ASK-ın təşkilatçılığı ilə sahibkarların kənd təsərrüfatı naziri ilə görüşü
keçirilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Dekabrın 2-də Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları
Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə sahibkarların kənd
təsərrüfatı naziri Məcnun Məmmədovla görüşü keçirilib.
Bu barədə Azərbaycan Sahibkarlar Təşkilatı məlumat yayıb.
Bildirilib ki, görüşdə Kənd Təsərrüfatı Nazirliyinin müvafiq bölmələrinin
rəhbər şəxsləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Konfederasiyanın baş katibi Natəvan Məmmədova
dövlət-özəl dialoqunun səmərəliliyi, bu platformanın iqtisadiyyatımızın
inkişafındakı rolu barədə danışıb. O, tədbirdə kənd təsərrüfatının müxtəlif
sahələrini əhatə edən 100-ə yaxın sahibkarın iştirak etdiyini bildirib.
Nazir Məcnun Məmmədov açılış nitqində ölkəmizdə kənd təsərrüfatı məhsullarının
istehsalı, emalı və ixracı ilə bağlı artan dinamikanı qeyd edib və özəl
sektorun bu sahədəki fikirlərini dinləməyə və əməkdaşlıq etməyə hazır
olduqlarını vurğulayıb.
Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev özəl
sektorla qurulan bu əməkdaşlığa görə kənd təsərrüfatı nazirinə təşəkkürünü
bildirib. O, görüşdə qaldırılan məsələlərin həllinə Konfederasiyanın müvafiq
dəstəyi verəcəyini söyləyib.
Tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Natiq
Həsənov, Konfederasiyanın vitse-prezidenti Zakir Nuriyev kənd təsərrüfatı
sektorunun inkişafı ilə bağlı öz fikirlərini çatdırıblar.
Görüşdə çıxış edən sahibkarlar əsasən kənd təsərrüfatı məhsullarının emalı və
emal edilmiş məhsulların satışı zamanı yaranan vergi məsələləri, eləcə də,
aqrar məhsulların ixracı zamanı ƏDV-nin geri qaytarılması mexanizminin
təkmilləşdirilməsi, ixrac bazarının genişləndirilməsi, qida zəncirinin
qurulması, kadr çatışmazlığı, xammala güzəştlərin tətbiqi, dövlət dəstəyi
mexanizmlərində keyfiyyət məsələlərinin nəzərə alınması, tez xarab olan kənd
təsərrüfatı məhsullarının daxili və xarici bazarlara çatdırılmasındakı
çətinliklər, işğaldan azad olunmuş ərazilərdə orqanik kənd təsərrüfatının
inkişafı üçün imkanların yaradılması və sair məsələlərə toxunublar.
Görüşdə qaldırılam məsələlər ətrafında fikir mübadiləsi aparılıb,
səsləndirilən təkliflər qeydə alınıb. İştirakçılar dövlət-özəl sektor
əməkdaşlığının genişləndirilməsi istiqamətində bu cür dialoq platformalarının
genişləndirilməsinin vacibliyini qeyd ediblər.