3f3ad981-bb25-4fc3-abd4-aea6a7372122..jpg

AŞPA-da “fransız əli” – “KASPİ”nin TƏHLİLİ + FOTO

Baxış sayı: 787 dəfə baxılıb.

AŞPA-da “fransız əli” – “KASPİ”nin TƏHLİLİ + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan heç bir siyasi təzyiqə, şantaja boyun əyməyəcəyini dəfələrlə sübut
edib. Avropa strukturlarının budəfəki təzyiq və şantaj dalğasının da iflasa
uğrayacağı heç kimdə şübhə doğurmamalıdır.

Azərbaycan növbəti dəfə Qərbin “demokratik strukturları” tərəfindən ikili
standartlı, qərəzli və heç bir siyasi çərçivəyə sığmayan münasibətlə üzləşib.
Avropa Şurası Parlament Assambleyası (AŞPA) nümayəndə heyətimizin
etimadnaməsini təsdiq etməyib. Buna cavab olaraq Azərbaycanın qurumdakı
nümayəndə heyəti tam tərkibdə AŞPA ilə əməkdaşlığı qeyri-müəyyən müddətə
dayandırmaq qərarına gəlib.

“Kaspi”

qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

AŞPA-da “fransız əli”

Qurumun bu qərarı verərkən irəli sürdüyü “arqumentlər”ə nəzər saldıqda bir
daha AŞPA-nın siyasi oyununun arxasında hansı əlin dayandığını açıq-aşkar
görmək mümkündür. Üzdə Almaniya təmsilçisi Frank Şvabe görünsə də,
anti-Azərbaycan orkestrinin əsl dirijorunun Fransa olduğu qətidir. Paris
Avropanın siyasi strukturlarındakı təsir dairəsindən istifadə edərək Avropa
Parlamentinin ardınca Avropa Şurasını da ölkəmizə qarşı həyata keçirtdiyi “xaç
yürüşünün səlibçisi”nə çevirir. Ermənistanın “qoruyucu mələyi”nə çevrilən bu
təşkilatların son üç ildə ölkəmizə qarşı təzyiq kampaniyası artıq bütün qırmızı
xətləri keçməkdədir.

Əsassız və çürük ittihamlar

AŞPA-nın Azərbaycana qarşı əsassız ittihamlarına birlikdə nəzər salaq. Frank
Şvabenin Parisdə hazırlanan çıxış mətnində Qarabağın erməniəsilli sakinlərinin
bölgədən zorakılıqla köçürüldüyü iddia edilir. Bu iddianın nə dərəcədə əsassız
və çürük olduğu anti-Azərbaycan qərarlara imza atan avropalı deputatlara çoxdan
məlumdur. Ən azından Laçın yoluyla köç edən ermənilərin mətbuata açıqlamaları,
Ermənistan baş naziri Nikol Paşinyanın bu məsələ ilə bağlı etirafları, ən
mühümü isə, BMT missiyasının işğaldan azad edilən rayonlara səfərlərinin yekunu
ilə bağlı hesabatlarına nəzər salmaq kifayətdir.

Ölkəmizə qarşı irəli sürülən digər ittihamlar isə Azərbaycanda “siyasi
məhbus”ların olması və AŞPA-nın fevralın 7-də keçiriləcək seçkilərə müşahidəçi
qismində dəvət edilməməsi ilə bağlıdır. Qondarma “siyasi məhbus” arqumenti
Azərbaycan təşkilata üzv olan vaxtdan ölkəmizə qarşı hər zaman istifadə edilib.
Budəfəki “tələb”in əsas qaynağı isə Azərbaycanın Parisin bölgədəki casus
şəbəkəsinin ifşa etməsi, həmçinin bu istiqamətdə “beşinci kolon”
təmsilçilərinin təmizlənməsi prosesi, ən əsas da fransız neokolonializminin
ifşası ilə bağlı beynəlxalq səviyyədə atılan addımlardır.

