə özümüz üç dəfə çempion olmuşuq. Sonuncu dəfə 5-6 ay bundan əvvəl çempionluq yaşamışıq. Bərdədə fəaliyyət göstərən “ASAN xidmət”də Şamxal müəllim var. Onun təşkilatçılığı ilə belə bir turnir keçirilir.
Orada da 6×6 sistemi ilə oynayırıq. Buna görə qərara gəldik ki, Alfa Liqasında biz də iştirak edək. İstədik ki, bizim regionun adını burada təmsil edək. Bilsinlər ki, bizim rayonda futbol oynamağı bacarırlar.
– Alfa Liqası haqda haradan məlumat əldə etdiniz?
– ATV telekanalında gedən anonsları gördük və Bakıdakı dostlarımızla məsləhətləşdikdən sonra bu turnirdə iştirak etməyə dair qərar verdik. Bərdədə heç kim inanmır ki, biz yüksək nəticə göstərə bilərik (gülür).
Biz də deyirik ki, əslində, iştirakımız bizim üstünlüyümüzdür. Çünki Bakıda bizi heç kim tanımır. Ancaq bizdə də yaxşı futbolçular var. İlk dəfə üçün əsas olan iştirakdır.
– Vaxtilə Azərbaycan Premyer Liqasında mübarizə aparmış “ABN-Bərdə” komandasının yetirməsi olmuş futbolçularınız var?
– Bəli, iki belə oyunçumuz var. Biri Cabbardır, digəri isə mən özüməm. Mən 2007/2008 mövsümündə həmin komandada oynamışam. Orada olanda 14-15 yaşım vardı.
– Belə başa düşürük ki, sizin üçün “əsas iştirakdır” devizi bir növ gözdən pərdə asmaqdır…
– (gülür) Bakıda mən də futbol oynamışam. Orada həmişə rayon uşaqlarına dair bir fikir olur: Onlar futbol oynaya bilmirlər. Həmin fikirləri darmadağın etmək istəyirik.
– Siz bu oyunları Bakıda keçirəcəksiniz. Hər dəfə paytaxta gəlib yenidən Bərdəyə qayıtmaq maliyyə xərci tələb edir. Bu məsələni necə tənzimləyəcəksiniz?
– Bizim Orhan Üçüncü adlı bir türk abimiz var. Həm bizə məşqçilik edəcək, həm də oynayacaq. O özü əvvəl Türkiyənin “1461 Trabzon” klubunda məşqçi işləyib. Sonradan o da futbolda perspektiv görmədiyindən, Azərbaycana gəlib və pay torpaqların bölgüsü ilə məşğul olan mühəndis işləyir.
Mən özüm də onunla birgə çalışıram. Ona dedim ki, belə bir turnir var. Orhan abimiz də futbol həvəskarıdır, dedi ki, problem yoxdur. Dedim ki, orada “əjdaha”larla oynayacağıq. Güldü, dedi ki, biz elə “əjdaha”lardan çox görmüşük, həm də biri qalib gələr, biri uduzar. Bir sözlə, səfər xərclərimizi onunla mən çəkəcəyik.
– Sizin çempion olduğunuz komandaya yeni oyunçular cəlb olunub?
– Bəli, amma çox yox, əlavə bir-iki nəfər. Əsas heyətimiz həmin komandadır. Əlavə götürdüklərimiz ehtiyat qüvvəmiz hesab olunur.
– Turnirin sonunda ən yaxşı oyunçular yeni yaradılacaq minifutbol üzrə milli komandamıza düşməyə namizəd olacaq. Sizdə belə oyunçular kimi görürsünüz?
– Belə çox oyunçumuz var. 5-6 nəfər bizdən ora düşə bilər… Özümüz Bakıda – Tennis Akademiyasının stadionunda çox oynamışıq. Buradakı uşaqları görsəm, bəlkə də, tanıyaram.
– Komandanın adını niyə “Aristokrat” qoymusunuz?
– Beş ilə yaxın olar ki, bu adla oynayırıq. Açığı, bir yaxın uşaq vardı. O mənə demişdi ki, adı belə qoyaq. Xətrini çox istədiyim adam olduğundan, elə bu adla çıxış etməyə başladıq.
– Sizdə yaş ortalaması necədir?
– 19-20. Ən yaşlı oyunçumuz Orhandır. 40 yaşı olar.
– Turnirdə iştirakdan əlavə, nəyi qarşınıza məqsəd qoymusunuz?
– Biz bu turnirdə var-gücümüzlə oynayacağıq. Azı qrupdan çıxıb 1/8 finala kimi irəliləmək istəyirik.
– Böyük futbolda – Həvəskarlar Liqasında “Bərdə” adlı komanda iştirak edir. Bu komandanın üzvləri ilə hansısa bağlantınız var?
– Onlar Bakıda fəaliyyət göstərirlər. Gəlib, Bərdədən uşaq seçməli idilər, amma alınmadı. O komanda ilə bizi heç nə bağlamır. Amma deyim ki, bizim heyət onlarınkından güclüdür. Üç ay toplanış keçsək, onları məğlub edərik.
– Oyunlara necə gəlməyi düşünürsünüz?
– Hər matçdan bir gün əvvəl Bakıya gəlməyi düşünürük. Burada tanış uşaqların boş evləri var. Həmin uşaqlar Ukraynada olduğu üçün, orada qalacağıq (gülür).
İstəyirəm ki, turnir zamanı hakimlər obyektiv olsun, Bakı komandalarına simpatiya göstərilməsin. İnşallah, çıxışımız uğurlu olsa, növbəti çempionata da qatılacağıq. Yevlax komandası bizimlə prinsipiallıq edir.
Onlar bilsə ki, biz bu turnirdə iştirak edirik, növbəti turda Yevlaxın komandası da olacaq. Bunu dəqiq bilirəm (gülür).
Görsələr ki, rayon komandası belə bir çempionatda mübarizə aparır, onlarda da həvəs yaranacaq.
Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com