Assosiasiyadan yumurtanın qiymətinin artması xəbərinə REAKSİYA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Son günlər bir sıra satış şəbəkələrində süfrə yumurtasının qiymətində artım
edildiyinə dair məlumatlar yayılır. Bunu Rusiyaya süfrə yumurtasının ixracının
başlanmasından sonra guya Azərbaycanda yumurta çatışmazlığının yaranması ilə
əsaslandırmağa çalışırlar.
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasından
Cixisyolu.com-a bildirilib ki, nəinki son günlərdə, hətta son aylarda birlikdə təmsil
olunan yumurta istehsalçılarının heç biri tərəfindən yumurtanın müəssisədən
çıxış qiymətində artım edilməyib:
“Belə ki, içərisində 360 yumurta olan bir qutunun marketə çatdırılma da daxil
olmaqla, qiyməti 53 manat təşkil edir ki, bu da bir yumurta üçün 14,5 qəpik
deməkdir. Bu qiymət hətta ötən ilin eyni dövründəkindən bir qəpik ucuzdur.
Bu gün Azərbaycanda gündəlik süfrə yumurtası istehsalı beş milyon ədədə yaxın,
gündəlik tələbat isə 3,6 milyon ətrafındadır. İxraca yalnız və yalnız
tələbatdan artıq olan yumurta göndərilir.
Biz istehsalçılar olaraq, satış şəbəkələrinə müraciət edirik ki, onlara satış
qiymətində hər hansı dəyişiklik etmədiyimiz halda qiyməti artırıb,
cəmiyyətimizi narahat edən yalan əsaslandırmalarla əhali arasında ajiotaj
yaratmasınlar”.
Assosiasiyadan qeyd edilib ki, ölkədə yumurtanın bahalaşması üçün hər hansı
iqtisadi əsas yoxdur:
“Azərbaycan dövləti bütün kənd təsərrüfatı istehsalçılarına olduğu kimi, quş
əti və yumurta istehsalçılarına da bir sıra mühüm dəstək mexanizmləri tətbiq
edir. İndiki şəraitdə ölkəmizdə yumurtanın qiymətinin artırılması üçün hər
hansı iqtisadi əsas yoxdur. Buna görə də biz məhsulumuzu əvvəlki qiymətlərlə
satış şəbəkələrinə təqdim edirik.
Biz bir daha bəyan edirik ki, Azərbaycanın əsas yumurta istehsalçılarından heç
biri topdansatış qiymətlərində hər hansı dəyişiklik etməyib.
Eyni zamanda vətəndaşlarımızı əmin edirik ki, əhalimizin tələbatını ödəyəsi
həcmdən daha artıq istehsal var və hər hansı çatışmazlıq mövcud deyil. Satış
şəbəkələrinin sizi aldatmasına imkan verməyin”.