859864ea-d719-4390-b98b-f7d75e6f1142..jpg

Atasını şərləyib həbs etdilər, günlərlə ac qaldı – Emma Ələkbərzadə haqqında maraqlı faktlar – FOTO

Baxış sayı: 836 dəfə baxılıb.

Atasını şərləyib həbs etdilər, günlərlə ac qaldı – Emma Ələkbərzadə haqqında
maraqlı faktlar – FOTO

Kulis.az müğənni Elmira Ələkbərzadə haqqında maraqlı faktları təqdim edir.

Elmira Çingiz qızı Ələkbərzadə 10 noyabr 1973-cü ildə Bakı şəhərində anadan
olub. Atası yazıçı Çingiz Ələkbərzadə Azərbaycan sovet romanının banisi, Xalq
yazıçısı Əbülhəsən Ələkbərzadənin oğlu olub.

Uşaqlıqdan yaradıcı mühitdə doğulan Elmira Ələkbərzadə hələ balaca olanda,
bacısı Sevda Ələkbərzadə ilə birlikdə atasının “Vulkan” əsərindən səhnələr
seçib, evdə kiçik səhnəciklər qurublar.

Elmiranın ailəsi bir müddət “Baksovet”də babasıgillə eyni məhəllədə yerləşən
evlərində yaşasa da, sonradan atasının işi ilə əlaqədar İsmayıllıya köçməli
olub.

Ancaq tale elə gətirib ki, televiziyada müxbir kimi fəaliyyət göstərən
Elmiranın atası Çingiz Ələkbərzadə Sovet dövründə şərlənərək həbs olunub. Bu
hadisə onun həyatında dərin iz buraxıb. Müsahibələrinin birində o deyib:

“Atamı Sovet dövründə şərlədilər. Belə ki, Azərbaycan Dövlət Televiziya və
Radio Verilişləri Komitəsində “Günün ekranı” redaksiyasında telejurnalist kimi
çalışdığı zaman, durğunluq dövründə ictimai qüsurları kəskin tənqid etməsi həbs
olunmasına səbəb oldu. 2 il 8 ay günahsız yerə həbs həyatı yaşadı. Şamaxıdan
zəng edib atamdan hansısa kolxoz haqqında çəkiliş etməsini istədilər. Elə
Şamaxıya gedəndə yolda dayandıqları restoranda bir neçə nəfər atamın qollarını
burub apardılar. Stula asılan pencəyinin ön cibinə salfetə bükülən 400 rubl pul
qoyub atamı şərlədilər. Guya atam kimdənsə rüşvət alıb.

Atam şərlənmədən öncə babam Əbülhəsən Ələkbərzadənin çap olunan kitablarından
30 min rubl pul almışdı. 30 min rubl o dövrdə bir evin pulu idi. Bu qədər pulu
olan insanın 400 rubla ehtiyacı ola bilərdi? Bu qədər pulun müqabilində atamı
400 rubla görə rüşvət adı ilə şərləyərək həbs etmələri gülünc idi. Bunun
sifarişli həbs olduğunu hər kəs bilirdi. İndi azad ölkədə yaşasaq da, o vaxt
heç kim öz fikrini deyə bilməzdi. Məhkəməyə o qədər saxta şahidlər
gətirmişdilər ki, heç birinin sözü üst-üstə düşmürdü. Həbsxana atam üçün
deyildi. Atamın həbsindən sonra nənəm Şövkət xanım vəfat etdi. Nənəm bu
ayrılığa dözmədi, Çingiz deyə-deyə rəhmətə getdi”.

Elmiranın atası həbsdən çıxandan sonra əvvəlki həyatına uyğunlaşa bilməyib.
Həbsxana həyatı onun əsəblərinə və sağlamlığına ciddi ziyan vurub.

Yeniyetməlik dövrü yaşayan Elmira isə həmin ərəfədə musiqi üzrə təhsil almağa
başlayıb. Əvvəlcə Bülbül adına orta ixtisas məktəbində fortepiano sinfini
bitirib. Daha sonra Asəf Zeynallı adına musiqi kollecində təhsil alıb.
İncəsənət universitetində sənət tarixi üzrə təhsilini davam etdirən Elmira
Ələkbərzadə musiqi karyerasının da başlanğıcını elə həmin illərdə qoyub.

Müğənni ilk dəfə “Tənhayam” adlı mahnısı ilə debüt edib. Bu mahnı ona böyük
populyarlıq qazandırıb.

