Arvadını baltalayaraq öldürən 70 yaşlı kişi: “Aramızda ədavət olan qohumlarla
deyib-gülürdü”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ağcabədidə 1955-ci il təvəllüdlü arvadı Dəstəgül Mehdiyevanı balta ilə öldürən
70 yaşlı Əliyar Mehdiyevin məhkəmə prosesi başa çatıb.
“Qafqazinfo”nun məlumatına görə, Ə.Mehdiyev Lənkəran Ağır Cinayətlər
Məhkəməsinin hökmünə əsasən, 14 il altı ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu ilin yanvarın 15-də baş verib.
Məhkəmədə ifadə verən Əliyar Mehdiyev hadisənin arvadı tərəfindən təhqir
olunması nəticəsində baş verdiyini bildirib.
Məlum olub ki, o, hadisədən bir neçə gün əvvəl Dəstəgül Mehdiyeva ilə Bərdədə
keçirilən toy məclisində iştirak edib:
“Dəstəgül bəyənmədiyim, aramızda ədavət olan qohumlarla mənim ziddimə olaraq
səmimi münasibət qurub deyib-gülürdü. Buna görə aramızda bir neçə dəfə mübahisə
olub. Növbəti mübahisələrin birində məni təhqir etdi. Necə olduğunu bilmədim,
bir anda əsəbiləşib mətbəxdə olan baltanı Dəstəgül tərəfə atdım, üzünə dəydi.
Sonra kəsici tərəfi ilə onun başının arxasından zərbələr endirdim. Hadisənin
baş verdiyi vaxt evdə azyaşlı nəvələrimdən başqa heç kim olmayıb. Bundan sonra
maşına əyləşərək yola düşdüm. Məqsədim özümü öldürümək idi. Maşını kanaldan
aşağı sürmək istəsəm də, bunu bacarmadım. Qan təzyiqinə görə istifadə etdiyim
həblərdən bir neçəsini qəbul edib maşının içində ölümümü gözlədim. Qohumlar
dayanmadan zəng edirdi. Onlara intihara cəhd etdiyimi deyərək gəlib məni
götürmələri üçün olduğum yeri söylədim”.
Məhkəmədə ifadə verən Əliyar Mehdiyevin övladları atalarından şikayətçi
olmadıqlarını, onunla barışdıqlarını bildiriblər. Övladları qeyd ediblər ki,
anası Dəstəgül Mehdiyeva həmişə qardaşlarını ərindən üstünü tutub.
Qeyd edək ki, Dəstəgül Mehdiyeva ilə Əliyar Mehdiyevin 16 nəvəsi, beş nəticəsi
var.