Xəbər verdiyimiz kimi, azərbaycanlı hakim-inspektor Asim Xudiyev beş gün əvvəl Monteneqroda yerli “Sutyeska” və Ermənistanın “Alaşkert” komandaları arasında keçirilmiş Avropa Liqasının II təsnifat mərhələsinin ilk görüşündə iş başında olub.
ÇıxışYolu.Com bu münasibətlə Asim Xudiyevin fikirlərini öyrənib.
O bildirib ki, artıq üçüncü dəfədir ki, UEFA onu Ermənistan klublarının oyununa göndərir:
“Bu, ilk belə hal deyil. Artıq üçüncü dəfədir ki, Ermənistan klublarının iştirakı ilə keçirilən oyunlara təyinat alıram. Budəfəki görüşdə heç bir problem olmadı. Oyundan öncə keçirilən müşavirədə meydan sahibinin nümayəndəsi ilə yanaşı, Ermənistan komandasının rəsmisi ilə də görüşdüm.
Heç bir narazılıq olmadı. Onsuz da narazılıq olsa, UEFA-dan olmalıdır. Bunda mənim günahım yoxdur. Üstəlik, narazılığa elə bir əsas yoxdur. Çünki mən oyuna təsir göstərmirəm. Mənim işim hakimlərin işinə qiymət verməkdir. Oyunun isveçrəli hakimləri isə peşəkar şəkildə matçı idarə etdilər”.
Qeyd edək ki, bu görüşdə Yerevan klubu serb müdafiəçisi Mladen Zelkoviçin qolu ilə 1:0 qalib gəlib.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com