Arvadını intim video ilə şantaj edən, döyüb öldürən qazaxıstanlı nazir: Həkim
əvəzinə falçıya zəng edib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qazaxıstanda vətəndaş nikahında olduğu həyat yoldaşı Saltanat Nukenovanı qətlə
yetirməkdə təqsirləndirilən keçmiş nazir Kuandıq Bişimbayevin məhkəmə prosesi
davam edir.
Sosial şəbəkələrdə mərhumun ailəsinə dəstək məqsədilə “Saltanat üçün” adlı
fleşmob keçirilir, respublikada məişət zorakılığını cinayət məsuliyyətinə cəlb
edən qanun qəbul olunmaq üzrədir və məhkəmə prosesi ölkədə ilk dəfədir canlı
yayımlanır.
“Forbes Woman” jurnalının redaktoru Koqerşın Saqieva hadisənin
təfərrüatlarından bəhs edən yazı dərc edib. Yazıda milli adət-ənənələrin, o
cümlədən “uyat” – “utanc mədəniyyəti”nin bu məsələdə hansı rol oynadığı izah
edilir.
Belə ki, həyat yoldaşını xüsusi amansızlıqla döyərək qətlə yetirməkdə
təqsirləndirilən keçmiş nazir cinayəti qəsdən törətmədiyini sübut edə
biləcəyinə əmin olduğu üçün məhkəmə prosesinin açıq keçirilməsini istəyib. Eyni
səbəbdən o, işinə andlılar məhkəməsi tərəfindən baxılmasını da xahiş edib.
Bununla da Bişimbayev cəmiyyətin mühafizəkar hissəsini öz tərəfinə keçirməyə
ümid edir, çünki onlar üçün “uyat” anlayışı – əxlaq normalarına cavab verməyən
şəxsin ictimai qınağı vacib əhəmiyyət kəsb edir. Qadına münasibətdə “uyat” hər
hansı “uyğun olmayan davranışdır”, məsələn, qısa ətək geyinmək, ərinə qarşı
gəlmək, yaşlı qohumlara boyun əyməmək, boşanmaq və hətta əcnəbi ilə ailə qurmaq.
Xatırladaq ki, hadisə 2023-cü il noyabrın 9-na keçən gecə Astanada yerləşən və
Kuandıq Bişimbayevin sahibi olduğu “Bau” restoranında baş verib. Qazaxıstanın
keçmiş milli iqtisadiyyat naziri arvadı Saltanat Nukenovanı döyərək öldürüb.
Elə həmin gün Bişimbayev həbs edilib və onu 15 ildən 20 ilədək həbs cəzası
gözləyir. Əgər istintaq onun qətli xüsusi amansızlıqla törətdiyini sübut etsə,
o, ömürlük həbs cəzasına məhkum ediləcək. Bişimbayev həmçinin işgəncə verməkdə
də ittiham olunur. Keçmiş nazirin təqsirli və ya təqsirsizliyi ilə bağlı qərarı
andlılar məhkəməsi heyəti verəcək.
Ölkədə tanınmış keçmiş məmurun müttəhimlər kürsüsündə əyləşməsi bu məhkəməyə
marağı artırıb və prosesin unikallığı ondan ibarətdir ki, onun təqsirsiz
olduğunun isbatlanmasına çalışılır. Əsasən hər kəs Saltanatın tərəfində olsa
da, bəzi şərhçilər qadının “günahkar” olduğunu söyləyirlər.
Saltanat Nukenovanın ailəsi, xüsusən də qardaşı Aytbek Amangeldı heç nəyə
baxmayaraq məhkəmədə əllərində olan sübutlarla mübarizə aparmağa davam edirlər.
Adətən belə hallardan gizliləri açığa çıxarmamaq və ya mənəvi güc tükəndiyi
üçün barışığa üstünlük verilir. Lakin Nukenovanın ailəsi təslim olmur və
Qazaxıstanda illərdir məişət zorakılığına məruz qalmış qadınların müdafiəsi ilə
məşğul olan tanınmış vəkil Janna Urazbaxovanı məsələyə cəlb edib.
Qətldə təqsirləndirilən Kuandıq Bişinbayevin hazırda 44 yaşı var. 2016-cı ilin
may ayından dekabr ayına qədər milli iqtisadiyyat naziri olub, lakin
korrupsiyada təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib. Lakin
il yarımdan sonra şərti azadlığa buraxılıb və bundan sonra hansısa dövlət
vəzifələrini tutmayıb.
