Ataların da uşaqlara görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ olacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Analarla bərabər ataların da uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək
pensiyası almaq hüququ olacaq, güzəştə yol verən şərtlər sırasına
valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı
hal da şamil ediləcək.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri
komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Əmək pensiyaları
haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış
qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya
kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına
imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan
vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa
görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək
pensiyası hüququ var. Kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq
2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən
başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
Qüvvədə olan qanuna görə, beş və daha çox uşaq doğub, övladlığa və (və ya)
qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınların
bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla
yaşa görə əmək pensiyası hüququ vardır. Əlilliyi müəyyən edilmiş uşağını səkkiz
yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər
daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var. Ana
vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik
hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı və ya əlilliyi müəyyən
edilmiş uşağını növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən
ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz
yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək
böyüdən qəyyum kişilərin bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş
həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var.
Təklif olunan dəyişikliyə əsasən, valideynlərini itirmiş və ya valideyn
himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa
götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi
müəyyən edilmiş uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək
sağ olması şərti ilə, bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş şərtlər
daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ olacaq.
Həmin kişilərə münasibətdə qadın vəfat etdiyi (məhkəmənin qanuni qüvvəyə
minmiş qərarı ilə ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildiyi), habelə
məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən, valideynlik hüququndan məhrum
edildiyi və ya nikaha xitam verildiyi üçün uşağın (uşaqların) kişinin
himayəsinə verildiyi hallarda tətbiq ediləcək.
Layihə parlamentin plenar iclasına tövsiyə edilib.