ATƏT PA sədri: Sülh Qarabağ münaqişəsinin yeganə həll yoludur

ATƏT PA sədri: Sülh Qarabağ münaqişəsinin yeganə həll yoludur

Baxış sayı: 2. 798 dəfə baxılıb.

Martın 13-də Bakıda ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun  “İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu” mövzusunda beynəlxalq konfransı başlayıb.

ÇıxışYolu.Com məlumat verir ki, konfransda ATƏT PA-nın sədri Georgi Tsereteli, Monteneqronun ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri İvan Brajoviç, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Monqolustan xarici işlər naziri, Monqolustanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Soqbatar Damdin, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin baş katibi Asəf Hacıyev, TRASECA Hökumətlərarası Komissiyasının daimi katibliyinin baş katibi Mirçea Çiopraqa, Çinin Azərbaycandakı səfiri Vey Cinhua və digər şəxslər iştirak edirlər. 

“ATƏT bütün münaqişələrin həllinə aktiv cəlb olunub. Həmçinin, ATƏT Parlament Assambleyası üçün əsas prioritetlərdən biri münaqişələrdə vasitəçilik missiyası və sülh yolu ilə həllin tapılmasıdır”.

Bunu çıxışında  ATƏT PA-nın sədri G.Tsereteli deyib.

“Biz dəfələrlə açıq şəkildə bəyan etmişik ki, müəyyən məsələlər, o cümlədən həlli uzanan münaqişələrlə bağlı boşluqlar var.

Bu, Dağlıq Qarabağ münaqişəsinə də aiddir. Biz ATƏT in Minsk qrupunun səylərini dəstəkləyirik. Bu münaqişənin həlli üçün başqa mexanizm yoxdur. Sülh yolu ilə həll yeganə yoldur”, – deyə o qeyd edib.

ATƏT PA prezidenti çıxışında bildirib ki, İpək yolu ideyası irəli sürüldükdən sonra bir çox ATƏT ölkəsi bu ideyaya dəstək verib və layihəyə qoşulmaq qərarına gəlib.

G.Tsereteli qeyd edib ki, iqtisadi əməkdaşlıq da ATƏT-in prioritetləri sırasındadır:

“ATƏT və onun Parlament Assambleyası fəal şəkildə yaranan problemlərin həlli ilə məşğul olur. Buraya terrorizmə qarşı mübarizə, münaqişələr daxildir. Lakin iqtisadi əməkdaşlıq da çox vacibdir. 

İpək Yolu ticarət yoludur. Mallar daşınır və satılır. Amma İpək Yolu elə bir marşrutdur ki, bu yol boyunca əhali yaşayır. Bu marşrut üzrə vacib şəhərlər yerləşir.

Bunlar xalqlarımızın inkişafı baxımdan əhəmiyyət kəsb edən şəhərlərdir, iqtisadi inkişafa, çiçəklənməyə nail olmaq bütün ölkələrlə əməkdaşlıq etməyə imkan verir. Sərhədlərin bağlanmasının qarşısını almalıyıq.

Region naminə bunun əhəmiyyəti böyükdür. Nəqliyyat infrastrukturunu müasirləşdirmək əhəmiyyət kəsb edir. 

Bakı-Tbilisi-Qars dəmir yolunu buna misal kimi göstərmək olar. Bu, malların vaxtında çatdırılması nöqteyi-nəzərindən vacibdir”.

Milli Məclis (MM) sədrinin müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib ki, İpək Yolu Şərq və Qərb arasında təkcə iqtisadi deyil, siyasi, mədəni layihədir.

B. Muradova bildirib ki, İpək Yolunu Çin olmadan təsəvvür etmək mümkün deyil:

“Bu gün tədbirdə iştirak edən Çin səfirinə təşəkkür edirəm. Azərbaycan ATƏT-in bir sıra tədbirlərini təşkil edərək ATƏT dəyərlərinin yayılmasına töhfə verib. Azərbaycanın təşəbbüsü ilə İpək Yoluna Dəstək Qrupunun yaradılması istiqamətində çox böyük işlər görülüb.

Azərbaycanın bu təşəbbüslə çıxış etməsi təsadüfi deyil. Azərbaycan İpək Yolunun işlək yola çevrilməsi üçün praktik addım atan ölkədir.

Azərbaycanın təşəbbüsü ilə keçən il Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib. Bu dəmir yolu İpək Yolu ilə yüklərin daşınmasını 30-35 gündən 15 günə endirəcək. 

Azərbaycan Şimal-Cənub Nəqliyyat Dəhlizi istiqamətində dlə mühüm işlər görür və bu dəhliz İpək Yoluna inteqrasiya olunacaq. Azərbaycan bu təşəbbüsü irəli sürməyə mənəvi və siyasi haqqı olan ölkədir”.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com