“AŞPA həmişə Azərbaycanda ictimai-siyasi mühiti gərginləşdirməyə çalışıb” –
RƏY + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Milli Məclisin deputatı Azər Badamov Avropa Şurası Parlament Assambleyasının
(AŞPA) Azərbaycana qarşı heç vaxt səmimi olmadığını və həmişə ölkədə
ictimai-siyasi mühitin gərginləşdirilməsi istiqamətində fəaliyyəti ilə özünü
göstərdiyini bildirib.
O, “Report”a açıqlamasında deyib ki, AŞPA ədalətdən uzaqdır və bu da qurumun
Fransanın əlaltısı olduğunu göstərir:
“Torpaqlarımız 30 il işğal altında və bir milyon məcburi köçkünümüz olduğu
dövrdə AŞPA Ermənistana qarşı hansısa bir qərar qəbul etdimi? Hətta Suriya
qaçqınları ilə bağlı məsələ AŞPA-da müzakirə olunanda qurumun keçmiş
prezidentinə azərbaycanlı məcburi köçkünlərlə bağlı sual ünvanlananda da
Ermənistanın adını çəkməmiş və suala cavab verməkdən yayınmışdı. AŞPA üçün
Ermənistanın Azərbaycan torpaqlarının 20%-ni işğal etməsi və bir milyon
azərbaycanlının məcburi köçkün düşməsi qəbulolunan idi. Amma Azərbaycanın öz
gücü ilə pozulmuş beynəlxalq hüquq normalarını bərpa etməsi, ərazilərin
suverenliyinin təmin olunması qəbul olunmur”.
Deputat vurğulayıb ki, Almaniya da Fransa tərəfindən idarə olunur və
Azərbaycana qarşı qərəzli, böhtan xarakterli addımların atılmasında almaniyalı
deputatlardan istifadə olunur:
“Çünki Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsi ilə
bağlı məsələni almaniyalı deputat Fran Şvabe irəli sürüb. Sual olunur ki,
münaqişələrin həll olunmasına AŞPA nə kimi töhfələr verib? Gürcüstanda baş
vermiş münaqişə, Ukraynada davam edən müharibə, Azərbaycan torpaqlarının 30 il
işğal altında olması ilə bağlı məsələ və s. – çox sadalamaq olar. AŞPA-nın bu
məsələlərin danışıqlar yolu ilə həll olunmasında heç bir rolu olmayıb. Hətta
deyə bilərəm ki, AŞPA münaqişələrin dərinləşməsinə və regionlarda gərginliyin
artmasına çalışıb. Yəni bu təşkilat öz statusundan istifadə edərək nəinki
sülhə, əksinə, sabitliyin pozulmasına və ölkələrdə gərginliyin artmasına xidmət
edib”.
A.Badamov qeyd edib ki, AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnaməsini
təsdiqləməsə, Avropa Məhkəməsi də rəsmi Bakıya lazım deyil:
“Çünki Avropa Məhkəməsinin Azərbaycanla bağlı qəbul etdiyi qərarlar yalnız
Qərbin “beşinci kolon”unun müdafiəsi ilə bağlı olub. Qərb “beşinci kolon”
vasitəsilə Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa, ölkəni
gücsüzləşdirməyə və rəngli inqilabların məkanına çevirməyə çalışıb. Təbii ki,
onların siyasi texnoloqların girə bildiyi və “beşinci kolon”u canlandıra
bildiyi ölkələrin aqibətinin necə olduğunu bütün dünya görüb. Amma Qərb
Azərbaycanı həmin ölkələrlə müqayisə etməsin. Çünki ölkəmizdə xalqımızın
inandığı və etibar etdiyi lider var. Ona görə də heç bir xarici güc xalqımızın
milli maraqlarına qarşı çirkin məqsədinə nail ola bilməyəcək. Əgər AŞPA
Azərbaycan nümayəndə heyətini təsdiqləməsə, təbii ki, təxribatçılara haqq
qazandıran Avropa Məhkəməsinin yurisdiksiyası da bizə lazım olmayacaq”.
Milli Məclisin üzvü AŞPA-nın ədalətsiz hərəkətlərinin bu beynəlxalq qurumun
Fransanın əlində alət olmasının göstəricisi sayıb:
“Məhz Fransanın təkidi ilə ötən il də Azərbaycana qarşı qərəzli qətnamələrin
qəbul edilməsinin şahidi olmuşuq. Amma çox təəssüf edirəm ki, Angela Merkel,
Gerhard Şröder, Helmut Kol, Konrad Adenaur kimi rəhbərləri olmuş və öz müstəqil
siyasəti ilə Avropaya ağsaqqallıq etmiş Almaniya bu gün dünyada nüfuzunu
günü-gündən itirən Fransanın oyuncağına çevrilib. Onun diktəsi ilə Azərbaycana
qarşı qərəzli məsələlər AŞPA-da gündəliyə gətirilir. Almaniyalı deputat Frank
Şvabe Azərbaycana qarşı qərəzli bir məsələni gündəmə gətirəndə ilk növbədə öz
ölkəsinin keçmişini xatırlasa, daha yaxşı olar. Təəssüf ki, Fransa Almaniyanı
idarə edir və öz çirkin niyyətlərinin arxasınca aparır. AŞPA Azərbaycan
nümayəndə heyətinin etimadnaməsini təsdiqləməsə, ilk növbədə öz nüfuzuna
zərbədir. AŞPA formal xarakterli təşkilatdır. Ona görə də belə bir qurumun
Azərbaycanın nə qədər lazım olduğunu düşünməliyik”.