Astaranın Divəkə və ya Əlişa qalalarında arxeoloji qazıntı işlərinə başlanıb –
FOTO
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və
Antropologiya İnstitutunun “Arxeoloji abidələrin toplusu” şöbəsinin əməkdaşları
Astara rayonu ərazisində yerləşən Divəkə və ya Əlişa qalasında qazıntı işlərinə
başlayıblar.
APA-nın Cənub bürosunun verdiyi məlumata görə, qazıntılar zamanı Azərbaycan
tarixinə dair yeni faktlar verəcək maddi-mədəni nümunələr – çoxlu sayda saxsı
qab qalıqları, şirli və şirsiz qab qırıqları, fayans tipli qab qalıqları, eyni
zamanda miniatür tipli saxsı qablar aşkar olunub.
Abidədə aşkar olunan və xüsusi diqqət çəkən daş parçası, üzərində kobud
şəkildə təsvir olunan şir başıdır. Daşın üzərinə diqqətlə baxdıqda şir
təsvirinin daşın müxtəlif tərəflərində əks olunduğunu görmək mümkündür.
Qalanın qazıntı aparılan hissəsində qırmızı kərpicdən hörülən hissənin tağ
formasında olduğu, burada su axını üçün yerin olduğu da müəyyən olunub. Burada
qayaların dibindən suyun tökülməsi və ya axıdılması üçün su tüngləri aydın
şəkildə görünür. Qazıntı zamanı ərazinin daha çox orta əsrlər dövrünə aid
olduğu bildirilir.
Aparılan arxeoloji tədqiqatlar nəticəsində əldə olunan maddi-mədəni nümunələri
göstərib ki, möhtəşəm sirli memarlıq abidəsi Təbriz memarlıq məktəbinin ən
böyük nümunələrindəndir.
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Arxeoloji
abidələrin toplusu”nun elmi işçisi Şəfəq Ağayeva bildirib ki, “arxeoloji
tədqiqatlar nəticəsində əldə olunan maddi-mədəni nümunələr göstərir ki, ərazi
Təbriz memarlıq məktəbinin ən böyük nümunələridir. Hansı ki, XIII əsrdən
etibarən Azərbaycan mədəni mərkəzlərinin biri Təbriz olduğundan məhz Elxanilər
dövründən başlayır”.
Abidənin cənuba doğru istiqamətində tikinti qalığı da mövcuddur ki, həmin
tikinti qalığı yaşayış yerinə bənzəyir. İnstitut əməkdaşları yaxın günlərdə
həmin tikinti qalığında qazıntı işlərinə başlayacaqlar. Ehtimal olunur ki,
tikinti ərazisindən tapılacaq materiallar Azərbaycan tarixinə dair yeni
faktlar, daha dəqiq məlumatlar verəcək.