Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi
nümayəndə heyəti Rumıniya Hökumətinin Baş katibi Mirçea Abrudeanın dəvəti
əsasında Buxarest şəhərinə səfər edib.
Cixisyolu.com-ın xəbərinə görə, səfərin ilk günü Dövlət Agentliyinin sədri və
Azərbaycan Respublikasının Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi
Osmanov Buxarestdəki Tey parkında yerləşən Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Səfər çərçivəsində “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Rumıniya Hökumətinin
Baş Katibliyi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa
dair” Anlaşma Memorandumu imzalanıb.
Anlaşma Memorandumu “ASAN xidmət” təcrübəsinin Rumıniyada tətbiqini, eləcə də
“ASAN xidmət” mərkəzlərində təcrübələrin təşkilini, həmçinin Dövlət
Agentliyinin ekspertləri tərəfindən dövlət xidmətlərinin göstərilməsi sahəsində
qabaqcıl təcrübənin Rumıniya tərəfi ilə paylaşılmasını nəzərdə tutur.
Rumıniya Avropa İttifaqının üzvü və ölkəmizin strateji tərəfdaşıdır.
Buxarestdə yerləşən Viktoriya sarayında baş tutan imzalanma mərasimi zamanı
Rumıniya Hökumətinin Baş katibi dövlət xidmətlərinin göstərilməsi üzrə qlobal
səviyyədə tanınan və qəbul edilən “ASAN xidmət” təcrübəsinin müstəsna
əhəmiyyətinə toxunaraq müvafiq sahənin ölkəsində inkişaf etdirilməsi üçün bu
təcrübədən faydalanacaqlarını bildirib.
Dövlət Agentliyinin sədri müvafiq Memorandumun Azərbaycan ilə Rumıniya
arasındakı mövcud uğurlu əməkdaşlığın daha da inkişaf etdirilməsinə xidmət
edəcəyini vurğulayıb.
Sonra Rumıniya Hökumətinin Baş Katibliyinin nümayəndələri tərəfindən
ölkələrində həyata keçirilən innovativ layihələr barədə geniş təqdimat edilib.
Səfər zamanı baş tutan tədbir və görüşlərdə Azərbaycan Respublikasının
Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov da iştirak edib.
Xatırladaq ki, Dövlət Agentliyi “ASAN xidmət” təcrübəsinin ixracı
istiqamətində 20-dən çox ölkə və beynəlxalq təşkilatla müqavilələr imzalayıb.