“Bişimbayev hüquq müdafiəçilərinin, fəalların və jurnalistlərin uzun illərdir
mübarizə apardıqları bütün bəlaları təcəssüm etdirir. O, 10 il müddətinə həbs
olunmalı idi, amma Nazarbayev tərəfindən əfv olundu. Bu da əsas səbəblərdən
biridir, ona görə də indi bütün Qazaxıstan bu işi müzakirə edir”, – deyə
“Forbes Woman”a media meneceri, “The Village Kazakhstan”, “Batyr Camal” və
“Masa Media”nın baş direktoru Aisana Aşim bildirib.
1992-ci il mayın 15-də Pavlodarda anadan olan Saltanat Nukenova astrologiya
ilə məşğul olub. O, natal xəritələr tərtib edib, proqnozlar verib və peşə
seçimində insanlara kömək edib, “Instagram”da şəxsi bloqu olub. Məhz Saltanatın
peşəsi Kuandıq Bişimbayevi diqqətini çəkib vvə onun qəbuluna yazılıb.
Tanışlıqdan altı aydan da az müddət keçdikdən sonra, 2022-ci ilin dekabrında
qanuni qeydiyyat olmadan toy edilib, iki dəfə dini nikah qıyılıb. O zaman
Nukenova sosial şəbəkədəki şəxsi səhifəsində ərini tərifləyib və seçimindən
peşman olmadığını deyib.
Lakin bir neçə ay sonra, 2023-cü ilin martında Saltanat qardaşı Aytbekə üzündə
qançırların olduğu şəklini göndərib və şəkilləri saxlamağı, yazışmaları
silməyi, heç bir tədbir görməməyi xahiş edib. Bacısının xahişinə baxmayaraq,
Aytbek onu götürmək üçün Bişimbayevin mənzilinə gəlib. Bu zaman böyük qalmaqal
yaranıb və bundan sonra Aytbek və Kuandıq ünsiyyəti kəsiblər, Saltanatın özü də
qardaşı ilə əlaqəni azaldıb.
Saltanat üzərində zorakılığın sistematik şəkildə baş verdiyini digər şahidlər
də təsdiqləyiblər.
Bişimbayevdən ayrılmağa çalışan qadın hətta qətl hadisəsindən bir neçə ay
əvvəl hətta ayrıca mənzil də kirayələyib. Lakin Bişimbayev ondan ayrılacağına
söz verərək qadını intim videolar çəkməyə məcbur edib və sonra da bununla onu
şantaj edib. Bu səbəbdən Saltanat əri ilə tam olaraq ayrılmağa qorxub.
Nəticədə, məhz bu video Saltanatın Bişimbayevin “girovu” olmasına gətirib
çıxarıb.
“Qazaxıstanda şərəf və ləyaqətə, qadınların reputasiyasının saflığına böyük
diqqət yetirilir. Əgər o, intim videolarda görünsə, təzyiqə və qınamalara məruz
qalacaqdı”, – deyə hüquq müdafiəçisi Moldir Alban qeyd edib.
Məhkəmədə keçmiş nazir inandırmağa çalışır ki, Nukenova özü yıxılıb, başını
vurub və ölüb. İstintaq isə qadının aldığı zərbələrin yıxılma nəticəsində
yaranmadığını iddia edir.
Arvadını bütün gecə boyu döyən Bişimbayev sonunda onu saçından tutaraq
restoranın müşahidə kameraları olmayan VİP kabinəsinə aparıb. Orada nə baş
verdiyi isə məlum deyil. Saltanat oradan sağ çıxmayıb.
Bişimbayev iddia edir ki, arvadının yatdığını düşünüb, ona görə onu oyatmayıb.
Təcili tibbi yardıma zəng etmək əvəzinə isə falçı olan qadına zəng edib və
Saltanatın sağ olub-olmadığını soruşub. Falçı olan qadın isə Saltanatın
yatdığını və ayılacağını deyib.
“İqtisadiyyat naziri, prezidentin müşaviri falçıya zəng edir”, – deyə media
meneceri Aysana Aşim vurğulayıb.
Ekspertizanın rəyinə görə, Saltanat Nukenovanın ölümü qapalı kəllə-beyin
travması nəticəsində baş verib. Onun üzündə və bədənində çoxsaylı sıyrıqlar və
qançırlar aşkar edilib, burnu sınıb. Məhkəmə-tibb eksperti Tahir Xəlimnazarov
bildirib ki, mərhumun bədənində boğulmaya uyğun xəsarətlər aşkarlanıb.
Bişimbayevin vəkilləri isə bunun köhnə hematoma olduğunu israr edirlər.
Təqsirləndirilən şəxs qəsdən adam öldürmə və işgəncə verilməsində günahını
boynuna almır. “Şillənin ölümə səbəb ola biləcəyini düşünmürdüm. Ümumiyyətlə,
bunun nəticəsində onun kəllə-beyin travması ala biləcəyi ağlıma belə gəlmirdi”,
– deyə Bişimbayev bildirib.