Artur Rasi-zadə Belarus baş nazirinin müavini ilə görüşüb

Artur Rasi-zadə Belarus baş nazirinin müavini ilə görüşüb

Baxış sayı: 3. 502 dəfə baxılıb.

Azərbaycan baş naziri Artur Rasi-zadə ölkəmizdə səfərdə olan Belarus baş nazirinin müavini, Azərbaycan-Belarus hökumətlərarası komissiyasının həmsədri Vladimir Semaşkonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən ÇıxışYolu.Com-a verilən məlumata görə, qəbul zamanı iki ölkə arasında siyasi, iqtisadi, mədəni-humanitar sahələrdə əlaqələrin yüksək səviyyədə olduğu və qarşılıqlı faydalı əməkdaşlığımızın daha da genişləndirilməsi üçün böyük potensialın mövcudluğu qeyd edilib.

Bildirilib ki, ölkə rəhbərlərinin qarşılıqlı səfərləri zamanı əldə olunan razılaşmalar və imzalanan sənədlər əlaqələrimizin inkişafını və birgə layihələrin uğurla həyata keçirilməsini təmin edən amillərdəndir.

Gəncə Avtomobil zavodunun nəzdində fəaliyyət göstərən həmin müəssisədə 10 mininci traktorun yığılıb təhvil verilməsi münasibətilə belaruslu qonaqların da iştirakı ilə təntənəli tədbirin keçirilməsi bu əməkdaşlığın uğurlu nəticəsi kimi qiymətləndirilib.

Azərbaycanlı fermerlərə ən yaxşı hədiyyə olan həmin  traktorların eyni zamanda regionun digər ölkələrinə də ixracının mümkünlüyünü müzakirə edən tərəflər ölkələrimiz arasında  ticarət dövriyyəsinin daha da artırılmasının, qeyri-neft sektorunda, xüsusən maşınqayırma, nəqliyyat, tikinti, ərzaq, kənd təsərrüfatı və digər istiqamətlərdə birgə əlaqələrin genişləndirməsi üçün ardıcıl məsləhətləşmələrin və təcrübə mübadiləsi keçirməyin zəruriliyini vurğulayıblar.

Qəbulda Azərbaycan-Belarus əməkdaşlığının intensiv davam etdirilməsi üçün  qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi olub.

www.ÇıxışYolu.Com