COP29 çərçivəsində Azərbaycan Respublikası Təhsil İnstitutu (ARTİ) və 5
nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə əməkdaşlığı ilə 28 oktyabrda
“İqlim dəyişmələri və COP29” mövzusunda elmi-praktik seminar keçirilib.
Cixisyolu.com xəbər verir ki, ARTİ-dən verilən məlumata görə, tədbiri giriş sözü ilə
açan mərkəzin direktoru Elza Orucova ekoloji tərbiyənin formalaşdırılmasında,
təbiətə sevgi və qayğının təbliğ olunmasında kollektivin gördüyü işlərlə bağlı
məlumat verib.
ARTİ-nin şöbə müdiri dosent Aynur Paşayeva mövzunun aktuallığından, ekoloji
biliklərin təbliğindən, Azərbaycanda iqlim dəyişikliyinin təsirlərindən,
bəşəriyyətə vurduğu ziyanlardan və maarifləndirmə işlərinin gücləndirilməsində
bütün insanların üzərinə düşən böyük məsuliyyətdən bəhs edib. Çıxışda qeyd
olunub ki, ölkəmizdə COP29 tədbirlər planına uyğun genişmiqyaslı işlərin
görülməsi, aksiyaların təşkil edilməsi, ətraf mühitin qorunması və təhsil
müəssisələrində ekoloji maarifləndirmə tədbirlərinin həyata keçirilməsi qarşıda
duran ən vacib məsələlərdəndir.
ARTİ-nin aparıcı elmi işçisi Ayna Hümbətova iqlim dəyişmələri zamanı təbiətdə
baş verən proseslərin insan psixologiyasına təsiri haqqında “Ruhun təbiəti və
təbiətin ruhu” mövzusunda geniş təqdimatla çıxış edib. Vurğulanıb ki, təbiət və
insan qarşılaşması dualizm xarakterlidir və təbiətə münasibət insanın özünə
olan münasibətidir. Məruzəçi sonda mövzu ətrafında şagirdlərlə birgə simulyativ
təlim prosesində maraqlı diskussiya aparıb.
Tədbirdə ARTİ-nin mütəxəssisi Səadət Mənəfova iqlim dəyişikliyi və onun canlı
aləmə təsirindən, ətraf mühitin qorunub saxlanılmasının vacibliyindən danışıb.
5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşı Aynurə Maşayeva iqlim
dəyişikliklərinin törədə biləcəyi fəsadlardan və gözlənilən çətinliklərin
aradan qaldırılması məqsədilə dünya ölkələrinin görəcəyi tədbirlərdən, Xeyrənsə
Hümmətova isə azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və
yenidənqurma prosesində ətraf mühitin qorunmasından, həmin ərazilərdə yaşıl
zona, yaşıl enerji, yaşıl iqtisadiyyat kimi innovativ yanaşmaların tətbiq
edilməsindən bəhs edib.
Tədbir zamanı mərkəzin yaradıcı şagirdlərinin rəsm əsərlərinin sərgisi,
şeirləri və COP29-la bağlı təqdimatları maraqla qarşılanıb.