71d0d67e-4164-4926-8941-128159a36cb3.jpg

Astarada əri tərəfindən döyülən qadın meşəyə qaçdı

Baxış sayı: 200 dəfə baxılıb.

Astara rayonunda 1992-ci il təvəllüdlü Murad ailə münaqişəsi zəminində yaranan
mübahisə zamanı həyat yoldaşı Faziləyə (adlar şərti göstərilib – red.) xəsarət
yetirib.

Demokrat.az-ın məlumatına görə, hadisə Astara rayonunun kəndlərindən birində
baş verib.

Kənd sakini Murad qeyri-rəsmi yaşadığı arvadı Fazilənin mübahisə zamanı
bədəninin bəzi nahiyələrinə bir neçə dəfə zərbə vurub və müxtəlif dərəcəli
bədən xəsarətləri yetirib.

Hadisəni törədən Murad barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən
sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Murad ona elan
olunmuş ittihamla özünü təqsirli bilib.

O, ifadəsində göstərib ki, 10 ilə yaxındır Fazilə ilə qeyri-rəsmi ailə həyatı
qurub:

“Hadisə günü, saat 10 radələrində yaşadığım evdə olan zaman həyat yoldaşım ilə
şəxsi münasibətlər zəminində aramızda söz mübahisəsi baş verdi. Mübahisə zamanı
əsəbiləşərək Fazilənin bədəninin müxtəlif yerlərinə bir neçə şillə zərbəsi
endirərək döydüm. Dava-dalaş zamanı orada kənar şəxs olmayıb. Hadisə təxminən
3-5 dəqiqə davam etdi”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Fazilənin sözlərinə görə, hadisə
günü, saat 10 radələrində evdə olan zaman həyat yoldaşı Murad ilə aralarında
mübahisə baş verib:

“Mübahisə zamanı mənim və azyaşlı övladımın ünvanına nalayiq ifadələr
işlətdiyi üçün ona öz etirazımı bildirdim. Bu zaman Murad üzərimə hücum çəkdi,
bədənimin müxtəlif yerlərindən bir neçə şillə zərbəsi endirdi. Daha çox xəsarət
yetirəcəyindən qorxaraq, əlindən qaçıb meşənin içi ilə atamın yaşadığı evə
getdim. Baş verənlər barədə atamgilə danışdım. atam polisə müraciət etməyimi
məsləhət gördü. Mən də polisə müraciət etdim”.

Bu cinayət işinə Astara Rayon Məhkəməsində baxılıb.

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin
ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Muradın barəsində olan
cinayət təqibinə xitam verilib.

O, cinayət məsuliyyətindən azad edilib.

Source link