0307ed5b-e46a-47de-85a9-806235b535d6..jpg

Arutyunyan “ah-nalə” çəkir: Azərbaycan qəti tələb qoyur – ŞƏRH

Baxış sayı: 930 dəfə baxılıb.

Arutyunyan “ah-nalə” çəkir: Azərbaycan qəti tələb qoyur – ŞƏRH

Azərbaycan postmünaqişə dövründəki reallıqları praqmatik nəticələrə kökləmək
üçün Qarabağdakı erməni icması ilə təmaslara üstünlük verir.

Qarabağ ermənilərinin Azərbaycan ictimai-siyasi həyatındakı iştirakı üçün
atılan praktiki addımlar gələcəyə yönələn proqramları da özündə ehtiva edir.

Bütünlükdə bu proqram Azərbaycan Konstitusiyasının çərçivələrindən kənara çıxa
bilməz, yəni ermənilərin digər vətəndaşlardan üstün imtiyazları olması
gözlənilmir.

Azərbaycan ermənilərin inteqrasiyasında maraqlıdır və bununla:

– Qərb dairələrinə insan hüquqları prizmasındakı çalarları çatdırır;

– Rusiyaya isə “ermənilərə öz vətəndaşım kimi baxıram və onları öz oyunlarına
alət etmə, təmaslara qarışma” mesajlarını ötürür.

Azərbaycan ermənilərlə təmasları iki ssenari ilə nəticələndirmək istəyir.
Birincisi, ermənilər Azərbaycan Konstitusiyasının legitimliyini tanıyıb,
vətəndaş kimi vəzifələr və öhdəliklərini icra etməlidirlər.

İkincisi, əgər kiməsə bu xoş deyilsə, Azərbaycan ərazisini tərk etməlidir,
yox, qalıb müqavimət göstərmək istəyirsə, o zaman hüquqi cəzalanmanın predmeti
kimi nəticələrə hazır olmalıdır.

Bakı bu tələbləri ən üstün şərtlər çərçivəsində ermənilərə çatdırır, Xocalıda
Azərbaycan nümayəndələri ilə ermənilər arasındakı görüş də bunun bariz
nümunəsidir.

Bu görüşdən sonra Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi
Azərbaycan ərazilərindəki erməni separatçıların başçısı Arayik Arutyunyan
ah-nalə çəkərək nəticələrə hazırlıq məşqini başlatdı.

Arutyunyan öz “komandası” ilə keçirdiyi görüşdə ermənilərin “ ya olum, ya
ölüm” seçimi arasında qaldıqlarını diqqətə çatdırıb.

Arutyunyanın mesajının məğzi belədir ki, ermənilər ya Azərbaycanın bayrağı
altında yaşamağı seçməli, ya da “mübarizə”ni davam etdirməlidirlər.

Birinci variant elə məqbuldur, ikinci seçim isə separatçılar və onları
dəstəkləyən erməni sakinlər üçün cəzalanma aktını qaçılmaz edir.

İkinci bir tərəfdən, Arutyunyan həm Rusiya, həm də Qərbdən dəstək gözləyir,
ancaq son hədd anında onların köməyinə heç kim gəlməyəcək.

Arutyunyan özlüyündə “mübarizə ruhu” illüziyasını yaratmalıdır, çünki onun özü
də Azərbaycanın nələrə qadir olduğunu gözəl başa düşür. Bununla belə,
Arutyunyan erməni icmasının yaralarına məlhəm olan açıqlamalar vermək
məcburiyyəti ilə qarşı-qarşıyadır, çünki Bakının şərtləri qəti və dəyişməz
olaraq qalır.

Məsələnin Arutyunyan səhifəsini burada qapadaq, mövzu yüzillərdir ki, başqa
qüvvələrin əlində alət olan ermənilər vasitəsilə Qarabağda təxribatları
körükləmək məqsədlərinə fokuslanmalıdır.

Qarabağdakı erməni amili Rusiya və Qərbi birləşdirən dəyərə çevrilir, hərçənd
ki, hərəsinin öz yanaşması var.

Belə olan halda Qarabağa Ermənistan ərazisindən Laçın yolu vasitəsilə
silah-sursat daşınması erməni amili ilə oyun qurmaq istəyənlərin arzularının
tərkib hissəsi kimi başa düşülməlidir.

Azərbaycan həm Rusiyaya, həm də Qərb dairələrinə çatdıra bilər ki, bu hal
Azərbaycanın təhlükəsizliyinə qarşı “qırmızı xət”ləri keçsə, prosesə hərbi
müdaxilə ilə cavab veriləcək.

Aqşin Kərimov

Source link