Bu gün, aprelin 26-da, futbol üzrə Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.
ÇıxışYolu.Com-ın xəbərinə görə, İngiltərənin “Arsenal” komandası Arsen Vengerin rəhbərliyi altında İspaniyanın “Atletiko” komandasını qəbul edəcək.
22 ildən sonra London klubu ilə yollarını ayıracağını bəyan edən Venger “Arsenal”da daha bir titul qazanmaq niyyətindədir.
Bu həmçinin London təmsilçisinin Çempionlar Liqasına vəsiqə qazanmaq üçün yeganə şansdır.
Belə ki, “Arsenal” İngiltərə Premyer Liqasında sona dörd tur qalmış 6-cı pillədə qərarlaşıb və komandanı 4-cü yerdən 11 xal ayırır.
Günün digər qarşılaşmasında isə Fransanın “Marsel” klubu doğma meydanda Avstriyanın “Zaltsburq” komandası ilə üz-üzə gələcək.
Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:05-də başlayacaq.