Ata iki yaşlı oğluna doqquz bıçaq vurdu: Bakıda qandonduran cinayət – FOTO
2022-ci il noyabrın 23-ü saat 19 radələrində Səbail rayonu Yüzbəy Mürsəlov
küçəsində Saqi Kərimov 2 yaşlı oğlu İsmayıla bıçaq xəsarətləri yetirərək, onu
öldürmək istəyib. Bu barədə azyaşlının anası Xeyrənsə Kərimova Səbail rayon
Polis İdarəsinin 8-ci Polis Bölməsinə müraciətində bildirib.
Məlumat əsasında Çevik Polis Alayının əməkdaşları həmin evə yollanıb və Saqi
Kərimovu gətirərək bölməyə təhvil veriblər.
Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci
(qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.
Saqi Kərimov 1990-cı ildə Yevlax şəhərində anadan olub, 2018-ci ildə Cinayət
Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə 1 il müddətinə islah işləri
cəzasına məhkum olunub.
Lent.az hadisənin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, noyabrın 23-də Saqi Kərimov qayınatası Təyyar
Əliyevin evinə gələrək, arvadı Xeyrənsə Kərimovadan onunla birlikdə getməsini
tələb edib. Yoldaşı bundan imtina edib, onunla birlikdə yaşamayacağını və
boşanacağını, eləcə də azyaşlı övladı ilə görüşməyə imkan verməyəcəyini
bildirib. Bundan sonra o, qadından qisas almaq istəyib. Qadına mənəvi iztirab
vermək üçün, ondan 2 yaşlı oğlu ilə axırıncı dəfə görüşmək üçün şərait
yaratmasını xahiş edib. Yoldaşı razı olduqda, Saqi Kərimov uşağı yataq otağına
aparıb, arvadı, qayınatası və qayınanasına əzab verəcəyini düşünərək, bıçaqla
oğlu İsmayıla 9 dəfə zərbə endirib. Yetirdiyi xəsarətlərin ağrısından qışqıran
uşağın səsinə nənəsi Əminə Əliyeva içəri daxil olub və kürəkəninə mane olmağa
çalışıb. Buna baxmayaraq, o, qadına da 2 dəfə bıçaqla zərbə vurub. Azyaşlıya
ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas edilib.
İş üzrə dindirilmiş Saqi Kərimov bildirib ki, 2020-ci ilin fevral ayında
Xeyrənsə Kərimova ilə rəsmi nikaha daxil olub. Dekabrın 18-də övladları İsmayıl
Kərimov anadan olub:
Saqi Kərimov
“Ailə qurandan sonra Bakıda kirayədə yaşayırdıq. Aramızda mübahisələr
yarandığından 2022-ci ilin avqust ayında Xeyrənsə uşağı götürüb, atası Təyyar
Əliyevin evinə getdi. Tez-tez gedib uşaqla görüşüb arvadıma geri qayıtmasını
təklif etsəm də, o, imtina edirdi. Noyabrın 23-də
“20-ci sahə”yə çatarkən, xırdavat mağazasından bıçaq alıb gödəkçəmin cibinə
qoydum. Evdə söhbət zamanı qaynatamdan xahiş etdim ki, ailəmi buraxsın, amma
Təyyar Əliyev qızının mənimlə getməyəcəyini bildirdi.
Qayınatamın sözlərindən sonra, özümü və oğlumu öldürməyi qərarlaşdırdım.
Xeyrənsə İsmayılı döşəmənin üzərindən götürüb mənə verəndə, uşağı qucaqlayıb
yataq otağına apardım. Azyaşlını çarpayının üzərinə uzatdım və bıçaqla ürəyinə
zərbə vurdum. Ardınca 8 zərbəni necə vurduğumu xatırlamıram”.
Xeyrənsə Kərimova
Zərərçəkmiş İsmayıl Kərimovun qanuni nümayəndəsi Xeyrənsə Kərimova ifadəsində
göstərib ki, əri Saqi Kərimov dəfələrlə, əgər boşansa övladını və onun ailə
üzvlərini öldürəcəyini bildirib:
“Noyabrın 23-ü səhər saat 9-dan başlayaraq, yoldaşım zəng vurdu və İsmayılı
götürüb şəhərə gəzməyə getməyi təklif etdi. Mən isə Saqiyə uşağın xəstə
olduğunu, buna görə də onu çölə çıxarda bilməyəcəyimi dedim. Yoldaşım bundan
əsəbiləşərək, üstümə qışqırdı. Həmin axşam Saqi evdən getməyə hazırlaşarkən,
uşağı qucaqlayıb sağollaşmaq istədiyini dedi. Ərim uşaqla birlikdə yataq
otağına keçəndən bir müddət sonra, İsmayılın ağladığını eşitdim. Otağa girəndə,
İsmayılı çarpayının üzərində, qana bulaşmış vəziyyətdə gördüm və qışqırmağa
başladım”.
Zərərçəkmiş Əminə Əliyeva ifadəsində göstərib ki, kürəkəni Saqi Kərimov hər
gün arvadı Xeyrənsəni döyüb:
Hadisə olan otaq
“Buna baxmayaraq, qızım döyüldüyünü bizdən gizlətməyə çalışırdı. Saqi evinə 1
manat pul belə pul gətirmir və evin kirayə pulunu ödəyə bilmirdi. Ailəsini biz
saxlayırdıq. Noyabrın 23-ü saat 19 radələrində evimizə gələn kürəkənim
qayınatasına yoldaşını və oğlunu aparmaq istədiyini deyəndə, Təyyar ona
borclarını qaytardıqdan sonra Xeyrənsəni apara biləcəyini söylədi.
Bundan sonra Saqi ovladını öpüb gedəcəyini bildirdi. Həmin vaxt İsmayıl qonaq
otağında, döşəmənin üzərində oturub oynayırdı. Xeyrənsə uşağı götürüb Saqiyə
verdi. Yataq otağından nəvəmin səsini eşidən kimi mən, ardımca da qızım içəri
qaçdıq.
Saqinin İsmayıla bıçaqla zərbələr vurduğunu görüb “qoymayın uşağı öldürdü”
deyə, qışqırdım. Əllərimlə bıçaqdan və qolundan tutub kürəkənimi divara
çırpdım”.
Zərərçəkmiş qeyd edib ki, hazırda nəvəsinin barmaqlarında problem var. Dili
tutulub, danışmaqda çətinlik çəkir və buna görə müalicə olunur.
Məhkəmə iclasında Saqi Kərimov ittiham üzrə özünü qismən təqsirli bilib.
Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi bildirib ki, ərini bağışlamır və ona
qanuna uyğun cəza verilməsini xahiş edib. Zərərçəkmiş Əminə Əliyeva
təqsirləndirən şəxsə ömürlük cəza təyin edilməsini istəyib.
Məhkəmə hesab edib ki, Saqi Kərimovun əməlləri ibtidai istintaq orqanı
tərəfindən Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam
öldürməyə cəhd), 29, 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən
öldürməyə cəhd) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə
düzgün tövsif olunub. O, həmin maddələrlə təqsirli bilinməli və
cəzalandırılmalıdır.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saqi Kərimov cəzasını ciddi
rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il 6 ay müddətinə azadlıqdan məhrum
olunub.