5a00fecc-9fc1-4d57-b280-ead0f4bce9b7..jpg

Artıq nisyə mal ala bilməyəcəyik? – “Kaspi”nin ARAŞDIRMASI + FOTO

Baxış sayı: 615 dəfə baxılıb.

Artıq nisyə mal ala bilməyəcəyik? – “Kaspi”nin ARAŞDIRMASI + FOTO

“Kredit büroları haqqında” qanuna edilən dəyişiklik insanlar arasında
çaşqınlıq yaradıb. Nisyə ticarət edənlərlə bağlı cərimələrin tətbiqini nəzərdə
tutan məlum dəyişikliyin hədəfi və əhatə dairəsi isə tam başqadır. Ekspertlər
düşünürlər ki, bu qanun kredit fəaliyyətlərinin daha şəffaf həyata
keçirilməsinə gətirib çıxaracaq. Lakin bu şəffaflıq qiymət artımlarına da səbəb
ola bilər.

Azərbaycanda nisyə mal alqı-satqısı ilə məşğul olanlarla bağlı yeni cərimələr
müəyyənləşib. İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, “Kredit
büroları haqqında” qanunun tələblərinə uyğun kredit tarixçələrini təşkil edən
məlumatın kredit bürosuna müəyyən olunmuş qaydada, yaxud tam, düzgün və ya
vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər 1 500 manatdan 2 000
manatadək məbləğdə, hüquqi şəxslər 10 000 manatdan 12 000 manatadək cərimə
ediləcəklər.

Mövzu ilə bağlı “Kaspi”

qəzetinin məqaləsini təqdim edirik:

Neqativ məlumatları məhkəmələr də ötürməlidirlər

Hüquqşünas Ceyhun Cəfərli qanunun niyə qəbul olunduğunu, nəyə xidmət etdiyini
açıqladı. Bildirdi ki, bu qanun təşkilatların, şirkətlərin özünə faydalıdır:

“Kredit büroları haqqında” qanun 2016-cı ildə qəbul edilib. Bu qanunun qəbul
edilməsində məqsəd hüquqi və fiziki şəxslərin kredit öhdəlikləri üzrə, cari və
ödənilmiş borclarının, ipoteka, girov, saxlanc haqqında məlumat bazasının
yaradılması, beləliklə, sabit maliyyə siyasətinin formalaşdırılması idi. Fiziki
və hüquqi şəxsin borc öhdəlikləri barədə məlumatların hamısı kredit bürolarına
ötürülməlidir. Bu məlumatlar portala elektron qaydada yüklənməlidir. Kredit
büroları məlumatları toplayan, saxlayan, analiz edən təşkilatdır. O, bunları
Mərkəzi Bank, sığorta şirkətləri, təkrar sığortaçılar – lizinq təşkilatları,
kommunal xidmətlər göstərən təşkilatlar, rabitə xidmətləri, mobil operatorlar,
mənzil-tikinti kooperativləri, iri ticarət mərkəzləri və lombardlardan
toplayır. Məsələn, bir bank sizə kredit vermək istəyir və ya lizinq şirkəti
avtomobil satır. Həmin şirkət haradan bilsin ki, maliyyə məsələləri ilə bağlı
pozitiv və neqativ məlumatlarınız necədir? “Kredit büroları haqqında” qanunda
var ki, neqativ məlumatları məhkəmələr də ötürməlidirlər. Məsələn, şəxs aliment
borcunu, yaxud zərər vurmaqdan irəli gələn bir borcu ödəmir. Bu halda ona digər
yerlərdə də kredit verilmir. Bu, insanların maliyyə intizamını gücləndirmək,
məsuliyyət yaratmaq üçündür”.

