61dc33fa-b564-4d58-ae34-d1ed02791f1d..jpg

Arvadını işlədiyi mağazanın qarşısında öldürən şəxs: “Bıçaq onun kürəyinə saplanmış vəziyyətdə qalmışdı”

Baxış sayı: 625 dəfə baxılıb.

Arvadını işlədiyi mağazanın qarşısında öldürən şəxs: “Bıçaq onun kürəyinə
saplanmış vəziyyətdə qalmışdı”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Masallının Təzə Alvadı kəndində yerləşən mağazanın qarşısında 1975-ci il
təvəllüdlü Sədaqət Səfərovanı qətlə yetirən həyat yoldaşı, 1964-cü il
təvəllüdlü Gülağa Bəndəliyevin məhkəmə ifadəsi məlum olub.

Pravda.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Cəlil
Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə o, elan olunmuş ittiham üzrə özünü
təqsirli bilib.

Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq
etməklə hazırkı ifadəsində göstərib ki, arvadı Sədaqətlə əvvəllər aralarında
münasibətləri yaxşı olub, qadın “Səlim market” adlanan ərzaq dükanında işləyib:

“Sonra Sədaqətin dükanda işləyən Cabbar və digər şəxslərlə sevgi münasibətləri
olduğunu eşitdim. Onunla söhbət edərkən arvadım mənə reaksiya göstərməyib öz
bildiyi kimi, hərəkətlər etdi. O, mənə qarşı hörmətsizlik etdiyindən aramızda
tez-tez mübahisələr oldu. Dükan sahibi Akifin yanına gedərək Sədaqəti işdən
çıxarmasını xahiş etdim, lakin o razı olmadı. Sədaqətin mənə soyuq münasibət
göstərməsini xəyanət etməsi kimi düşündüm. Sonra onu öldürmək qərarına gəldim.

Gülağa Bəndəliyev deyib ki, hadisə günü – 2023-cü il mayın 7-də, səhər saat 7
radələrində evdə 100 qram spirtli içki qəbul edərək mətbəxdən bıçaq götürüb
cibinə qoyub:

“Daha sonra Sədaqətin iş yerinə getdim. Onun piyada gəldiyindən və həmin vaxt
ətrafda heç kimin olmamasından istifadə edərək qadına yaxınlaşdım. Sədaqət məni
görüb qaçmaq istədi, lakin buna imkan verməyib onu arxadan tutaraq əlimdəki
bıçaqla arvadıma kürəyindən bir neçə zərbə vurdum. Sədaqət qışqırıb müqavimət
göstərmək istəyəndə yenidən bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə
zərbələr endirdim. Sonda onu dükanın qabağında yerə yıxdım, dayanmadan arvadıma
çoxsaylı zərbə vurdum. Sədaqət yerdə hərəkətsiz halda qalarkən kimsə məni
arxadan qucaqlayıb kənara çəkdi. Həmin vaxt əlimdəki bıçaq Sədaqətin kürəyinə
saplanmış vəziyyətdə qalmışdı. Arvadım mənə xəyanət etməklə el arasında rüsvay
etdiyi üçün onu öldürdüm. Əməlimdən peşmanam”.

Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi ifadəsində bildirib ki,
mərhum Sədaqət Səfərova onun bacısıdır, həmkəndlisi Gülağa Bəndəliyevlə ailə
həyatı qurub, birgə nikahlarından uşaqları olmayıb:

“Onların arasında əvvəllər münasibətləri yaxşı olub, lakin Gülağanın spirtli
içki qəbul edən zaman heç bir səbəb olmadan bacımı təhqir edib, incitdiyini və
döydüyünü eşitdim. Hadisə günü Gülağanın Sədaqəti işlədiyi marketin qabağında
bıçaqla çoxsaylı zərbə vuraraq onu xüsusi amansızlıqla öldürdüyünü eşidib,
hadisə yerinə gəldim. Bacımın meyitini həmin yerdə gördüm. Sədaqət ərinə qarşı
heç vaxt xəyanət etməyib, heç kimlə sevgi münasibəti olmayıb. Gülağa bacıma şər
atmaqla cinayət məsuliyyətindən yaxa qurtarmaq istəyir”.

O, sonda təqsirləndirilən şəxslə barışmadığını, onu bağışlamadığını söyləyib
və Gülağaya ağır cəza verilməsini məhkəmədən xahiş edib.

Qeyd edək ki, hər iki şəxs daha əvvəl ailəli olub və bu, onların ikinci
evliliyi olub. Belə ki, yetkinlik yaşına çatmış 4 övladı olan Gülağa
Bəndəliyevin həyat yoldaşı 3 il əvvəl vəfat edib. Bundan sonra o, həyat
yoldaşından boşanan Sədaqət Səfərova ilə evlənib. Onların arasında rəsmi nikah
bağlanmasa da, Gülağa Bəndəliyevin evində birgə ər-arvad kimi yaşamağa
başlayıblar.

Araşdırmalar zamanı məlum olub ki, Gülağa Bəndəliyevin son vaxtlar mütəmadi
spirtli içki qəbul etməsi və digər səbəblərdən ailədə münasibətlər pisləşib,
nəticədə Sədaqət Səfərova bir ay əvvəl onu tərk edib. Hadisə günü Gülağa
Bəndəliyev səhər saatlarında işlədiyi mağazanın qapısını açarkən Sədaqət
Səfərovaya hücum edib. 59 yaşlı kişi qadını bıçaqlayaraq qətlə yetirib. Daha
sonra o, özünə də xəsarətlər yetirərək intihara cəhd edib.

Gülağa Bəndəliyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam
öldürmə) maddəsi ilə təqsirləndirilib. Məhkəmənin hökmü ilə ona 18 il müddətinə
həbs cəzası verilib.

Source link