Təzad, ikili standart və ədalətsizlik

2020-2023-cü illər ərzində də AŞPA tərəfindən Azərbaycana qarşı bir sıra
təxribat xarakterli qərarlar qəbul edilib. Separatizmə, işğala, terror
mənbəyinin mövcudluğuna son qoyan Bakının qalibiyyəti sanki Qərbdəki ermənidən
daha çox erməni olanların yuxusuna haram qatıb. Yeri gəlmişkən, Azərbaycanın
işğala məruz qalması faktını AŞPA özü də təsdiqləyib və bu istiqamətdə
qətnamələri mövcuddur. Lakin həmin qətnamələrin tələblərinin yerinə
yetirilməməsi ilə bağlı 23 il ərzində işğalçı dövlət olan Ermənistanın nə
səsvermə hüququ dondurulub, nə də İrəvana “gözün üstündə qaşın var” deyən olub.
30 il məcburi köçkün həyatı yaşamağa məcbur olan, soyqırımına, deportasiyaya
məruz qalan bir milyondan artıq azərbaycanlının hüquqlarının pozulması sanki
Avropa Şurasının təməl prinsiplərinin pozulması deyilmiş. İşğaldan azad edilən
ərazilərimizdəki şəhərlərin, kəndlərin yer üzündən silinməsi, bir xalqa mənsub
olan tarixi-mədəni irsin yox edilməsi sanki demokratiya və hüquq zəncirinin
əsas halqalarının qırılması anlamına gəlmirmiş, Azərbaycan dövlətinin suveren
ərazisində separatizmi yaymaq, bölücülük, nifrət və dini-irqi ayrı-seçkilik
cinayətlərinə yol vermək Avropa dəyərlərini pozmurmuş. Ancaq anti-Azərbaycan
səsverməsinə qatılanların düşüncəsində öz xoşları ilə, könüllü şəkildə həm də
heç bir təzyiq və işgəncəyə məruz qalmadan ermənilərin Qarabağdan çıxıb getməsi
demokratiyanın, insan haqlarının, azadlıqlarının kobud şəkildə pozulmasıdır.
Budur təzad, budur ikili standart və ədalətsizlik.

İndi sual olunur, öz dəyərlərini və varlığını ayaqlar altına alan, Parisin,
Brüsselin siyasi girovuna çevrilərək erməni lobbisinin maşası halına gələn
AŞPA-nın qalib Azərbaycan xalqının öz iradəsini bir daha ortaya qoyacağı seçki
prosesinə dəvətinin nə əhəmiyyəti var?

Paris niyə qorxur?

Proseslərə daha dərindən yanaşdıqda Parisin Ermənistanı “qorumaq missiyası”nın
arxasında ciddi narahatlıq və qorxunun olduğunu da görə bilərik. Azərbaycan
Ermənistana qarşı milyardlarla dollar dəyərində maddi-mənəvi təzminat davası
açmağa hazırlaşır. Əhalisi “miatsum” ideyasının girovuna çevrilərək bu gün
yoxsul həyat tərzi sürən, miqrasiya nəticəsində şəhərləri, kəndləri boşalan
İrəvanın bu təzminatı verəcək nə iqtisadi gücü var, nə də pulu. Ədalət
məhkəməsində beynəlxalq hüquqa əsaslanan haqlı qərar çıxarsa, ermənilərin üz
tutacağı, pul dilənəcəyi dövlətlərin, mərkəzlərin başında indi yağlı vədlərlə
nüfuz qazanmağa çalışan Paris gələcək. Bəs Fransa və onun əlaltıları ermənilər
üçün milyardlarından keçməyə hazırdırmı? Bu ritorik sualın cavabını Ukraynanın
timsalında tapa bilərik.

Heç bir siyasi təzyiqə, şantaja boyun əyməyəcəyini rəsmi Bakı dəfələrlə sübut
edib. Ərazi bütövlüyünü, suverenliyini öz gücü və imkanları hesabına təmin edən
qalib dövlətin milli maraqlarını hər şeydən və hər kəsdən üstün tutacağını
atdığımız addımlarla isbatlamışıq. Budəfəki təzyiq və şantaj dalğasının da
iflasa uğrayacağı indidən məlumdur.

Source link