Artur Ağacanov: “Qarabağ ermənilərinin çoxu Ermənistanda qalmayacaq”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Artıq bir neçə gündür ki, Ermənistan informasiya məkanında Qarabağ mövzusunun
müzakirəsi yenidən qızışıb. Hər gün müxtəlif ictimai xadimlərin Azərbaycanın
Qarabağ iqtisadi rayonu ərazisində separatçı qurumun bərpasına çağıran, xunta
rejiminin bərpa edə biləcək hansısa sənədin qəbulunu tələb edən, Ermənistan və
Azərbaycan arasında gələcək sülh sazişində Qarabağ məsələsinin də yer almasına
təkid edən bəyanatları səslənir.
Həm parlament, həm də radikal müxalifət bunun üçün xüsusilə canfəşanlıq
edirlər. Maraqlıdır ki, eyni zamanda, Ermənistanın hakim “Vətəndaş sazişi”
partiyasının nümayəndələri və hökumətyönümlü siyasi ekspertlər və fəallar ya
Qarabağ mövzusundan hər cür kənarlaşır, ya da artıq mövcud olmayan separatçı
qurumla bağlı söhbətlərə qarşı çıxırlar. Yeri gəlmişkən, Qarabağı könüllü tərk
edən ermənilər artıq Ermənistanı kütləvi şəkildə tərk edirlər.
Bu məsələ barədə ictimai xadim, Qarabağ Erməniləri Hərəkatının rəhbəri Artur
AğacanovCixisyolu.com
O bildirib ki, Qarabağda separatçıların formalaşması artıq keçmişdə qalıb.
“İnsanları Qarabağdan çıxmağa təhrik edən xuntanın keçmiş “rəhbər”ləri
(əksəriyyəti Azərbaycandadır, mühakimə olunur) indi vəziyyətdən narazıdırlar,
çünki onların heç kimə faydası olmayıb, vərdiş etdikləri maliyyə dəstəyindən
məhrum olublar. Aydındır ki, bu adamlar ehtirasları körükləməyə çalışacaqlar,
erməni cəmiyyətinin radikal nümayəndələri isə onları dəstəkləyəcəklər.
İrəvandakı Qarabağ klanının nümayəndələri, Ermənistanın keçmiş prezidentləri
Robert Koçaryan və Serj Sarqsyanın tərəfdarları da bu işə qarışırlar.
Ermənistana köçən Qarabağ erməniləri manipulyasiya ediləcəklər”, – deyə
Ağacanov vurğulayıb.
İctimai xadim bütün bunların Ermənistanın indiki hakimiyyətinə lazım
olmadığını qeyd edib, çünki tezliklə Azərbaycanla Ermənistan arasında sülh
müqaviləsinin imzalanması gözlənilir.
“Separatçıların keçmiş rəhbərləri və Qarabağ klanı isə Ermənistan
Respublikasında vəziyyəti gərginləşdirəcəklər, ona görə də onların indiki
Ermənistan hökuməti ilə qarşıdurma yaşayacaqlarını demək olar. Bu fitnə-fəsad
törədənlərin vəzifəsi, əslində, Ermənistan Respublikasında hakimiyyətə
gəlməkdir”, – deyə o əlavə edib.
Ermənistan mediasında, KİV-də 10-30 min Qarabağ ermənisinin artıq Ermənistanı
tərk etdiyi, hökumətyönümlü mənbələrin isə bu xəbəri təkzib edərək onların
sayının təxminən 6 500 nəfər olduğunu deməsinə gəlincə, Ağacanov bu barədə
dəqiq məlumatının olmadığını, lakin Qarabağ erməniləri ilə ünsiyyətinə
əsaslanaraq, artıq 10 minə yaxın insanın Ermənistanı tərk etdiyini təxmin
etdiyini bildirib.
“Amma böyük axın olacaq. Qarabağ ermənilərinin əksəriyyəti çox yaxşı başa
düşür ki, Ermənistanda onları qəbul etməyəcəklər. Müəyyən sosial-iqtisadi
çətinliklər var, çünki Ermənistan kiçik ölkədir, onun öz problemləri də var.
Psixoloji uyğunluq məsələlərini də qeyd etməliyik. Qarabağ ermənilərinin çoxu
Ermənistanda qalmayacaq. Onların, sadəcə, bir hissəsi burada qalacaq”, – deyə
Ağacanov söhbətini yekunlaşdırıb.
Nair Əliyev