“Arsenal”dan Bakı səfəri öncəsi ardıcıl yeddinci qələbə

Baxış sayı: 3. 348 dəfə baxılıb.

“Arsenal”dan Bakı səfəri öncəsi ardıcıl yeddinci qələbə


İngiltərənin “Arsenal” komandası Bakıya qələbə ilə gələcək.

ÇıxışYolu.Com xəbər verir ki, Avropa Liqasının II turunun “Qarabağ”la səfər görüşü öncəsi London təmsilçisi Premyer Liqada “Uotford”la qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib. 

Qollar son dəqiqələrdə vurulub. 81-ci dəqiqədə qonaqlar öz qapısına yol tapıb. Bundan iki dəqiqə sonra Məsut Özil fərqi ikiyə çatdırıb.

Bununla da “Arsenal” ardıcıl yeddinci qələbəsini qazanıb. Komanda sonuncu dəfə avqustun 18-də keçirilmiş Premyer Liqanın II turunda əzəli rəqibi “Çelsi”yə uduzub (2:3). 

Bu nəticə ilə Unai Emerinin yetirmələri turnir cədvəlində də irəliləyib. Xalını 15-ə yüksəldən “Arsenal” məhz “Uotford”u qabaqlayaraq V pilləyə yüksəlib.

Qeyd edək ki, oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Arsenal” görüşü saat 20:55-də başlayacaq. 

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com