Qanun məişət tipli nisyə mal satışına aid deyil

Hüquqşünas qeyd etdi ki, qanunda anlaşılmayan məsələ onun kimlərə şamil
olunmasıdır. Bəzi insanlar elə bilirlər ki, bu, məişət tipli nisyə mal satışına
da aiddir. Əslində isə burada müqavilə ilə kredit verən təşkilatlar nəzərdə
tutulur:

“Bu dəyişiklik qanunun tətbiqi zərurətindən irəli gəlir. Yəni, bir çox
təşkilatlar qeyd olunan məlumatların açıqlanması tələbindən yayınırdılar. Amma
unutmayaq ki, bu məlumatlardan yenə də şirkətlər özləri qarşılıqlı şəkildə
faydalanacaq. Belə halda sabit maliyyə siyasəti həyata keçiriləcək. Şəxslərin
maliyyə imkanlarına çıxışı bu məlumatlardan asılı olacaq. Həmçinin, məhkəmələrə
qədər gedib çıxan məsələlərin də sayı azalmış olacaq. Sahibkarlar da qorunmuş
olacaqlar. Lakin bu qanun kiçik sahibkarlara, məhəllə marketlərinə yox, qanuni
müqavilə ilə tənzimlənən, rəsmi şəkildə nisyə mal satan şəxslərə aiddir”.

“O demək deyil ki, nisyə satış olmayacaq”

İqtisadçı Eyyub Kərimli şirkətlərin niyə qanuna əməl etmədikləri məsələsinə
aydınlıq gətirdi. Onun sözlərinə görə, onlar bunu edərək məhsulun üzərinə faiz
əlavə edib, əlavə gəlir qazanırlar:

“Bu qanun insanlar arasında ajiotaj yaradıb. Amma əslində məsələnin fiziki
şəxslərə çox da aidiyyəti yoxdur. Kimsə rayonda nisyə mal satırsa, bu qanun
onlara qarşı yönəlməyib. Bu, əsasən kreditlə işləyən hüquqi şəxslərə şamil
edilir. Əslində kreditlə mal satanlar üzərində gəlir götürürlər, lakin bunu elə
qeyd edirlər ki, guya nisyə satışdır, əlavə pul qoymurlar. Vergidən yayınma
üçün nisyə satış kimi qeydiyyata alırlar və vergi orqanlarına belə təqdim
olunur. Bu halda onlar nisyə satdıqları məhsulu daha baha satırlar, üzərinə
əlavə faiz qoyurlar və onun gəlirlərini gizlədirlər. Yəni, kredit kimi
göstərmirlər. Bu qanun həmin halların qarşısının alınması üçündür. O demək
deyil ki, nisyə satış olmayacaq. Sadəcə, məlumatların təqdim edilməməsinə görə
cərimələr nəzərdə tutulub. Qanun barəsində məlumat az olduğu üçün insanlar
arasında ajiotaj yaranır”.

Ekspertin fikrincə, əgər təşkilatlar məlumatları düzgün ötürərlərsə, bu halda
qanun düzgün işləyəcək və insanların kredit məlumatları daha aydın şəkildə
göstəriləcək:

“Bu dəyişiklik vətəndaşlara təsir etməyəcək. Vergidən yayınma hallarının
qarşısı alınacaq. Artıq vətəndaş hər hansı bir mağazadan, yaxud digər bir
yerdən kreditə məhsul alanda rəsmi kredit tarixçəsində əks olunacaq ki, şəxsin
krediti var”.

Məhsulları kreditlə daha baha əldə edəcəyik

İqtisadçı dedi ki, bu yeniliyin tətbiqindən sonra bəzi sahibkarlar bazardan
çıxacaqlar, lakin bu, iqtisadiyyata təsir etməyəcək:

“İndiyə qədər qeyri-rəsmi fəaliyyət göstərən kommersiya subyektləri ya
fəaliyyətlərini rəsmiləşdirəcək, ya da işlərini dayandıracaqlar. Fəaliyyətini
rəsmiləşdirməyən sahibkarlar bu sahədə artıq işləyə bilməyəcəklər. Lakin bazar
böyük sarsıntı yaşamayacaq. Çünki əksər hallarda daha çox böyük şirkətlərin bu
fəaliyyətlə məşğul olduğunu görürük. Onların da fəaliyyətlərini
məhdudlaşdıracağını düşünmürəm. Bu baxımdan hesab etmirəm ki, istehlakçıya
təsir etsin. Əksinə, istehlakçı daha zəmanətli, keyfiyyətli xidmət əldə edəcək.
Sadəcə, qiymətlərdə artım müşahidə edilə bilər. Kreditlə olan məhsulları bir az
baha əldə edəcəyik. Çünki rəsmiləşdirmədə xərclər artacaq”.

Source link