Müğənni həmin ərəfələrdə köklükdən və xroniki hipertoniyadan əziyyət çəkib.
Günlərlə yüksək təzyiqi qalxan Elmira Ələkbərzadə demək olar ki, hər gün təcili
yardıma müraciət etməli olub. Ürəyində ciddi problemlər yaranıb. Depressiyaya
düşüb, günlərlə bədbinliyə qapılıb. Nəhayət, günün birində qərara gəlib ki,
arıqlasın. Ciddi pəhrizə keçərək 93 kiloqramdan, 55 kiloqrama qədər arıqlayıb.
Bir ay ərzində onun gündəlik qida rasionu iki çay qaşığı qarabaşaq sıyığı, bir
alma və su olub. Müsahibələrinin birində bu barədə deyib:

“Tənhayam” mahnım sevilmişdi. Bakılı oğlanlar komandası bu mahnını “Tankdayam”
deyə ifa etmişdilər. O vaxt özüm də tanka oxşayırdım. Əslində, kök olmağa qarşı
kompleksim olmayıb. Sadəcə qısa geyinməzdim, şalvar geyinəndə üstündən uzun bir
kofta geyinərdim. Mənim köklüyüm incə olub. Səhnədə rəqs edəndə sanki uçurdum.
Səhhətimdə problemlər yaşayırdım. Yüksək təzyiqin ağır forması olurdu.
Kanalların birindən çəkilişdən qayıdırdım. Telefonla danışırdım. Gördüm ki,
ağzımın sağ tərəfini hiss etmirəm. Güzgüyə baxanda qorxdum. Anamgilə zəng
vurdum ki, təcili yardım çağırın. Anamla Sevda məni görəndə çox qorxdular.
Həkim gəldi, məni geri qaytardılar. İflic ola bilərdim. İkinci dəfə isə
Tbilisidə təzyiqim qalxdı. Bu, 2007-2008-ci illər idi. Pəhrizim orada başladı.
3-5 ilə arıqladım. 98 kiloqramdan 48 kiloqrama düşdüm. İndi yüksək təzyiqdən
əziyyət çəkmirəm”.

Ancaq onun arıqlaması şayiələrin yayılmasına səbəb olub. Bir çoxları
müğənninin mədəkiçiltmə və daha bahalı əməliyyat keçirdiyini iddia ediblər.
Müğənni isə bu fikirləri qəti şəkildə rədd edib, əməliyyatdan, həkimdən
qorxduğunu dilə gətirərək deyilənlərin yalan olduğunu bildirib.

Elmira Ələkbərzadə məşhurlaşandan sonra adını müəyyən mənada korrektə edərək
özünü Emma Ələkbərzadə kimi təqdim etməyə başlayıb.

Emma Ələkbərzadə 39 yaşında 3 noyabr 2012-ci ildə ixtisasca aşpaz olan Emil
adlı bəylə rəsmi nikaha girib. Bu evlilikdən onların David adlı bir oğulları
doğulub. O, müsahibələrinin birində deyib:

“Emil bəy əslində mənim yox, bacım Sevdanın pərəstişkarı olub. Mən Emilin ağ
saçlarına vuruldum. Çünki ağ saçların aşiqi, xəstəsiyəm. Toyumuz öz istədiyimiz
kimi keçdi. Bacım mənə demədən mənim “Tənhayam” mahnımı ifa etdi. Mənim
gözlərim doldu. Sevda bunu məndən gizlətmişdi”.

Müğənninin həyat yoldaşı Emil bəy isə Emma xanımla necə tanış olmasını belə
xatırlayıb:

“Tənhayam” mahnısı çıxanda çox bəyənmişdim, hər gün dinləyirdim. Avtobuslarda
eşidirdim. O vaxt internet indiki kimi populyar deyildi. Mahnını axtarırdım,
satıcılardan soruşurdum ki, bu mahnını kim oxuyur. Çox adam da bilmirdi,
deyirdilər tanımırıq, eşitməmişik. Bir neçə il əvvəl saytların birində Emmanın
müsahibəsinə rast gəldim. Şəklə baxdım gözlərimə inanmadım. Emma çox
arıqlamışdı. Dedim ki, ola bilməz bu qədər arıqlaya. Müsahibəni oxudum. Deyirdi
ki, “facebook”da dostluq yollayırlar, sonra axmaqlıq edirlər. Həmin an mən də
“facebook”da qeydiyyatdan keçdim və Emmaya dostluq yolladım. Mesaj yazdım,
əhvali-ruhiyyəsini qaldırmaq istədim. Yazdım ki, “elə adamlara fikir verməyin,
hər cür adamlar var. Şəklinizi görəndə siz olduğunuza inanmadım. Çox
dəyişmisiniz”. Üstündən iki həftə keçmişdi. Gördüm cavab gəldi. Təşəkkür
edirdi. Yenə bir mesaj yazdım. 3 gündən sonra cavab gəldi. Yenə yazdım və həmin
dəqiqə cavab verdi. Beləcə, danışmağa başladıq. Nə işlə məşğul olduğumla
maraqlandı. Kulinar olduğumu dedim. O da yeməkləri çox sevdiyini dedi, əsas da
“stake”i. Mən də onu “stake” yeməyə dəvət etdim. Üstündən 2 ay keçdi. Bir də
baxdım ki, Amerikadadır. 2 aydan sonra qayıtdı. Mən də ona yazdım,
“stake”qonaqlığını yadına saldım. Soruşdu ki, kiminlə gəlim? Cavab verdim ki,
mənimlə. Razılaşdı. Görüşdük. İlk dəfə bir-birimizə baxanda hiss etdik ki, nəsə
var. Əvvəlcə dost kimi danışıb, görüşürdük. Sonra sevgi yarandı”.

Source link