Ata Sumqayıtda fiziki məhdudiyyətli övladına işgəncə verdi, ana şikayət etdi
Sumqayıt şəhərində 1993-cü il təvəllüdlü Vaqif ailə münaqişəsi zəminində oğlu
Əlini (adlar şərti verilib – red.) döyüb, arvadı Vüsaləni isə öldürməklə
hədələyib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhərində 13-cü
mikrorayonda baş verib.
Vaqifin barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə
ittiham elan edilib.
İş üzrə izahat verən Vaqif bildirib ki, Vüsalə onun həyat yoldaşı olub və
birgə nikahdan 3 övladları var: “Nikah pozulduqdan sonra 15 yaşlı oğlum Vüsal
və 10 yaşlı oğlum Əlini götürərək anama məxsus olan Sumqayıt şəhəri, 13-cü
mikrorayon ərazisində yerləşən mənzildə yaşamağa başladıq. Təxminən 1 il 6 ay
əvvəl həmin evdən çıxdım və bağ evində ata yurdunda anamın yanında yaşamağa
başladım”.
Vaqif deyib ki, Vüsalə ondan aliment tələb edib:
“Həmin alimenti verə bilmədim və borc yığılaraq 13 000 manat oldu. Təxminən 7
gün əvvəl həmin pulu Vüsaləyə verdim. Eyni zamanda məhkəmə mənim iki övladıma
20000 manat kompensasiya verməyim öhdəsini qoydu. Mən də Vüsaləyə qaldığı evi
sataraq pulu verəcəyimi dedim. Vüsalə isə həmin evin açarlarını dəyişdi və məni
evə buraxmayaraq evin satılmasına problem yaratdı”.
Vaqif deyib ki, təxminən 4 gün əvvəl anası ilə birlikdə Vüsalənin yaşadığı evi
satmaq üçün həmin ünvana gəliblər:
“Biz mənzilə daxil olduq və mənzilin bir otağında yaşamağa başladıq. Hadisə
günü, saat 11:00-da oğlum Əli anamla mənim olduğum otağa daxil oldu və anamın
əlindən televizor pultunu almaq istədi. Mən də ona – “yaşlı adamdır, icazə ver
nənən televizora baxsın”, – dedim. Oğlum mənim və anamın ünvanına nalayiq
ifadələr və söyüşlər söydü. Anası ilə birgə mənim anamın üzərinə gəldilər. Mən
də onların arasına girərək anamı qorumağa çalışdım.
Onları otaqdan çıxardım, qapını bağladım. Onlar təpiklə otağın qapısına
vurdular, sonra mətbəxə keçdilər. Keçmiş həyat yoldaşım mətbəxdə oğlumun
sinəsini cırmaqladı və polis əməkdaşları gələndə onu mənim döydüyümü deməyi
tapşırdı. Bildirmək istəyirəm ki, oğlumu vurmamışam və ona heç bir xəsarət
yetirməmişəm”.
İş üzrə izahat verən zərərçəkmiş Əlinin qanuni nümayəndəsi və anası Vüsalənin
sözlərinə görə, 2 övladı ilə birlikdə Sumqayıt şəhəri, 13-cü mikrorayon
ərazisində yerləşən mənzilində yaşayır:
“Vaqiflə aramda olan nikah pozulub. Oğlum Əli 3-cü dərəcəli qulaq karlığı və
toyuq korluğu xəstəsidir. Digər oğlum da gözdən əlildir. Vaqifdən boşandıqdan
sonra hazırda yaşadığım həmin evdə uşaqlarımla bir yerdə yaşamağa başlamışam.
Vaqif isə Sumqayıt şəhəri, Qurd dərəsi bağlarında atasının evində anası ilə bir
yerdə yaşamağa başlayıb. Vaqifdən boşandıqdan sonra ondan aliment tələb etdim.
Lakin alimenti vermədi və 13000 manat aliment borcu yarandı”.
Vüsalə bildirib ki, təxminən 7 gün əvvəl həmin məbləği Vaqifdən alıb:
“Bir neçə gün sonra Vaqif anasını da götürərək yaşadığım evə gəldi və bir
otağı zəbt edərək orada yaşamağa başladılar. Elə həmin gündən demək olar ki,
hər gün aramızda mübahisə olub. Vaqif və anası məni, himayəmdə olan eşitmə və
görmə məhdudiyyəti olan uşağıma qarşı şiddət göstəriblər”.
Vüsalənin ifadəsinə görə, hadisə günü saat 11:00-da oğlu Əli ilə evdə olanda
Vaqif və anası da evin böyük otağında oturaraq televizora baxıblar:
“Bu zaman oğlum da televizora baxmaq istədi. Lakin bizim otağımızda olan
televizoru Vaqif zal otağında olan televizorun arxasından antendən çıxarmışdı.
Ona görə oğlum Vaqif və anasının olduğu otağa daxil olaraq öz otağımızda olan
televizoru qoşmaq istədi. Vaqif əli ilə oğlumun boynundan və sinəsindən tutaraq
divara sıxdı. Sonra da döydü. Oğlumu onun əlindən aldım və Sumqayıt Şəhər Polis
İdarəsinin 1-ci polis bölməsinə müraciət etdim”.
Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə Vaqif 500 manat miqdarında cərimə
olunub.