Arvadını yandırmaq istəyən şəxsə hökm oxunub

Arvadını yandırmaq istəyən şəxsə hökm oxunub

Baxış sayı: 2. 425 dəfə baxılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Mais Həsənovun CM-nin 29.120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 29.120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) və 29.186.2.2-ci (əmlakı qəsdən məhv etməyə və ya zədələməyə cəhd, yandırmaqla, partlatmaqla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

ÇıxışYolu.Com-ın məlumatına görə, istintaqla müəyyən edilib ki, ötən il iyulun 29-da Mais Həsənov həyat yoldaşı Güldəstə Ağayevanın, qohumları tərəfindən inşa edilən və yaşaması üçün onlara təhvil verilən Binə qəsəbəsində olan evə sərxoş halda gələrək, arvadının axşam yeməyini gec hazırlamasını bəhanə edərək ünvanına söyüşlər söyüb. 

Ardınca həyətə çıxaraq avtomobilindən plastik qabda olan benzini götürüb, evə qayıdıb və qapını arxadan bağlayıb. Mətbəxdə yemək hazırlayan qadına arxadan yaxınlaşaraq, üzərinə yanacağı töküb. Ağayeva üzərinə benzin töküldüyünü və qaz sobasının açıq olduğunu hiss edərək, dərhal qazı söndürməyə cəhd edib. Lakin Həsənov arvadını diri-diri öldürmək niyyətində olduğu üçün, benzini yenidən sobanın və zərərçəkmişin üsütünə töküb.

Yanacaq alovlanıb və Güldəstə yanıq şoku keçirib. Qadın çətinliklə də olsa qapını açaraq, qonşuları səsləyib. Hadisə yerinə gələn şahidlər Ağayevanı və evi söndürə biliblər. Zərərçəkmiş 5 saylı şəhər xəstəxanasına çatdırılıb, həkimlər onun həyatını xilas edə biliblər. 

Fakta görə ilkin olaraq cinayət işi Xəzər RPİ İstintaq şöbəsində başlanılıb, daha sonra istintaq rayon prokurorluğu tərəfindən aparılıb. Mais Həsənov barəsində axtarış elan olunub, o bir aydan sonra Sabunçu rayonu ərazisində saxlanılıb. 

Məhkəmə prosesində Mais Həsənov ittihamlar üzrə özünü təqsirli bilməyib. Hadisənin ehtiyatsızlıqdan baş verdiyini bildirib, onun sözlərinə görə, Güldəstə Ağayevanı öldürmək niyyəti olmayıb, sadəcə hadisə bir anda baş verib. 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 14 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. 

www.ÇıxışYolu.Com