4d6c8539-8bb6-4442-9d9a-e3e3e5f441bc..jpg

Arvadını zorla iş yerindən çıxardı, taksidə yumruqladı, cəzalandırıldı – MƏHKƏMƏ İŞİ

Baxış sayı: 651 dəfə baxılıb.

Arvadını zorla iş yerindən çıxardı, taksidə yumruqladı, cəzalandırıldı –
MƏHKƏMƏ İŞİ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Qaradağ rayonunda 1988-ci il təvəllüdlü Davud həyat yoldaşı İlhaməyə
(adlar şərti verilib – red.) xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə bu il yanvarın 17-də Qaradağ
rayonunun Qobustan qəsəbəsi ərazisində baş verib.

Davud hərəkətdə olan avtomobildə arvadı İlhamənin boşanma tələbi ilə bağlı
münaqişə zamanı əli ilə onun sifət nahiyəsinə zərbələr vurub.

Hadisəni törədən Davudun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən
sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Davud ona elan
olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, arvadı İlhamənin
Mərdəkan qəsəbəsində işləməsindən narahat olub:

“Taksi ilə Mərdəkan qəsəbəsinə getdim. İlhamə işdən çıxarkən taksiyə əyləşdi.
Yolda polis əməkdaşı mənə zəng edərək adam qaçırdığımı bildirdi. Mən isə
arvadımı işdən götürərək evə gələcəyimi söylədim. Bundan sonra həmin polis
əməkdaşı taksi sürücüsü ilə danışmaq istədi. Taksi sürücüsü də sifariş əsasında
bizi idarə etdiyi avtomobilə mindirdiyini bildirdi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, taksi sürücüsü onları metronun “20 Yanvar”
stansiyasının qarşısında düşürüb:

“Biz metronun yaxınlığında başqa taksi taparaq yola davam etdik. Anamın
Qobustan qəsəbəsində yerləşən evinin qarşısına gəldik. Polis əməkdaşlarının
orada olduğunu gördüm. Onlarla birlikdə polis bölməsinə getdim və izahat
verdim. Narkoloji ekspertizadan keçirildim və qanımda heç bir narkotik vasitə
müəyyən edilmədi. Mən İlhaməni vurmamışam. Əksinə İlhamə məni vurub. Amma mən
şikayət etməmişəm”.

İş üzrə zərərçəkmiş İlhamənin sözlərinə görə, 2009-cu ildə Davudla rəsmi
nikaha daxil olaraq ailə həyatı qurub:

“Bizim birgə nikahımızdan 3 azyaşlı övladımız var. Təxminən 3 il olar ki,
Davud narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Ailədaxili
münaqişələr səbəbindən təxminən 2022-ci ilin iyun ayından azyaşlı övladlarımla
birlikdə atamın evinə köçmüşəm və orada yaşamışam”.

Zərərçəkmiş qeyd edib ki, 2023-cü ildə Qaradağ Rayon Məhkəməsinə nikahın
pozulması üçün iddia ərizəsi ilə müraciət etməsini Davud etirazla qarşılayıb və
buna imkan verməyəcəyini bildirib:

“Telefonda, üzbəüz dəfələrlə məni və övladlarımı, hətta mənim ailə üzvlərimi
də öldürməklə hədələyib.

Uşaqlarımın maddi ehtiyaclarını ödəməkdən ötrü 2022-ci ildən Mərdəkan
qəsəbəsində yerləşən istirahət mərkəzində aşpaz köməkçisi olaraq işə
düzəlmişəm. Hadisə günü saat 08:00-da Davud iş yerimə yaxınlaşaraq qapıya
çıxmağımı tələb etdi. Qapıya çıxdıqda mənə hədə-qorxu gəlməklə iş yerimi tərk
etməyimə nail oldu. Biz Mərdəkan qəsəbəsindən Qaradağ rayonu, Qobustan
qəsəbəsinə gəlmək üçün tanımadığım taksiyə əyləşdik.

Davud taksidə qabaq sərnişin oturacağında, mən isə arxa oturacaqda
əyləşmişdim. Biz yolda gələn zaman mobil telefonumla valideynlərimə Davudun
məni zorla taksiyə oturtması, məni Qobustan qəsəbəsi istiqamətində gətirməsi
barədə məlumat verdim. Biz birlikdə avtovağzal ərazisinə gəldik. Orada taksini
dəyişərək yolda dayanmış digər tanımadığım taksiyə mindik. Bu dəfə Davud
mənimlə birlikdə arxa sərnişin oturacağında əyləşdi. Bir qədər getdikdən sonra
Davud nikahın pozulması barədə verilmiş ərizədən söz saldı və məni təhdid etdi.
Başlanmış mübahisə şiddətləndi. Davud əli ilə sifətimin sağ tərəfindən yumruqla
vurdu. Mən sol əlimi qabağa verdikdə Davudun əli əlimin üzərinə dəydi”.

Zərərçəkmiş deyib ki, Davud ona bir neçə zərbə vurub, qollarını sıxıb:

“Aldığım zərbədən üz nahiyəmdə şişkinlik və qızartı oldu. Çantam isə cırıldı.
Davud taksi sürücüsündən bizi öz evlərinə aparmağı tələb etsə də, mən onunla
təkbətək qalmaqdan qorxdum. Bu səbəbdən avtomobili Davudun anasının yaşadığı ev
istiqamətində idarə etməyi xahiş etdim.

Biz qayınanamgilin evinin qarşısına çatdıqda oraya polis əməkdaşları və anam
gəlmişdi. Bizi polis bölməsinə dəvət etdilər. Polis bölməsinə gedərək ərizə ilə
müraciət etdim”.

Bu cinayət işinə Qaradağ Rayon Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Davud 8 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması
cəzasına məhkum edilib.

Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı Şəhər Probasiya
İdarəsinə həvalə edilib.

Təqsirləndirilən şəxsin üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk
etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək
vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan
yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat
06:30-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin
dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

Source link